Prezident: “Biz yeni texnologiyalara, innovasiya layihələrinə sərmayə qoyuruq”

12-01-2015 / 16:31

“Keçən il ikinci peykimiz orbitə buraxıldı. Bu da çox gözəl hadisədir. Bu da nəhəng layihələr arasında özünəməxsus yer tutan bir layihədir. Artıq bizim iki peykimiz var. Biri telekommunikasiya peyki, ikincisi Yer səthini müşahidə edən peyk. Bunun çox böyük əhəmiyyəti var”.

Xeberler.az-ın məlumatına görə, bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı deyib.

İlham Əliyev vurğulayıb ki, Azərbaycanda kosmik sənayenin inkişafı sürətlə gedir: “Biz yeni texnologiyalara, innovasiya layihələrinə sərmayə qoyuruq və bu layihələr həm elmin inkişafına xidmət göstərir, idarəetmə məsələlərini təkmilləşdirir, eyni zamanda, cəmiyyətdə hələ də mövcud olan xoşagəlməz halların qarşısını alır”.

Prezident çıxışında “ASAN xidmət” mərkəzlərinin açılmasından da danışıb: “Artıq 7 mərkəz fəaliyyət göstərir, iki il ərzində 3 milyon 500 min müraciət olmuşdur və orada göstərilən xidmətlərin sayı artır, keyfiyyəti yüksək səviyyədədir, cəmiyyət tərəfindən çox müsbət qarşılanır. Korrupsiya və rüşvətxorluğa qarşı son illər ərzində aparılan institusional islahatlar içərisində “ASAN xidmət” əlbəttə ki, ön plandadır. İndi bizim təcrübəmiz başqa ölkələrdə də öyrənilir. On yeni avtobus alınmışdır, səyyar xidmət daha da böyük coğrafi məkanda təmin ediləcəkdir. Beləliklə, bu xidmət həm yenilik, həm rahatlıq gətirib, həm də korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə çox ciddi dönüş yaradıbdır. Həm praktiki nöqteyi-nəzərdən, eyni zamanda, cəmiyyətdə bu bəlanın aradan qaldırılması üçün indi daha da böyük imkanlar var, daha da çox insan bu məsələlərə nikbinliklə yanaşır”.

İlham Əliyev onu da qeyd edib ki, Azərbaycanda bütün sahələrdə işlər ən yüksək səviyyədə təmin ediləcək: “Sosial siyasətdə, iqtisadi inkişafda, idarəetmədə xoşagəlməz halların aradan qaldırılması, əlbəttə ki, bütün bu gözəl mənzərəni tamamlayacaq və bu istiqamətdə işlər məqsədyönlü şəkildə aparılır. Bizim çox güclü siyasi iradəmiz var, təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir və niyyətlərimiz artıq real işlərdə özünü göstərir”.



ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə