Son günlər Azərbaycanın mobil rabitə bazarında mühüm hadisələr qeydə alınıb. Bu, özünü istər mobil internet bazarına IV mobil operatorun daxil olması, son günlər bir sıra mobil tətbiqlərin fəaliyyətində rast gəlinən problemlər (WhatsApp, Skype), mobil operatorların iş prinsipləri, ölkədə internetdən problemli istifadə, zəif internet şəbəkəsi və s. kimi məsələlərdə büruzə verib.
Xeberler.az olaraq ölkədə mövcud mobil rabitə vəziyyəti haqqında biznesin inkişafı üzrə ekspert Fərid Kazımovla söhbətləşdik.
Fərid Kazımovla müsahibəni təqdim edirik:
- Fərid bəy, Azərbaycanda son zamanlar İKT sektorunda ən çox müzakirə olunan məsələ IV mobil operator mövzusudur. Sizcə, Delta Telecom-un mobil xidmətlər bazarına çıxışı biznes nöqteyi-nəzərdən məntiqlidirmi?
-Mobil rabitə bazarı dünyada son illər çox emosiya doğuran sahələrdəndir. Bəzi ekspertlər bu xidmətlərin yaxın zamanda “ölümünü” proqnozlaşdırır. Arqument kimi də mobil operatorların gəlirlərinin aşağı düşməsini, istifadəçilərin daha çox Messenger platformalarının voice və Message imkanlarından istifadə etməsini qeyd edirlər. Hətta Telesonera kimi nəhəngin Şərq regionlarından getməsi barədə qərarı bəzilərinə “mobil rabitə bazarı tənəzzülə uğrayır” demək imkanı yaradır. Amma biznesə belə yanaşma düzgün deyil.
Məsələ ondadır ki, uzun illər mobil rabitə xidmətləri bir çoxlarına ənənəvi “baxış” aşılayıb. Yəni mobil rabitə operatorunun gəliri yalnız mobil danışıqlardan və SMS-lərdən formalaşmalıdır. Əgər bu gəlirlər azalırsa, onda operatorda problemlər var” deyə düşünülür. Amma əslində bu bazarda yaxın illərdə biznes-modellərin tam dəyişilməsi müşahidə olunur. Hesab edirəm ki, bu prosesdə yenilənməyə hazır operatorlar qalib gələcək, digərləri isə tarixə yazılacaq.
Delta Telecom-un, yaxud da digər şirkətin bazara girişi onun seçdiyi biznes-modelin uğurundan asılı olacaq. Bu şirkətin rəhbərliyi kifayət qədər təcrübəlidir və onların Azərbaycanın mobil rabitə bazarına girişi qərarı olarsa, yəqin ki, şirkət tərəfindən real biznes strategiyasına və bazarda pay əldə etmək üçün ambisiyalara uyğun olaraq müəyyən addımlar atılacaq. Şəxsən mən yeni operator mövzusuna , ələlxüsus da həmin yeni oyunçu Delta Telecom olarsa son dərəcə müsbət baxıram. Bu da sadəcə nikbin yanaşma deyil, mobil rabitədə qlobal trendlərin təhlilidir.
-Qeyd etdiyiniz kimi, mobil operatorlar yenilənməyə doğru getməlidir. Yəni onlar nə etməlidir?
- Mobil operator ənənəvi olaraq abunəçilərinə danışıq və SMS xidməti göstərir. Son illər bu qrupa internet xidməti də daxil edilib. Məndə statistik məlumatlar yoxdur, amma əminliklə deyə bilərəm ki, orta abunəçinin aylıq mobil rabitə büdcəsində internet ən azı xərclərin yarısını təşkil edir. Məsələn, mən Bakıda mobil rabitəyə xərclədiyim vəsaitlərin 80 faizi internetə sərf olunur. Həm qlobal bazarda, həm də Azərbaycanda bu tendensiya daha da artmaqdadır.
Lakin operatorların top-menecmentinin təfəkkürü hələ də “danışıq və SMS erası”nda ilişib qalıb.
Yəni, Azərbaycanda abunəçilər ən çox internetdən istifadə edirlər, nəticədə mobil rabitə xərcləri çoxalır. Faktiki olaraq onlar bu gün smartfondan mobil rabitə kimi danışmaq, sms göndərmə üçün yox, mobil smartfonda olan digər müxtəlif əlavələrdən, tətbiqlərdən yararlanmaq üçün istifadə edirlər. Problem ondadır ki, Azərbaycanda fəaliyyət göstərən 3 mobil operator ilkin fəaliyyət günlərindən başlayaraq bu sahəyə öz şəbəkələrini yaratmaq üçün avadanlıqlarına on milyonlarla xərc qoyub. Bu milyonlarla investisiyalar sırf mobil rabitənin mobil danışıq-voice texnologiyalarının yaradılmasına yönəldilib. Lakin müasir dünyada 4G internet şəbəkəsindən istifadə onların strategiyasını alt-üst edir. Çünki indi bazara daxil olan hər bir yeni operator artıq bu xərclərdən azaddır və tamamilə yeni texnologiya üzərindən şəbəkə yaradacaq. Əlbəttə, bu bahalıdır, amma gələcək üçün perspektivlidir.
Ümumiyyətlə, texnologiya aləmində müasir tendensiya ondan ibarətdir ki, artıq mobil operatorlar mobil operator kimi yox, mobil internet provayder modelinə uyğun fəaliyyət göstərirlər. Mobil rabitə bu gün bizə danışmaq imkanı təklif edir, amma telefonumuzda internet olsa danışmaqla yanaşı, digər əlverişli və daha sərfəli voice və mesaj ünsiyyət vasitələrindən- Skype, WhatsApp, Viber-dən istifadə edə bilərik. Faktiki olaraq bu gün mobil operator istifadəçiyə bir mobil voice operatoru kimi lazım deyil. Bu gün bir sıra hallarda mobil internet üzərindən istifadə edilən apps-lar vasitəsilə danışıq, ənənəvi mobil danışıqlardan daha ucuz başa gəlir. İnternetin qiyməti düşdükcə bu fərq artacaq və abunəçilər apps-larla danışıqlara daha çox üstünlük verəcək.
-Mövcud vəziyyətdə ölkənin əsas internet provayderi Delta Telecom-un mobil internet bazarına gəlməsini necə qiymətləndirirsiniz?
-Hesab edirəm ki, Delta Telecom çox mühüm bir vaxtda bazara daxil olmağa hazırlaşır. Çünki onun bazara girişi şirkətin əvvəlki texnologiyalara investisiya qoymadığı üçün daha əlverişlidir. Yəni əvvəllər mobil operatorlar avadanlığa milyonlarla pul qoyublarsa artıq həmin avadanlıqlar sabah onlara bazarda pay saxlamaq üçün az kömək edəcək. Ona görə də Delta Telecom yeni şəbəkə quracaqsa artıq o lazımsız xərcləri çəkməyəcək. Yeni texnologiyaya qoyduğu xərclər əsasında daha mütərəqqi, abunəçiyə daha çox lazım olan texnologiyalar tətbiq edəcək. Bu nöqteyi nəzərdən müəyyən mənada onun şansı böyükdür. Hətta fikirləşirəm ki, əgər o, bazarda normal qiymətlər təklif etsə əhalinin ən çox internetdən istifadə edən hissəsi ( gənclər, iş adamları) Delta Telecom-u seçəcək.
-Azərbaycanda internetin sürəti sizi qane edirmi?
-Mən dünyanın çox ölkələrində oluram, Azərbaycanda internetin sürəti lap aşağı olmasa da lap yüksək də deyil. Elə ölkələr var ki, orada internet daha yaxşıdır. Yəni bu, onu göstərir ki, hazırda mövcud mobil internetin sürət həddi Azərbaycanda müəyyən həddə çatıb və bundan artıq inkişaf edə bilmir. Baxmayaraq ki, mobil operatorlarımız müəyyən xidmətlər təklif edir ki, internet yüksəkdir falan, amma fakt odur ki, Azərbaycanda internetin sürəti 2G səviyyəsindədir.
Həm də bir məsələni də qeyd etmək istəyirəm ki, internetdə media kontentin olması sırf yüksək internet tələb edir. Düzdür, həmin kontentlərdən Wi-Fi olan zonalarda istifadə edə bilərik, amma nəzərə alsaq ki, kompüter yox, məhz telefon bizim əsas kommunikasiya alətimizdir, bu nöqteyi nəzərdən hesab edirəm ki, Azərbaycanda müəyyən mənada doğurdan da böyük tələbat yaranıb ki, biz sürətli internet istəyirik.
-Fərid bəy, son günlər WhatsApp-ın zəng funksiyasının Azərbaycanda məhdudlaşdırılması geniş müzakirələrə səbəb oldu. Araşdırmalarımızdan sonra isə məlum oldu ki, funksiyanın qadağan olunması MTN hadisələri ilə bağlı olub. Amma problem qismən bərpa olunsa da hələ də qalmaqda davam edir. Buna münasibətiniz?
Bu faktlar Azərbaycan qanunvericiliyinə uyğun araşdırılmalı və öz həllini tapmalıdır. Ölkə başçısı dəfələrlə və təmamilə haqlı bəyan edib ki, Azərbaycanda internetin istifadəsində heç bir maneələr yoxdur. Dövlət qurumları da Prezidentin bu prinsipini əsas tutaraq insanlara azad internetə və qanunvericiliklə icazə verilən internet üzərindən xidmətlərdən istifadəyə şərait yaratmalıdırlar.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri