Ekspertlər nə düşünür: sosial media lisenziyalaşdırıla bilərmi?

07-08-2015 / 17:04

Bu gün nazir Əli Abbasovun jurnalistlərə verdiyi “Skype, Facebook və WhatsApp lisenziyalaşdırılmalıdır” açıqlaması aydın səmada göy gurultusu təsirini bağışlayıb. 

Məsələnin kifayət qədər ciddi əhəmiyyət kəsb etdiyini və açıqlamanın da Nazir səviyyəsində edildiyini nəzərə alaraq Xeberler.az olaraq ekpertlərin buna münasibətini öyrənməyə çalışdıq.

Media eksperti Ələsgər Məmmədli Xəbərlər-ə bildirib ki, belə bir təklifin irəli sürülməsi heç bir beynəlxalq hüquq nöqteyi nəzərindən müzakirə oluna bilməz:

“Onsuz da istifadəçilər İnternetdən istifadə üçün müəyyən məbləğ ödəyirlər və bunun müqabilində sosial media və digər İnternet xidmətlərindən limitsiz faydalanırlar. Bu istifadə üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin lisenziyalaşdırdığı qurumlara, Delta Telekom-a, proveydərlərə müəyyən miqdarda ödəniş edilir”.

Ekspert həmçinin vurğulayıb ki, xaricdə belə bir təcrübəyə rast gəlinmir: “Onsuz da istifadəçilər istifadə etdikləri İnternet üçün, demək olar ki, 2 -3 qat artıq pul ödəməli olurlar. Ona görə də bu yanaşma düzgün hesab edilə bilməz. İnformasiya azadlığı baxımından da Facebook, WhatsApp, Skype-sosial mediaya lisenziya şərtinin gətirilməsi artıq ölkədə sensura  sisteminin tətbiqi demək olardı”, deyə o xüsusilə qeyd edib.

Ələsgər Məmmədli bu fikirlərin heç bir qanuni əsasının olmadığını vurğulayıb. O, Xeberler.az-a açıqlamasında son vaxtlar Azərbaycanda telefon danışıqlarının  İnternet üzərindən həyata keçirildiyini də qeyd edib:

“Artıq vətəndaşlar telefonla deyil, İnternetlə ünsiyyət saxlamağa daha çox meyllidir. Fikrimcə, bu, ölkədə fəaliyyət göstərən mobil operatorların bir-biri ilə rəqabət prinsipinin həllinə deyil, bu sektorda monopoliyaya yol açan addım ola bilər. Hesab edirəm ki, hökumət telefonla danışıqlarının azlığını maddi problem hesab edirsə, bu zaman provayderlərin qiymət siyasətinə müdaxilə etmək daha doğru olardı. Məsələn, Amerika ilə, Moskva ilə danışığın dəqiqəsi 2 sent olduğu halda Azərbaycanda bu, 22 qat daha baha başa gəlir”.

Ələsgər Məmmədlinin sözlərinə görə, son vaxtlar ünsiyyət vasitəsi kimi daha çox WhatsApp-dan istifadə olunması da buna gətirib çıxarıb: “Facebook Messenger, Google Plus-ı da misal göstərə bilərəm. Burada təbii ki, sosial medianın rəqabəti nəzərə çarpır. Nəticədə hansından daha çox istifadə edilirsə, həmin sosial media daha çox qazanır. Rəqabətə dayanıqlı sosial şəbəkələr yaradacağımıza, mövcud olanları da lisenziyalaşdırıb geri addım atırıq. Bu, hələ də İKT-ni anlamadığımızı göstərir”.

Ekspert qeyd edib ki, Telekommunikasiya haqqında qanunvericilikdə də Azərbaycanın qurduğu şəbəkələr və tezliklərin istifadəsində, televiziya və radio da daxil olmaqla hər birinin istifadəsi lisenziyalaşdırılan fəaliyyətdir. Amma İnternet lisenziyalaşdırılan fəaliyyət deyil. Ələsgər Məmmədli bunu qanunvericiliklə izah edib: “Bu bizim qanunvericilik də də beynəlxalq qanunvericilikdə də belədir. Bu baxımdan belə yanaşma real addım deyil”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz nazirin fikirlərini dəqiq izah etməkdə çətinlik çəkdiyini bildirib.

O bildirib ki, ilk öncə nazirlik özü açıqlama verməlidir ki, nazir əslində nə demək istəyib?

“Sosial medianın lisenziyalaşdırılması anlayışı Azərbaycan qanunvericiliyində yoxdur. Qanunvericilikdə lisenziyalaşdırılan rabitə xidmətlərinin adları var ki, nazirin sadaladıqları xidmətlərin adı orada yoxdur. Əgər beynəlxalq rabitə əlaqəsinin lisenziyalaşdırılmasından söhbət gedirsə, bu artıq lisenziyalaşdırılıb. Delta Telekom şirkəti Azərbaycanda İnternetlə bağlı lisenziya alıb  və İnterneti digər qurumlara təqdim edir. Düşünürəm ki, İnternet üzərindən olan hansısa fəaliyyətin lisenziyalaşdırılması qeyri dəqiq yanaşmadır”.

Osman Gündüz onu da qeyd edib ki, dünyada sosial medianın lisenziyalaşdırılması anlayışı yoxdur. Onun sözlərinə görə, amma Rusiya, Türkiyə, Belarusda hökümətin İnternetə qarşı qadağaları var ki, bu zaman tam başqa addımlardan istifadə edilir. Xüsusilə, Rusiyada fərdi informasiyaların qorunması, uşaqların qorunması  pərdəsi altında İnternetə qarşı müxtəlif məhdudlaşdırıcı addımlar atılır:

“Əgər söhbət hansısa zərərli, qanunsuz kontentin qarşısının alınmasından gedirsə, düşünürəm ki, zərərli informasiyaların qarşısının alınması İnternetin məhdudlaşdırılması hesabına, başqalarının hüquqlarının tapdanması hesabına  olmamalıdır. Bu vətəndaşların məlumat almaq azadlığını məhdudlaşdırır”.

Forum rəhbəri mövcud iqtisadi vəziyyəti nəzərə alaraq İnternetə məhdudiyyətin tətbiqinin də yolverilməz olduğunu qeyd edib:

“Dövlət başçısı bütün çıxışlarında birmənalı şəkildə İnternetin ölkəmizdə azad olduğunu bildirib. Fikrimcə, neftin ucuzlaşdığı indiki məqamda Facebook, Twitter, Skype kimi büdcəsi  Azərbaycanın büdcəsindən dəfələrlə çox olan qlobal informasiya resursları ilə, sosial media ilə konfliktə getməkdənsə onlarla partnyorluq etmək , əməkdaşlıq etmək , ölkəmizə dəvət etmək, ofislərinin burada açılmasına kömək etmək daha düzgün olardı.

Osman Gündüz bunun hansısa dairələrin iqtisadi maraqları baxımından da irəli sürülən fikir ola biləcəyini istisna etməyib: 
"Hansı ki, son dövrlərdə biz müşahidə edirik ki, sosial medianın imkanları, zəng funksiyalarının genişlənməsi ciddi narahatçılıq yaradıb. Sosial media telefon və mobil danışıq xidmətləri üçün ciddi rəqibə çevrilib.
Amma bütün hallarda düşünürəm ki, informasiya mübadiləsi üçün qanunsuz süni əngəllər yaratmaq yolverilməzdir. Bu baxımdan yaxşı olar ki, Nazirlik və ya kommersiya qurumları xidmətlərini, tariflərini əlçatan, ucuz və keyfiyyətli etsinlər".

Osman Gündüz bildirib ki, bəzən qlobal informasiya resursları tərəfindən də ölkələrə qarşı ayrı-seçkilik müşahidə edilir:  

“Əlbəttə, biz zaman-zaman qlobal informasiya resurlarının ikili standart yürütdüklərinin də şahidi oluruq. Türkiyədə biz bunu dəfələrlə görmüşük. Amma bir daha bildirmək istərdim ki, bu kimi problemləri lisenziyalaşdırma və ölkədən qovmaqla həll etmək doğru olmazdı”, deyə Osman Gündüz qeyd edib.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə