“Xarici ölkəyə telefon zəngini yalnız Moskva üzərindən sifariş verirdik”

05-10-2015 / 14:30

Xeberler.az-ın “İKT VETERAN”  rubrikasının növbəti qonağı sabiq rabitə naziri Siruz Abasbəylidir.

Siruz Abasbəyli 1992-1997-ci illərdə Rabitə naziri vəzifəsində çalışıb. O, həm də həvəskar bəstəkardır. 
Siruz Abasbəyli  hazırda Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri İctimai Birliyinin sədridir. Həm də Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan filialının prezidentidir.

Siruz Abasbəyli ilə müsahibəni təqdim edirik:

- Siruz müəllim, texnologiyaya maraq nə zamandan sizdə yaranıb? O zaman texnologiya dedikdə əsasən nələr nəzərdə tutulurdu ?

-Texnologiya ilə  bağlı  təməl biliklərim 4-cü sinifdə ( 1957-1958-ci illər) oxuyarkən yarandı. Təbiət, kainatda pozulmaz bir qanun var. Bütün inkişaf prosesləri ibtidadan , sadədən mürəkkəbə doğru gedir. Dəqiq elmlərin də başlanğıcı 2x2-dən , yəni hesabdan başlayır. Hesabdan sonra cəbr, həndəsə, riyaziyyat , triqonometriya, ali riyaziyyat gəlir. İKT-nin də əvvəli sadədən, radiotexnika, radioverici və qəbuledici qurğular, ən sadə hesablama maşınlarından başlayır.

Elə mən də o dövrdə bu sahələrlə məşğul oldum. 1960-cı ildə 6-7-ci sinifdə oxuyarkən artıq radiomontaj kurslarını  bitirmişdim. Orta təhslimi Gəncə şəhərindəki  21 nömrəli məktəbdə almışam. Orada Gənc Texniklər Stansiyası var idi. Orta məktəb illərində bədii özfəaliyyət dərnəkləri də fəaliyyət göstərirdi.  Mən bu dərnəklərin fəal üzvlərindən idim. Həm texnikaya, həm də incəsənətə  çox həvəsim vardı. Nəsə yaratmaq istəyirdim. 4-cü sinifdən radio cihazları yığmaqla məşğul oldum. Sonra səs gücləndirici aparat yığdım. Yadıma gəlir ki, məktəb vaxtı hər fasilədə uşaqları ətrafıma toplayardım,  mikrofonla çalıb oxuyardıq, səs gücləndiriciləri ilə bütün məktəbə  konsert verərdik.

-Deməli, artıq uşaqkən bu sahəyə meylli olmusunuz. Texniki sahədə  ilk naliyyətləriniz hansılar olub?

-Yadıma gəlir ki, 1961-ci ildə  radio aparatın yığılması üzrə  sxem düzəltdim. Bu, ətrafımdakıların böyük marağına səbəb oldu. O vaxt “Tülkü ovu” idmanı çox dəbdə idi. Yəni,  bir stansiya  siqnal verirdi, o biri stansiyada siqnal qəbul edirdilər. Həmin siqnal verən qurğunu meşədə gizlədirdik. İdmançılara   aparat verirdik ki, həmin səsi tapsınlar. O aparatda antena olurdu, həmin şəxs aparatı çevirirdi və gizlədilən qurğunu tapmağa çalışırdı. Kim tez bu qurğunu tapsa, o  da qalib gəlirdi. İlk vaxtlar bu fəaliyyətimizlə yavaş-yavaş, inkişaf edə-edə indiki İKT sahəsinə gəldik.

- Maraqlıdır, həmin dövrdə texniki avadanlıqları necə tapırdınız?

-Bu avadanlıqları hər yerdə  tapmaq mümkün deyildi. Uşaqlarla Gəncədəki aerodroma gedərdik.Sıradan çıxmış təyyarə avadanlıqlarını aerodromun qırağında bir yerə yığırdılar. Biz də avadanlıqların hissələrini toplayıb gətirərdik. Əsas o idi ki, bizdə həvəs vardı. Özümüz radio quraşdırırdıq. Düzəltdiyimiz cihazlardan səs çox yavaş çıxırdı. Cihazı qulağımıza dirəyərək zorla qulaq asa bilirdik.

 -Yeri gəlmişkən, bildiyimiz qədər uşaqlıqdan mədəniyyət, incəsənət sahəsinə böyük həvəsiniz olub.  Həm rabitə, həm də incəsənətlə maraqlanırdınız. Bunları necə çatdırırdınız?

-Bəli, doğrudur. Uşaqlıqdan incəsənəti çox sevmişəm ( gülür).  Əsasən də xalq musiqi alətləri ilə aram yaxşı idi. Səhər saat  8-də məktəbə gedirdim. Dərslərim günorta saat 1-də bitirdi. Dərsdən çıxanda çalışırdım  boş vaxtım qalmasın. Böyük həvəslə Gəncədəki Pionerlər Sarayaında fəaliyyət göstərən dərnəklərə gedirdim. Bir gün rəqs dərnəyinə, o biri bir gün dram dərnəklərində məşğul olurdum. Axşam saat 7-yə qədər Pionerlər Sarayında  vaxtımı bu işlərə sərf edirdim. Evə gələndə də yorğunluq hiss etmirdim.Səhər yenə böyük enerji ilə dərsə gedirdim. Elə Rabitə Texnikumuna  da daxil olmağım o  həvəsimlə bağlıdır...

 -Elə növbəti sualımız bu barədə olacaqdı. Rabitə Texnikumunda təhsil alıbsınız. Nə yaxşı ali təhsil müəssisəsi yox,  texnikum sizin diqqətinizi çəkdi?

 -Çox maraqlı məqama toxundunuz. Heç vaxt arzulamamışdım ki, Rabitə Texnikumunda oxuyacam. Əslində, həmin dövrdə hər kəs çalışırdı ki, prestijli ali təhsil müəssisələrində təhsil alsın.  Çünki bunun adı vardı. Amma mən öz sahəmi çox sevirdim. Yalnız bu sahə üzrə çalışmaq istəyirdim. İndi sizə bunun tarixini danışıram.

Həmin dövrdə ( 1962- ci illər)  hər il Bakıda  bədii-özfəaliyyət  kollektivlərinə baxış keçirilirdi.  Bölgələrdə və mərkəzdə olan kollektivlər bir araya toplanırdı.  Bizi də Gəncə Texniki Peşə məktəblərindən Bakıya gətirdilər.  7-ci sinfi bitirmişdim. Bakıda,   28 may küçəsində Texniki Peşə məktəblərinin mədəniyyət evi vardı. Bizim kolletivimiz də gəldik ora.  Bu müsabiqədə həmin kollektivlərə  baxış keçirilirdi. Hansı  kollektiv ilk yeri tuturdusa, onu Moskvaya, olimpiadaya göndərirdilər.

Yaddımadır,  münsiflər heyətinin sədri   Şəmsi Bədərbəyli idi. Respublikanın tanınmış sənət adamaları hamısı orada idi.  Bizim anasambl müsabiqədə bir az zəif çıxış etdi. Beşinci  yeri  tuta bildik.

Tədbirdən çıxıb  Bakını gəzə-gəzə indiki  Rabitə və Yüksək Texnologiyalar  Nazirliyinin binasının yanından keçirdim. Onun həyətində elə  Rabitə Texnikumu yerləşirdi. Gözüm binaya vurulan elanlara sataşdı. Baxdım ki, mən istədiyim rabitə sahələri ( televizya, radio, poçt) hamısı elanda yazılıb. Həmin vaxt iyul ayı idi. Qeydiyyat isə avqusta qədər idi. Tez qayıtdım Gəncəyə, lazım olan sənədləri topladım. Atam məktəbdə çalışırdı deyə sənədləri toplamaq çox vaxtımı almadı.  Ailəm də bu qərarıma sevindi.  Az miqdarda pul ilə Bakıya gəldim, imtahan verdim və keçdim.

 -Sirus müəllim, bu sahədə ilk  iş yeriniz hara olub? Texnikum illərini necə xatırlayırsınız?

 -Bəli, Texnikumda oxuyanda 3-cü kursu bitirəndən sonra  tətilə  Gəncəyə getmədim. Bakıda mərkəzi ATS-də  işə düzəldim. Yayda 3 ay yaxşı  pul qazandım( gülür) .Sentyabrda dərsə gedəndə iş yerindən şərait yaratdılar ki,  ATS-də qalım işləyim.

O dövrdə işləyən tələbələri yüksək qiymətləndirirdilər. ATS-dən mənə  təklif etdilər ki, gecə işləyə bilərəm. Yəni, gündüz dərslərimə görə, işləməyim mümkün deyildi.  İki gündən bir gecə növbəsinə qalırdım.  Səhər də dərsə gedirdim.

Rabitə texnikumunda ansambl düzəltmişdik. Bizim ansambl Respublikada fərqlənirdi. Texnikumunda  oxuyanda da incəsənət yadımdan çıxmırdı. Əslində, texnikumunda sənədlərimi verəndə  başqa incəsənət məktəbinə də müraciət etmişdim. Elə olmuşdu ki, hər iki texnikuma  qəbul olmuşdum. Amma mən rabitəni seçdim.

 -Siruz müəllim, maaşınız necə idi? Ehtiyaclarınızı ödəyə bilirdinizmi?

 -ATS-də işə başladığım ilk  vaxtlar o zamankı pul ilə  49 manat alırdım. Sonralar  bu məbləğ 52 manata qalxdı. Səmimi etiraf edim ki, aldığım maaşla özümə paltar da alırdım, kinoya da gedirdim və digər ehtiyaclarımı ödəyirdim. Həmçinin  Gəncəyə- ailəmi görməyə də gedib -gəlirdim. Əslində o vaxtlar  əksər ailələrin əmək haqqı aşağı idi.  Amma mən bu pul ilə özümü təmin edə bilirdim. Hətta yadıma gəlir ki, dostlarımla Moskvaya da gedirdik. Orada otelin bir gecəsi 2 manat 50 qəpik idi.

 - Güman ki, o zaman mükafatlarınız da olurdu ?

Əlbəttə,  mükafatlar da alırdım. Belə ki, ATS-də çalışanda tez-tez səmərələşdirici təkliflər verirdim, yeni-yeni cihazlar icad edirdim. Mərkəzi Telefon Qovşağının və Bakı Şəhər Telefon şəbəkəsinin aparıcı mütəxəssislərindən idim. 50-dən çox səmərələşdirici təkliflərim və ixtiralarım qeydiyyatdan keçib. Buna görə, çoxlu pul mükafatı da alırdım.

1970-ci ildə Moskvada  Xalq Təsərrüfatı Naliyyətləri Sərgisində iki cihazım nümayiş etdirildi və  biri qızıl, digəri isə gümüş medala layiq görüldü. Ondan sonra mütəmadi olaraq hər il XTS-nin iştirakçısı oldum. Ümumilikdə sərginin 2 qızıl, 2 gümüş, 4 bürünc medalını aldım.

Elə həmin ildə SSRİ Rabitə Nazirliyinin  Ümumitiffaq  sosializm yarışının qalibi oldum və mükafatlandırıldım. Eyni zamanda V. İ Leninin anadan olmasının 70 illik yubileyinə həsr olunmuş xatirə medalı ilə təltif edildim.  Bütün fəaliyyətlərimə görə Nazirliyin mükafatlarıını da almışdım.

 -Daha sonra hansı rabitə qurumlarında çalışdınız? Həmin dövrdə ən çox kimlərlə əməkdaşlıq edirdiniz? Sizə dəstək olan insanlar kimlər idi?

 -1975-ci illərdə rabitə naziri vəzifəsində  general- leytenant  Hüseyn Cümşüd oğlu  Rəsulbəyov  çalışırdı. Çox yaxşı insan idi. Mən hələ onun kimi insana rast gəlməmişəm. Həmin vaxt Nuru Əhmədov da Mərkəzi Telefon Qovşağının rəhbəri vəzifəsində çalışırdı.  Bir gün general  Rəsulbəyovla Nuru müəllim mənim çalışdığım ATS-ə gəldi. Bizim 5 nömrəli ATS-də köhnəlmiş avadanlıqalrın çoxu sıradan çıxmaq üzrə idi.   Nazir sual verdi ki, ATS niyə bu vəziyyətə düşüb?  Qeyd etdim ki, bu ATS Almaniyadan trofey kimi sökülüb gətirilib.  Amma ATS-in sxemini özümüz yenidən çəkmişik.

Nuru müəllim  nazirə dedi ki, Siruz çox savadlı mühəndisdir. İstəyirəm ki, onu  özümə baş mühəndis təyin edim.

1977-1979-cu ildə Mərkəzi Telefon Qovşağında baş  mühəndis işlədim. Sonralar Nazirliyin Şəhər və Kənd rabitəsi Baş İdarəsinin rəisi təyin olundum.

Bütün Azərbaycan telefon qovşaqlarına nəzarət edirdim. O zamanlar bu sahəni ölkəmizdə yaxşı inkişaf etdirə bildik.

 - Siruz müəllim, siz  o zamankı Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsində çalışmısınız ? Hansı vəzifəniz vardı orda?

 -1983-cü ildə həyatımda çox mühüm dəyişikliklər baş verdi. Rəhmətlik Rəsulbəyov məni və Nuru Əhmədovu yanına çağıraraq bizə yeni iş təklif etdi. O, Nuru  Əhmədovu Bakı Elektrik rabitəsi texnikomuna direktor təyin etdi, məni isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Nəqliyyat və Rabitə şöbəsinə keçmək üçün Azərb.KP MK-ya təqdimat verdi. Beləliklə, 1983-cü ildən Mərkəzi Komitədə işə başladım. Mərkəzi Komitədə 1990-cı ilə qədər işlədim.

 Yaddıma gəlir, 1984-cü ildə İran televizyası bizim cənub rayonlarında çox intensiv yayımlanırdı. İran tərəfi bizimlə  həmsərhəd  ərazilərdə çox güclü televizya ötürücüləri quraşdırmışdı.Lakin bizim tərəfdən bu narazılığa səbəb oldu. Biz SSRİ  nümayəndə heyəti ilə İrana getdik. İki günlük gərgin müzakirədən sonra İran televizya ötürücüsünün gücünü beş dəfədən artıq azaltmağa məcbur oldu.

 -Əldə etdiyimiz məlumata görə, televiziya qülləsinin təməli də nazir Rəsulbəyovun zamanında qoyulub. Bu fəaliyyətdə siz də yaxından iştirak edibsiniz.

 -Bəli, elədir. O illər Azərbaycan  Komunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Heydər Əliyev idi. Çox çətinliklə  olsa da o Moskvadan yeni teleqüllənin tikilməsi üçün icazə və pul vəsaiti ala bilmişdi. İndiki teleqüllənin yerini də  Rəsulbəyovla birlikdə seçmişdilər. Doğrudur , Heydər Əliyev Moskvaya gedəndən sonta teleqüllənin tikintisi demək olar ki, dayandırıldı. Vəsait ayrılmırdı. Tikinti təşkilatları,ümumilikdə xüsusi quraşdırma briqadaları ölkəmizə gəlmirdilər. Tikinti yarımçıq qalmışdı.Tikinti işləri 1992-1996-cı illərdə başa çatırıldı.  Heydər Əliyev Teleqüllənin açılışında iştirak etdi.

Mərkəzi Komitədə işlədiyim dövrdə Rəsulbəyovla daim əlaqə saxlayırdım. Tez-tez onun yanana gedirdim. Məsləhətlərinə qulaq asırdım. 1986-cı ildə Rəsulbəyov xəstələndi. Ona tez-tez baş çəkir ,  söhbət edir, darıxmağa qoymrudum.

 Bir gün mənə dedi ki, sabah özümü yaxşı hiss etsəm, səninlə Teleqülləyə gedərik.  Ertəsi gün onu yeni tikilən televizya qülləsinə apardım. Maşından düşə bilmədi, elə oturduğu yerdən televizya qülləsinə baxıb, köks ötürdü. Dedi ki, mənim arzum bu Teleqülləni istifadəyə vermək olub. Görünür, arzuma çata bilməyəcəm, sən nazir olacaqsan. Bax,  onda mənim bu arzumu həyata keçirərsən. Doğurdan da qismət elə gətirdiki,  mən onun bu arzusunu nazir olanda həyata keçirdim.

-Siz ölkənin ən böyük  telekommunikasiya operatoru olan Aztelekom-da rəis işləyibsiz. Bu fəaliyyətinizdən danışardıq. Rabitənin  vəziyyəti necə idi? Hansı işləri  görürdünüz?

-Bəli, 1990-1991-ci illərdə mən rabitə nazirinin müavini  Aztelekom İB-də rəisi vəzifəsində də çalışmışam. İş əhatəm çox geniş olub(gülür). Həmin dövrdə rabitə texnologiyaları istənilən səviyyədə deyildi. Həqiqətən rabitə sahəsində gerilik var idi. O illərdə Azərbaycanda yeni tipli ilk rəqəmsal ATS tikildi. Bu ATS 200 nömrədən ibarət idi və Türksat peyki vasitəsi ilə Ankara üzərindən bütün dünyaya çıxışı  təmin edirdi.

ATS-in açlışında Respublika rəhbərliyi, Türkiyənin rabitə naziri Yaşar Topçu, Türkiyə PTTS-nin müdiri Vəli Bəkdəmir cənabları iştirak edirdi.

Bundan sonra fiber optik kabellərin çəkilişi və  Beynəlxalq Telefon  Stansiyasının tikintisi başa çatırılıb, istismara verildi. 

-Siruz müəllim,  həmin dövrdə internetə hansı vasitələrlə qoşulurdunuz? Bu fəaliyyət necə təmin edirdiniz?

 -Azərbaycanla Amerika arasında ilk peyk rabitəsini yaratmışdıq. ABŞ-ın şirkəti ilə əməkdaşlıq edirdik və  birbaşa kanallarımız var idi.  İlk peyk rabitəsi əlaqələri Türkiyənin Turksat peyki vasitəsi ilə yaradıldı. Türkiyəli nazir Yaşar Topçunun köməkliyi ilə bizə bir antena hədiyyə edildi. 60 kanal ilə Türkiyə üzərindən dünyaya çıxa bildik.  1992-ci ildə il Aztelekom-un həyətində ilk dəfə  Turksatl-la əlaqə üçün peyk antenası quraşdırıldı. Bundan sonra bütün  dünya ilə əlaqəyə girməyə nail olduq.  Daha sonra  İngilis, İtaliya şirkətləri də bizimlə əlaqə yaratdılar.  Ümumiyyətlə, bizimlə əməkdaşlıq etmək istəyən  dövlətlər çox idi. Amma bəzən maraqlarımız uyğun gəlmirdi. Söhbət gəlirlərin  bölünməsindən, faizindən gedir. 

Rabitə nazirliyi ilk  internet şirkətləri Azərin və Azərinternetservis-ə lisenziya vermişdi. İş otağımda quraşdırılmış kompüterə bu şirkətlərdən internətə çıxış  imkanı yaradılmışdı. Əminliklə deyə bilərəm ki, mən bu şirkətlər üzərindən internətə çıxan-ilk abunəçilərdən biriyəm. Hələ o vaxt Respublika mətbuatına verdiyim müsahibələrdə internetin imkanları haqda çox geniş bəhs etmiş, yetərincə məlumatlar vermişdim.   

Müsahibələrimin,yazılarımın çap olunduğu  qəzetləri indiyə kimi saxlayıram və bütün  bunların hamısı  barədə “Heydər Əliyev və Rabitəmizin İnkişafı” adlı  kitabında daha  geniş bəhs etmişəm.

 

Ardı var...

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə