“Ay qonşu, internetdən çıx, sənə zəng edirəm”-Rabitə tariximiz

24-11-2016 / 12:16

Azərbaycanda rabitənin tarixi çox qədimdir.Dövlət səviyyəsində poçtun əsası 1501-ci ildə Səfəvilər dövlətində qoyulub. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci yarısından başlayır. 1881-ci il yanvar ayında “Nobel qardaşları cəmiyyəti” telefon çəkilişi edib. Həmin ildə Azərbaycanda uzunluğu 6 km olan ilk telefon xətti istismara verilib.Bakıda mərkəzləşmiş kommutasiyalı telefon şəbəkəsinin 40 telefon istifadəçisi olub.

Göründüyü kimi, Azərbaycanın qədimdən indiyə rabitə tarixi haqda çoxsaylı xronoloji ardıcıllıq sadalamaq olar. Lakin Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə düşür.

Düşündük ki, Azərbaycanda rabitə, internet, televiziya, radio sisteminin inkişaf mərhələləri ilə bağlı bu işə öz töhfəsini vermiş canlı tarixi şəxslərlə danışmaq, onların ilk vaxtlar rabitə sistemini yaradıb, cəmiyyətə təqdim etmək istiqamətindəki təcrübələri oxucularımızı çatdırmaq daha faydalı olardı. Azərbaycanın rabitə sisteminin inkişafına əlindən gələn yarıdımı əsirgəməyən, çətin tarixi dövrlərdə belə bəzi riskləri nəzər alaraq bu işlərin öhdəsindən gəlməyi bacaran “tarixi canlı rabitə əfsanələri” ilə söhbət etdik.

 

1987- 2001-ci illərdə Azərbaycan Hesablama Texnikası və İnformatika İstehsalat Birliyinin Baş direktoru olmu Arif Məmmədzadə ilə söhbətləşdik. Söhbət zamanı öyrənirik ki, o vaxtlar institutlarda güclü proqramlaşdırma, texniki vasitələrlə işləməyi tədris edənkurslar var imiş. Arif Məmmədzadəgil 1973-cü ildə 1-ci Vahid Sistemli  EHM maşınlarını Bakıda istifadəyə verir. Bunun üçün də proqramçıları da xüsusi kurslarda hazırlayırmışlar.Texniki avadanlıqları- kompüterləri, Birliyin texniki avadanlıqları üçün investisiyanı Moskva təşkil edirmiş:“Kompüterləri daha da populyarlaşdırmaq məqsədi ilə Bakıda iki Informasiya Mərkəzi yaratdıq.  Bu mərkəzləri həmin vaxt üçün ən müasir texniki  avadanlıqlarla təchiz etdik. Ehtiyac olduqca kompüterləri vaqonlarda Bakıya daşınırdı".

Onlar 1990-cı illərdə Moskvadan birbaşa İnternet xətti gətiriblər. Onlar Azərbaycanda ilk simsiz İnternet kanalını da Sumqayıtda yaradıb. Naxçıvan şəhərinin mərkəzində Kompüter Mərkəzi üçün 200 kvadrat metr sahə ayrılıb. Peyk vasitəsi ilə Naxçıvanda  da İnternetdən istifadəsini təmin ediblər.

Növbəti müsahibimiz sabiq rabitə naziri Siruz Abasbəylidir.

Siruz Abasbəyli 1992-1997-ci illərdə Rabitə naziri vəzifəsində çalışıb. Siruz Abbasbəyli deyir ki, həmin dövrdə texniki avadanlıqları hər yerdə  tapmaq mümkün deyildi, özləri radio quraşdırırmış. 1984-cü ildə İran televizyası bizim cənub rayonlarında çox intensiv yayımlanırmış:” İran tərəfi bizimlə  həmsərhəd  ərazilərdə çox güclü televizya ötürücüləri quraşdırmışdı.Lakin bizim tərəfdən bu narazılığa səbəb oldu. Biz SSRİ  nümayəndə heyəti ilə İrana getdik. İki günlük gərgin müzakirədən sonra İran televizya ötürücüsünün gücünü beş dəfədən artıq azaltmağa məcbur oldu”.

Televiziya qülləsinin təməli də nazir Rəsulbəyovun zamanında qoyulub: ”Çətinliklə  Moskvadan yeni teleqüllənin tikilməsi üçün icazə və pul vəsaiti ala bilmişdi.Tikinti işləri 1992-1996-cı illərdə başa çatırılıb. Heydər Əliyev Teleqüllənin açılışında iştirak edib.1990-1991-ci illərdə Azərbaycanda yeni tipli ilk rəqəmsal ATS tikildi. Bu ATS 200 nömrədən ibarət idi və Türksat peyki vasitəsi ilə Ankara üzərindən bütün dünyaya çıxışı təmin edirdi.Bundan sonra fiber optik kabellərin çəkilişi və  Beynəlxalq Telefon  Stansiyasının tikintisi başa çatırılıb, istismara verilib”.

Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanla Amerika arasında ilk peyk rabitəsini yaradıblar.İlk peyk rabitəsi əlaqələri Türkiyənin Turksat peyki vasitəsi ilə yaradıldı. Türkiyəli nazir Yaşar Topçunun köməkliyi ilə bizə bir antena hədiyyə edilib və bununla da 60 kanal ilə Türkiyə üzərindən dünyaya çıxa bilmişk.  1992-ci ildə il Aztelekom-un həyətində ilk dəfə  Turksat-la əlaqə üçün peyk antenası quraşdırılıb.

Siruz Abbasbəyli deyir ki, vəzifəyə gəldiyi ilk günlərdə  Naxçıvan Ali Məclisinin  sədri Heydər Əliyevə “VÇ” telefonu ilə zəng edib. Ondan dayanıqlı rabitə yaratmağı  tələb edib. O da Naxçıvandan İrana gedib. İran tərəfi  bunun qarşılığında bizdən mazut  istəyib.  Biz İran Astarasına mazut, onlar da bizə rabitə xətti. 1992-ci ildə Rabitə Nazirliyinə NETAŞ və TELETAŞ şirkətlərinin nümayəndələri gəlib.

Həmin vaxtlar şəhərlərarası Beynəlxalq rabitə sistemi Moskvaya bağlı olub. Hər hansı bir xarici ölkəyə telefon açmaq üçün mütləq Moskva üzərindən sifariş vermək lazım  gəlirmiş. Siruz müəllim deyir ki, türklərin gəlişi bizim rabitə sistemində böyük dönüş yaradıb. Aztelekom-un binasında peyk rabitə sistemi quraşdırılır və biz bu peykə qoşularaq bütün dünya ilə ilk müstəqil beynəlxalq rabitəmizi yaradırıq. Həmin vaxtlar rəqəmsal telefon xidməti yaratmaq baha başa gəlirdi. Bunun üçün vəsait lazım idi. Ona görə də onlar Türkiyənin köməyi ilə ilk  dəfə 1992-ci ildə  93-98 ATS stansiyanı elektronlaşdırıb,fiber optik kabel xətti çəkilb və televizya Qülləsini istifadəyə verilib.

Növbəti müsahibimiz 1990-cı illərdə ölkəmizdə  ilk dəfə kommersiya məqsədi ilə internetdən və elektron poçt sistemindən istifadəni təşkil edən Faiq Fərmanovdur. Faiq Fərmanov internetin kommersiya məqsədi ilə ölkəyə gətirilməsini təmin edib:“Həmin vaxtlar Elmlər Akademiyasında İKT ilə bağlı təcrübələr keçib, testlər aparırdıq. Kompüterlər arasında şəbəkə yaratmağa çalışırdıq. GPS və müxtəlif texnologiyalarla işləyirdik.Azərbaycanda ilk elektron bağlantını Moskva ilə Elmlər Akademiyası arasında yaratdıq. İlk vaxtlar sürət o qədər də yüksək deyildi. İlk optik şəbəkəni biz yaratdıq. Modemlər böyük, kompüterlər isə çox baha idi.Azərbaycan nümayəndəliklərinə şəxsən gedib elektron poçtu özüm quraşdırırdım”.

1995-ci ildən internetdən, elektron poçt ünvanından kommersiya üçün istifadə edən ilk şirkət İntrans olub:“Şirkətdə böyük şəbəkə yaratmışdıq. Həmin dövrə qədər yalnız elektron poçt xidməti var idi. İntrans olaraq Nuru Əhmədovdan internet xətti almışıq. Onlar da peyk antenası üzərindən internet əldə edir. İlk vaxtlar 2-3 müştəri ilə fəaliyyətə başladıq. Təsəvvür edin ki, o zaman "@" işarəsini onlara başa sala bilmirdik ki, bu nə üçün qeyd edilməlidir?. Həmin vaxtlar ölkədə kompüterlər barmaqla sayılacaq qədər az idi. Rabitə Nazirliyinin heç kompüteri yox idi (gülür). Biz şərtləri belə qoymuşduq ki, hər göndərilən və qəbul edilən kilobayta görə 10 dollar ödəniş olmalı idi.İlk vaxtlar müştərimiz az olsa da, bazarda heç bir rəqibimiz yox idi. Çünki bu işlə məşğul olan şirkət yox idi. Ən maraqlısı isə bəzən kiməsə səhvən məlumat göndərilirdi və maili açırdı. Bu zaman həmin şəxs 10 dollar ödəməli olurdu.SSRİ-nin vaxtında heç bir dövlətin öz domeni yox idi. SSRİ dağıldıqdan sonra 1993-cü il avqustun 25-də İntrans şirkəti olaraq  .az domeni qeydiyyatdan keçirdik”.

Digər müsahibimiz Azərbaycanda İKT sahəsinin, infromasiya cəmiyyətinin inkişafına mühüm töhfələr verən Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüzdür:”Yadıma gəlir ki,1990-cı illərin əvvələrində  286-386 prosedorlu kompüterlərin qiyməti 3- 5 mindən başlayırdı. O kompüterlərin də icra edə bildiyi əməliyyatlar çox məhdud idi. İndiki qədər faydalı imkanları, faydalı proqramlar yox idi. Bəsit fromada oyunlar vardı. İlk dövrlərdə internet bizim indi istifadə etdiyimiz internet deyildi. Onunla yalnız mail göndərə və ala bilərdiniz”.

Ekspert həmin vaxtlar insanların internetə münasibətindən də danışıb:“O dövrdə internetdən, kompüterdən istifadə insanlara çətin gəlirdi. Sürətli interneti olanları  küçədə , dost-tanış arasında işarə ilə göstərirdilər Həm də o vaxt internet çox baha idi. O dövrdə İnternet DialUp texnologiya ilə, yəni telefon xətti üzərindən idi. Yəni, telefonla provaydrerin bəlli bir nömrəsinə zəng edirdiniz, sonra siz internətə qoşulurdunuz. Modem nömrələri az olan provayderlərin modeminə daxil olmaq üçün aramsız olaraq zəng etməliydin. Nəhayət ki, qoşulduqdan və İnternetdən istifadə etməyə başladıqdan sonra sizin telefona zəng çatmırdı, yəni telefona gələn bir xət vardı və o xətlə internetə daxil olurdunuz. Ona görə internetdə olanda həmin telefon xətti də işləmirdi və kimsə sizə zəng edə bilmirdi. O vaxt camaat şikayət edirdi ki, qonşuya zəng edirlər, əlaqə saxlaya bilmir. Həmən qoşunun evinə adam göndərməli olurdular ki, qonşuya xəbər etsin ki, internetdən çıxsın, onunla telefonda danışmaq istəyir. Sonralar ADSL texnologiyası gəldi”.

Osman Gündüz deyir ki, o vaxtdakı DialUp internetinin qiyməti də çox baha olub. Bu internetin 1 saatı də 20 dollar idi. Bununla da ancaq mail göndərmək olurdu. Sonralar web 1.0 texnologiyaları gəlib.

Onun sözlərinə görə, Azərbaycanda internet uzun müddət baha olub. Həm də o vaxtlar yalnız bir özəl provayder- İntrans şirkəti olub. Sonralar provayderlərin sayı artıb və qiymətlər xeyli aşağı düşüb. 2008-ci ilin əvvəlinədək 1 Mb/s internetin qiyməti hədsiz baha olaraq qalıb – təxminən 1000 manat.

Azərbaycan İKT tarixində də  ilk qeyri-hökumət təşkilatını da Osman Gündüz yaradıb: “İKT sahəsində ilk qeyri-hökumət təşkilatını ( Multimedia Mərkəzini) 1997-ci ildə yaratdıq.Multimedia Mərkəzi ölkədə infromasiya cəmiyyətinin fromalaşmasında müstəsna rol oynayıb.Multimedia Mərkəzi olaraq ilk dəfə “Azərbaycan panoramı” multimedia vəsaitini hazırlamışıq. Bu Azərbaycanda sözün həqiq mənasında multimedianın tarixinin başlanğıcı idi. Burada ilk dəfə olaraq kompüterdə milli multimedia məhsulu -  informasiya sistemini yaratdıq. Həmin vəsaiti yaymaq üçün 2 min dollar verib CD writer (disk yazan) almışdıq. Yazma sürəti də cəmi 4x idi. Bir-bir disk yazıb, satırdıq. İndi həmən disk yazan  20-30 manatdır. Yeri gəlmişkən həmin 2000 $-lıq CD-Writer hələ də məndə durur”.

Osman Gündüz deyir ki, 2000-ci ildə Azərbaycanda ilk dəfə internətə senzura tələb edilir:“Həmən vaxtlarda rabitə naziri Nadir Əhmədov idi. O, internetə senzura tətbiq edilməsi haqda əmr vermişdi. Belə ki, onun əmrinə əsasəm kim telefon xəttindən istifadə edib, internetə daxil olurdusa, 3 cür ödəniş etməli idi- telefonun aylıq abunə haqqı, internetin pulu və siz o xətdən internet üçün istifadə etdiyinizə görə də, ödəniş etməli idiniz. Biz bu məsələ ilə bağlı məhkəməyə müraciət etdik. İnternet tariximidə belə böyük məhkəmə olmamışdı. 26 hakim bu işə baxdı, məhkəmə prosesi 2 il uzandı. Ali Məhkəmə Rabitə Nazirliyinin tərəfini saxladı. Bəzi məhkəmələrdə biz qalib gəlirdik. Amma Nazirlik yuxarı məhkəməyə müraciət etdi. Elə biz hazırlaşırdıq ki, Avropa Məhkəməsinə müraciət edək, İlham Əliyev prezident seçildi və Əli Abbasovu nazir təyin etdi. Əli Abbasov nazir olan kimi həmin qərarı ləğv olundu. İlham Əliyev prezident seçildikdən sonra informasiyalı cəmiyyətə keçid sürətləndi. Sözün həqiq mənasında artıq İKT sahəsinə kabel kimi, rabitə kimi yox, artıq informasiya texnologiyaları olaraq yanaşma ortaya qoyuldu”.

Osman Gündüz Azərbaycan İnternetinin həmin çətin dövrlərində Azərbaycan İnternet Forumun yaranmasını da mühüm hadisə olaraq qeyd edib. Azərbaycanda İT biznesin, startap hərəkatının da fromalaşması , kütləviliyin təmin edilməsinin təməlini də Azərbaycan İnternet Forumu qoyub. Belə ki, 2012-ci ildə startap-İnternet Biznesinə dəstək vermək üçün AİF tərəfindən Startap Azərbaycan platforması formalaşdırılır. Bu da yeni biznes ideyaların, startapların meydana gəlməsində, yeni ekosistem qurumlarının formalaşmasında böyük rol oynayıb.

Göründüyü kimi, Azərbaycanın İKT sahəsi çox çətin və kifayət qədər maraqlı bir yol keçib. Bu sahədə mütəxəssislər, rabitəçilər sözün əsl mənasında can, böyük əmək qoyub. Məhz bunun nəticəsidir ki, bu günə olan məlumata görə,  Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı qlobal reytinqinde 55-ci yer tutur. Bu ölkədə əhalinin 75 faizdən çoxu internet istifadəçisidir. Bakı şəhəri və bölgələr də daxil olmaqla əksər yerlər sürətli- fibet-optik kabellərlə təmin edilib.

Elektron hökumət quruculuğunda Azərbaycanın siması ASAN xidmət modeli dünyada örnək kimi göstərilir. “Asan İmza” demək olar ki, dünyanı qarış-qarış gəzir. RYTN-in elektron imza-ları dünyada ən təhlükəsiz e-imza kimi qeyd edilir.

 

Azərbaycan startapçıları yeni ixtiralar edir, Azərbaycanı dünyanı o başında -Amerikada məşhur yarışlarda təmsil edir. Azərbaycanın peyklərinin xidmətlərindən ( Azerspace, Azerspace-1, Azersky) yerli bazarla yanaşı, xaricilər də istifadə edir və bu da ölkə rabitəsinə xeyli əlavə gəlir qazandırır.

Azerspace-1 peyki dünyanın peyk sistemləri arasında öz yerini tutub. Hazırda onun resurslarından bir çox ölkələr istifadə edir və onların sayı daim artır.Və daha bir peykimiz-Azerspace-2 telekommunikasiya peykinin tikintisi üzrə işlər aparılır. Bu peykin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.

Prezidentin son dövrlərdəki qeyri-neft sektorunun inkişafı ilə bağlı çıxışları, tapşırıqları bu sahənin inkişafına yeni təkan verir.Ölkədə elektron xidmətlərin sayı artır.Təsadüfi deyil ki, 6 gündən sonra Bakıda 22-ci Beynəlxalq İKT sərgisi- Bakutel 2016 sərgi-konfransı başlayacaq. Burada 220-dən yerli və xarici tanınmış şirkətlər iştirak edəcək. Google, Dell kimi şirkətlər Bakıda keçirlən İKT sərgisinə maraq göstərir. Sərgidə yerli şirkətlərimiz tərəfindən ən son texnologiyalar təqdim ediləcək(“Google art project” layihələri Ş HTC Vive ilə virtual reallıqla səhayət etmək, 360 dərəcə videolar və. s).

Son olaraq Azərbaycanda bu sahədə müşahidə olunan probemlərlə bağlı qısa fikrlərimizi də bölüşmək istərdik.Hesab edirik ki, hazırda İKT sahəsində müşahidə olunan problem ilk növbədə bu sahənin hələ də kütləviləşməməsidir.

Düşünürük ki, bu sahə əhali arasında populyarlaşmalıdır. Bu istiqamətdəki tendensiyanın aşağı olduğunumüşahidə edirik. Belə desək, görünür, bu sahəyə maya qoyub inkişaf etdirmişik, amma faydalananlar, kütləvi sürətdə bundan istifadə edənlərin sayı kifayət deyil.Yəni, gözəl bir texnoloji, milli məhsul, sistem var, amma bundan az adam istifadə edib, faydalanır. Azərbaycanda İKT –nin tam kütləvilməşməsi hələ başa çatmayıb.

Əslində, indiki məqamda daha çox İKT-dən, internetdən faydalanıb, pul qazanmaq lazımdır. Bütün sahələr də bundan fayda götürməlidir. Biz İKT-nin faydalıllıq əmsalını da qaldırmalıyıq. Hesab edirik ki,hazırda İKT-nin faydalılıq tərəfləri də yetərli deyil. Biz hələ də İKT sahəsində biznes mühitini qurub bitirməmişik. Yəni, internet və texnologiyanın üzərində biznes hələ də gecikir. Mövcud vəziyyəti tam da yaxşı hesab etmək olmaz. Xarici ölkələrin təcrübəsinə baxsaq, görərik ki, burada dövriyyə milyardlardır. İKT-dən, elektron ticarətdən əldə edilən dövriyyə dünyada milyardla ölçülür, biz hələ milyondayıq. Belə ki, Qazaxıstanda e-ticarət döviyyəsi 1 milyard olduğu halda Azərbaycanda 10-15 milyondur. Ümid edirik ki, son dövrlərdə prezidentin də vurğuladığı kimi, qeyri-neft sektoru iqtisadiyyatın gəlir gətirən əsas hissəsinə çevriləcək.

 Məltəm Talıbzadə

Yazı “Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi- informasiya cəmiyyətinə keçid” mövzusunda keçirilən müsabiqəyə təqdim olunur

 

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.