Məlum olduğu kimi, hər iki ildən bir Birləşmiş Millətlər Təşkilatı tərəfindən dünya ölkələrində elektron hökumətin inkişaf səviyyəsini müəyyən edən sorğu keçirilir.
"Elektron Hökumət Sorğusu" adlı bu araşdırmada əsas 2 göstərici, "Elektron hökumətin İnkişafı İndeksi" (E-Government Development Index-EGDİ) və "Elektron İştirak İndeksi" (E-Participation Index -EPİ) üzrə qiymətləndirmə aparılır.
Bir müddət əvvəl bildirdiyimiz kimi, sorğunun nəticələrinə görə 2016-cı ildə Azərbaycan 2014-cü illə müqayisədə dünyanın 193 ölkəsi arasında EGDİ üzrə 12 pillə irəlilərəyək 56-cı yeri, EPİ üzrə isə 30 pillə irəliləyərək 47-ci yeri tutub.
Xeberler.az olaraq bu barədə və ASAN Xidmət-in yeni yaraldılacaq digər innovativ xidmətləri ilə bağlı daha ətraflı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov ilə söhbət etdik:
-Ceyhun bəy, ümumiyyətlə, Birləşmiş Millətlər Təşkilatının “Elektron Hökumət Sorğusu” nədir? Bu sorğuda iştirak bizə nə qazandırır?
-“Elektron Hökumət Sorğusu” (E-Government Survey) əsas iqtisadi və sosial xidmətlərin insanlara çatdırılmasında elektron hökumətin effektivliyini ölçməyə hesablanıb. Sorğu müxtəlif ölkələrdə e-hökumət və İKT sahəsindəki güclü və zəif tərəflərin müəyyənləşdirilməsi və ən üstün təcrübənin qarşılıqlı şəkildə mübadiləsində mühüm rol oynayır. BMT üzvü olan 193 ölkəni əhatə edən bu Sorğu 2001-ci ildən etibarən hər 2 ildən bir keçirilir. Sorğunun nəticələri barədə hazırlanan hesabat BMT-yə üzv ölkələrdə elektron hökumətin inkişafı səviyyəsini qiymətləndirən ən nüfuzlu beynəlxalq sənəddir.
-Qiymətləndirmə necə aparılır?
-Qiymətləndirmə əsasən 2 indeks üzrə aparılır.Bunlardan birincisi “Elektron Hökumətin İnkişafı İndeksi” , digəri isə “Elektron İştirak İndeksi”dir.
Ümumi mənada, “Elektron Hökumətin İnkişafı İndeksi” milli hökumətlərin İKT-dən istifadə etməklə dövlət xidmətlərinin təşkilinin effektivliyinin ölçülməsi üçün istifadə edilir və aşağıdakı 3 meyar əsasında hesablanır:
“Onlayn Xidmət İndeksi”
“Telekommunikasiya İnfrastrukturu İndeksi”
“İnsan Kapitalı İndeksi”
“Elektron İştirak İndeksi” üç-səviyyəli model əsasında elektron iştirak səviyyəsini qiymətləndirir. Sorğu aşağıdakı meyarlar üzrə milli hökumət portallarında e-iştirak alətlərinin mövcudluğunu qiymətləndirir:
E-informasiya – internet vasitəsilə informasiya təminatı;
E-məsləhət – ictimaiyyət ilə məsləhətləşmələrin onlayn təşkili;
E-qərar qəbul etmə - vətəndaşların qərar qəbul etmə prosesinə birbaşa cəlb edilməsi.
-Azərbaycanın bu ilki hesabatda mövqeyi necə? Bunu qənaətbəxş hesab etmək olar?
-Qeyd edildiyi kimi sorğu əsasən ekspertlər tərəfindən keçirilir. Lakin əvvəlki qiymətləndirmələr zamanı təəssüf ki, BMT tərəfindən Azərbaycanda xidmətləri təşkil edən qurumların sorğuda iştirakı aşağı səviyyədə təmin edilməyib. Bu da bəzi hallarda nəticələrin qeyri-dəqiq olmasına gətirib çıxarıb. 2014-cü ilin Hesabatı analiz edildikdən sonra, 2015-ci ilin fevral ayında Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorka səfər etmiş, BMT nümayəndələri ilə “Elektron Hökumət Sorğusu” ilə bağlı qeyd olunan məsələləri müzakirə edib.Sonrakı aylarda BMT Katibliyi ilə təmaslar davam etdirilmiş və 2015-ci ilin 2-ci yarısında BMT tərəfindən ölkədə elektron hökumətin vəziyyəti ilə bağlı sorğu vərəqəsi Dövlət Agentliyinə göndərilib. Dövlət Agentliyində sorğu vərəqəsinin ətraflı doldurulması təmin edilmiş və BMT Katibliyinə təqdim edilib. Sorğuda Agentliyin iştirakı BMT mütəxəssislərinin respublikamızda elektron hökumətin vəziyyəti və görülən işlər ilə bağlı daha dərindən məlumatlanmasına şərait yaradıb.
Yuxarıda qeyd edilən 2 meyar üzrə Azərbaycanın mövqeyini qısaca izah etsək:
-Sorğunun nəticələrinə əsasən Azərbaycan “Elektron Hökumətin İnkişafı İndeksi” üzrə 2016-cı ildə 2014-cü illə müqayisədə dünyanın 193 ölkəsi arasında 12 pillə irəliləyərək 56-cı yerdə qərar tutub.
Regional sıralamaya əsasən Azərbaycan Asiya regionu üzrə 11-ci, MDB ölkələri üzrə sıralamada Qazağıstan, Rusiya və Belarusdan sonra 4-cü yerdədir.
Azərbaycan “Elektron İştirak İndeksi”üzrə 0.6780 balla qiymətləndirilməklə 193 ölkə arasında 47-ci yerdə qərar tutub.
Eyni indeks üzrə Azərbaycan 2014-cü ildə 77-ci yer ilə kifayətlənib ki, bu da 30 pillə irəliləmə deməkdir. BMT-nin təqdim etdiyi hesabatda Azərbaycanın adı “Elektron İştirak İndeksi” üzrə ən yaxşı göstəriciyə malik olan ilk 50 ölkə arasında yer alır. MDB ölkələri sırasında Azərbaycan yalnız Rusiya Federasiyası və Ukraynadan geridə qalır. Qərbi Asiya regionunda Azərbaycan əvvəlki Sorğunun nəticələri ilə müqayisədə ən çox irəliləmiş ölkədir.
-Hesabatda Azərbaycanın mövqeyinin irəliləməsi bu sahədə əhəmiyyətli inkişaf olmasından xəbər verir. Bunun səbəbini necə izah edə bilərsiniz?
-BMT Sorğusunda təqdim edilən “Elektron Hökumətin İnkişafı İndeksi” üzrə Azərbaycanın əldə etdiyi nəticə əsasən onlayn xidmətlərin inkişafı hesabına mümkün olub. Digər bir indeks – “Elektron İştirak İndeksi” üzrə isə irəliləmədə “e-informasiya” və “e-məsləhət“ alt meyarları üzrə əldə edilmiş nəticələr diqqəti cəlb edir.
Bu məsələni Dövlət Agentliyinin prizmasından izah etmək istəyirəm. Qeyd edilməlidir ki, əvvəllər də müxtəlif qurumlar tərəfindən e-xidmətlərin təşkili, vətəndaşların məlumatlandırılması və qərar qəbuletmədə iştirakı müəyyən mənada təmin edilirdi. Lakin əksər hallarda bu proseslər kor-təbii və beynəlxalq standartlar nəzərə alınmadan həyata keçirilirdi.
Bir məsələyə diqqət çəkmək istəyirəm ki, Dövlət Agentliyi tərəfindən 2013-cü ilədən etibarən hər il ölkənin mərkəzi icra hakimiyyəti orqanları tərəfindən göstərilən elektron xidmətlərin qiymətləndirilməsi həyata keçirilir. 2013-cü ildə 40 qurum tərəfindən göstərilən 305, 2014-cü ildə 41 qurum tərəfindən göstərilən 341, 2015-ci ildə isə 39 dövlət qurumu tərəfindən göstərilən 354 elektron xidmət tərəfimizdən qiymətləndirilib.
Qeyd edim ki, qiymətləndirmə Dövlət Agentliyi tərəfindən hazırlanmış qaydalara əsasən həyata keçirilir. Qaydalarının hazırlanmasına müxtəlif qurumlar, icitmaiyyətin nümayəndələri və ekspertlər cəlb edilib. Hər il təkmilləşdirilən bu qaydalar Avropa İttifaqı, BMT-nın tövsiyələri və beynəlxalq təcrübə nəzərə alınaraq hazırlanıb.
BMT-nin sorğusu və qiymətləndirmə meyarları arasında sıx əlaqəlilik aydın sezilir. Məsələn, hesabatda bildirilir ki, “Onlayn Xidmət İndeksi” üzrə qiymətləndirmə zamanı xidmətlər və imkanlar barədə məlumatların internet saytlarında “gizlədilmiş” formada deyil, rahat tapılan və əlçatan olmasına diqqət yetirilir. BMT ekspertləri tərəfindən diqqət edilən əsas məqamlardan biri də məhz məlumatların intuitiv və sürətli əldə edilməsi, istifadəyə rahat olması və asanlıqla tapıla bilməsidir.
Qeyd edim ki, 3 il ərzində Dövlət Agentliyi tərəfindən keçirilən qiymətləndirmələrin nəticəsi olaraq, xidmətlərin elektronlaşma səviyyəsi inteqrasiya və əlaqəlilik səviyyəsi, istifadə rahatlığı səviyyəsi yüksəlmiş, istifadəçilərin xidmətlərlə bağlı məlumatlandırması daha dolğun təşkil edilmiş, müxtəlif qurumların ən yaxşı təcrübələri digər qurumlarla mübadilə edilibş
-BMT -nin növbəti hesabatları ilə bağlı proqnozlarınız necədir?
-Qeyd edim ki, ölkə rəhbərliyinin tapşırığı və bilavasitə qayğısı sayəsində bu sahə sürətlə inkişaf edir. Cənab Prezidentin verdiyi fərmanlara uyğun olaraq son illərdə bir sıra əhəmiyyətli sistemlər yaradılıb.
Bunlardan, inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların elektron qaydada göndərilməsinin və ödənilməli olan vəsaitlərin elektron qaydada ödənilməsinin təmin edən ASAN ödəniş sistemini qeyd edə bilərik. Eyni zamanda qeyd edim ki, ASAN ödəniş sistemində yeni inteqrasiya modulu yaradılıb ki, bu da elektron sistemi olmayan qurumların mərkəzləşmiş qaydada sistemə qoşulmasını və inzibati xəta ilə bağlı qərarların bu sistem üzərindən formalaşdırılmasını təmin edəcək.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanına əsasən yaradılmış “Dövlət Xidmətləri Reyestri” bütün dövlət xidmətlərinin vahid məkanda toplanması və optimallaşdırılmasına xidmət edir. Bu reyestr əsasında “ASAN xidmət” indeksinin tətbiqi nəzərdə tutulur ki, bu isə xidmətlərin standartlaşdırılması və səmərəli təşkilinə nail olunması sahəsində növbəti mərhələ olacaq. Qeyd edim ki, hazırda dövlət xidmətlərinin “ASAN xidmət” indeksi əsasında qiymətləndirilməsi mexanizmi hazırlanır.
Belə misalar çoxdur, lakin son olaraq ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq yaradılması nəzərdə tutulan “ASAN Viza” sistemini qeyd etmək istəyirəm. Bu sistem bilavasitə əcnəbilərin işini rahatlaşdırdığı üçün ölkəmizə səfər edəcək bütün şəxslərdə elektronlaşma sahəsində respublikada olan inkişafla bağlı təəssürat yaradacaq. Bu səbəbdən də Dövlət Agentliyi aidiyyəti qurumlarla yanaşı bu sistemin ən yüksək səviyyədə qurulması məqsədilə işləri davam etdirir.
Sonda qeyd etmək istərdim ki, yuxarıda adları çəkilən sistemlərin inkişafı və cənab prezidentin tapşırıqlarında elektronlaşma ilə bağlı qeyd olunan məsələlər öz həllini taparsa gələcək illərdə hazırlanmış hesabatlarda ölkəmizin daha yüksək nəticələr əldə edəcəyi şübhəsizdir.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri