13:42 18-12-2008
“Yaxın 5-10 ildə mobil internetin xüsusi çəkisi artacaq”
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün Lent.az-a müsahibəsi
- Azərbaycanda internetin hazırki vəziyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanda internetin vəziyyətini ölkənin mövcud potensial imkanları ilə müqayisə edəndə yetərli, qənaətbəxş hesab etmək olmaz. Azərbaycan qonşu ölkələrlə müqayisədə ən keyfiyyətsiz və ən baha internet olan ölkə olaraq qalmaqdadır. Məsələn, Türkiyədə 1 Mb-ın qiyməti təxminən 10 dollar, Rusiyada 15 dollar, Azərbaycanda isə 250-500 dollar arasındadır. Belə baxanda, bizdə 40 dəfə qiymətlər bahadır. Bahalıqla bərabər, 40 dəfə də keyfiyyətsizdir. Bu problem bizi uzun müddətdir izləyir və dəfələrlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət etsək də həllini tapmayıb.
- İnternetin bahalığının, keyfiyyətsizliyinin kökündə hansı səbəblər dayanır?
- İlk növbədə, bu, bazarda azad, sərbəst rəqabətin olmaması ilə bağlıdır. Hələ də internet bazarında sərbəst və azad rəqabət formalaşmayıb. 30 provayderin hamısı interneti bir nöqtədən alır. Əsas qiymətə təsir edən faktorlardan biri budur, amma təkcə bu da deyil. Çünki həmin nöqtədə provayder qiymətləri son 3 ildə 20-30 dəfə aşağı salsa da, ikinci dərəcəli provayder qiymətləri 3-4 dəfə aşağı salıb. Görün nə qədər fərq var? Bunu inhisarçılıqla izah etmək düzgün olmazdı. Problemin kökü ikinci dərəcəli provayderlərdədir ki, onlar öz aralarında gizli sövdələşmə apararaq, qiymətləri eyni səviyyədə saxlayırlar. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə dəfələrlə müraciət etdik ki, gəlin bazarı birlikdə araşdıraq. Nazir dərhal razılıq verdi, amma sonradan nələrə görəsə bunlara gedilmədi.
Digər qiymətə təsir edən faktor, dövlət və özəl ATS-lərdə xidmət qiymətlərinin yüksək olmasıdır. ATS bir müştəriyə görə provayderdən 10 manata qədər qeyri-qanuni pul alır. Dövlət və özəl ATS-lərdə provayderlərdən alınan icarə haqları da yüksəkdir. Buna görə də dövlət Tarif Şurasına müraciət etməlidir ki, həmin haqlar azaldılsın. Geniş zolaqlı qoşulmalara imkan verən modemləri də alıcıların kütləvi olaraq almasına imkan verilmir.
- Son vaxtlar internetdə yükləmələr çoxalıb. Bunun azalması üçün hansı işlər görülməlidir?
- Bu onunla bağlıdır ki, bizdə provayderlər imkanlarının genişləndirmək üçün investisiya qoymaq marağında deyillər. Bazar kifayət qədər inhisarlaşmış və açıq olmayan bazar olduğuna görə, geniş investisiya qoyulmur. Texniki imkanlar müştərilərin sayına uyğun olmalıdır. Müəyyən beynəlxalq standartlar var. Amma Azərbaycan provayderlərinin 99%-i bu standartlara əməl etmirlər. Bizdə 5000 müştəridən eyni anda 300-500-ü internetdən istifadə edə bilir, 4500-ü isə gözləməlidir. O zaman provayder boş telefon xətti almalıdır. Bunun üçün də provayder ayda pul ödəməlidir ki, onu da vermək istəmir. Deyirlər, eybi yox, eyni anda 5000-dən 500-ü işləsin, qalanı gözləyər. Digər məsələ, provayderlərdən biri monopol provayderdən hansısa həcmdə informasiya alır, bunu bölüb satır. Məsələn, bir Mb-i 4-5 yerə bölmək olar, amma 15 yerə bölmək olmaz axı...
- Bəzi iddialara görə, yaxın gələcəkdə internet öz yerini daha modern rabitəyə verəcək. Bu fikirlə razısınızmı?
- Yox, məncə, belə ehtimal yoxdur. Yeni texnologiyaların internetə inteqrasiyası prosesi gedir. Məsələn, soyuducu istehsal edən şirkət də fikirləşir ki, mən necə edim camaat internetdən soyuducunu idarə etsin, mobil telefonla internetdə girib, qaz sobasını yandırsın? Hazırda dünyada məişət texnologiyası da internetə inteqrasiya olunur. Ona görə internet getdikcə yüklənir. Amma internetin də arxitekturası, texnoloji standartları ilə məşğul olan qurumlar var. Ona görə belə bir təhlükə gözlənilmir. Sadəcə, internetin içərisində xeyli sayda yararsız informasiyalar hərəkət edir. Bunların qarşısının alınması üçün mübarizə gücləndirilsə, internetdən daha faydalı istifadə etmək olar.
- İnternetdən sonrakı mərhələni necə təsəvvür edirsiniz?
- Hələlik internetin əsas istiqaməti mobil texnologiyaların, yəni mobil internetin üzərinə yönəlib. Biz yolda, maşında hərəkət edəndə internetə əlimiz çatsın. Yaxın 5-10 ildə mobil internetin xüsusi çəkisi artacaq. Hər şey mobil telefonun və digər mobil qurğuların üzərində cəmləşəcək. Təsəvvür edin ki, məsələn, mobil telefonun düyməsini basırsan, evdə qaz sobası yanır, hər hansı telekanala baxırsan.
- Azərbaycanın süni peykinin orbitə çıxarılması ilə bağlı atılan addımları necə qiymətləndirirsiniz?
- Azərbaycanın süni peyki ilə bağlı hökumət tərəfindən atılan addımları müsbət qiymətləndiririk. Bu, Azərbaycanın iqtisadi maraqlarından əlavə, milli təhlükəsizlik maraqlarına uyğun olan addımdır. Sadəcə, son dövrlərdə bu peykin hazırlanması ilə bağlı ölkələrin seçilməsini, peykin özünün texnoloji standartlarının hansı səviyyədə olmasını, ən əsası, peykin dəyəri ilə bağlı məsələləri müşahidə edirik. Bu məsələlərlə bağlı kifayət qədər ziddiyyətli məlumatlar eşidirik. Məsələn, qonşu ölkələrdə eyni resurslara malik peykin dəyəri ilə Azərbaycanda elan olunan xərc arasında kəskin fərqlər var. Adam fikirləşir ki, görəsən, bizimkilərin göyə qaldırmaq istədikləri nədir? Bizdə 4-5 dəfə qiymətlər baha başa gəlir.
- Azərbaycanda internet resurslarının informasiya təhlükəsizliyini qənaətbəxş hesab etmək olar?
- Son dövrlərdə dövlət orqanlarının, özəl qurumların internet resurslarının informasiya təhlükəsizliyi məsələsi xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən bu istiqamətdə yeni dövlət qurumunun yaradılması ilə bağlı bəyanatlar səslənir. Beynəlxalq təcrübədə dövlət orqanlarının internet resurslarının təhlükəsizliyi ilə bağlı müəyyən xətt var. Azərbaycanda da o xətt var. Prezidentin Yanında Dövlət Xüsusi Mühafizə İdarəsinin nəzdində yaradılan qurum dövlət qurumlarının internet resurslarının təhlükəsizliyinə nəzarət edir. Milli Təhlükəsizlik Nazirliyinin nəzdində də xüsusi sturukturlar var ki, bu işlə məşğuldurlar. Üçüncüsü, Daxili İşlər Nazirliyinin nəzdində yaradılan Kibercinayətkarlığa qarşı Mübarizə İdarəsidir. İndi yeni bir dövlət qurumunun yaradılması nəyə lazımdır? Dünyada Rabitə Nazirliyinin dediyi formada qurum yoxdur.
Nigar Məmmədli
LENT.AZ
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri