“Kiber Təhsil Konfransı” keçirilib

27-08-2025 / 21:53

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən icra olunan “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris vəsaitlərinin hazırlanması” layihəsi çərçivəsində yekun hesabat xarakterli “Kiber Təhsil Konfransı” baş tutub. 

Xeberler.az bildirir ki, Bakı Ali Neft Məktəbində keçirilən konfransda layihə çərçivəsində hazırlanmış tədris vəsaitlərinin akademiya və biznes icmasına təqdimatı reallaşdırılıb. Konfransın əsas məqsədi kibertəhlükəsizlik ixtisasının aktual məsələlərini müzakirə etmək və gələcək perspektivləri barədə fikir mübadiləsi aparmaq olub. Müzakirələrdə universitet nümayəndələri ilə yanaşı dövlət və özəl qurumların məsul nümayəndələri maraqlı fikirlər səsləndiriblər. 

Konfransı giriş sözü ilə AKTA-nın icraçı direktoru Rauf Cabarov açıb. Daha sonra Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov kibertəhlükəsizlik ixtisası barədə fikirlərini səsləndirib. AKTA-nın eksperti və layihə rəhbəri olan Təbriz Cəfərov layihə çərçivəsində görülmüş işlər barədə məruzə ilə çıxış edib.  

Konfransın panel çıxışlarında iki maraqlı mövzu haqqında müzakirələr aparılıb. Paneldə iştirak edən Milli Kibertəhlükəsizlik Mərkəzinin məsul nümayəndəsi Elvin Balacanov, Azərbaycan Mühəndislər Universitetinin dekanı Vaqif Qasımov və Azərbaycan Texniki Universitetinin kafedra müdiri Yadigar İmamverdiyev informasiya təhlükəsizliyi ixtisasının gələcək perspektivləri barədə məruzələr ilə çıxış edib, auditoriyanın suallarını cavablandırıblar. Sonuncu paneldə günümüzün aktual mövzusu olan süni intellekt və kibertəhülkəsizlik məsələləri müzakirə edilib. Panel iştirakçıları olan Megasec şirkətinin nümayəndəsi Arzu Rəhimli, AKTA eksperti, Alas akademiyasının təsisçisi Elşad Yusifli və süni intellekt eksperti, ProximaTech şirkətinin mühəndisi Qasım Vəliyev gələcəyin süni intellektə əsaslanan işçi qüvvəsinin hazırlanması və ümumiyyətlə  süni intellektin texnologiyaların inkişafına təsirini öz müzakirələrində təhlil etməyə çalışıblar. 

Qeyd edək ki, “Kiber Təhsil Konfransı” Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən 2024-cü ildə elan edilmiş “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris vəsaitlərinin hazırlanması” layihəsi çərçivəsində həyata keçirilib. Layihə universitetlərdə “informasiya təhlükəsizliyi” ixtisasının tədris kontentinin inkişafına yönəlib. AKTA-nın son illərdə həyata keçirdiyi ardıcıl layihələr sayəsində qeyd olunan ixtisas üzrə artıq 6 tədris vəsaiti hazırlanıb və akademik ictimaiətə təqdim olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə