Azərbaycanda elektron hesablama texnikasının, informasiya texnologiyalarının, telekommunikasiyanın inkişafında xüsusi xidmətləri olan xeyli sayda dəyərli insanlar var. Elələri var ki, zamanında ölkədə qeyd olunan sahələrin inkişafına xüsusi töhfələr verib və hazırda artıq bu sahədə çalışmır.
Eyni zamanda, elə indi də gözümüzün önündə hər gün rastlaşdığımız elə insanlar var ki, onların ən yaxın keçmişimizdə yeni, müasir texnologiyaların ölkədə inkişafı və oturuşması istiqamətində müstəsna xidmətləri olub. Düşünürük ki , belə insanların təcrübəsi və onların İKT sahəsində keçdiyi yol, həmçinin də onların dilindən Azərbaycanın İKT tarixinin səhifələrini vərəqləmək oxucularımız üçün maraqlı olacaq.
Odur ki, Xeberler.az –da “İKT VETERAN” adlı rubrikaya başlamaq qərarına gəldik. Bu rubrikanın qonağı olaraq 1970-ci ildən elektron hesablama texnikası sahəsində çalışmış, 1987- 2001-ci illərdə Azərbaycan Hesablama Texnikası və İnformatika İstehsalat Birliyinin Baş direktoru olmuş, Azərbaycanın İKT sektorunda xeyli uğurlu layihələrə rəhbərlik etmiş və hazırda Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinin şöbə rəisi Arif Məmmədzadə ilə görüşüb söhbətləşdik.
Onunla müsahibəni sizə təqdim edirik.
-Arif müəllim uşaqlıq illərini necə xatırlayırsınız ?
-8-ci sinifdə oxuyanda atam məni axşam məktəbinə yazdırdı və V.İ. Lenin adına Maşınqayırma Zavoduna işləməyə göndərdi. İlk işim zavodda fəhləlik olub. İşim saat 17:00-da bitirdi və 19:00-da dərsim başlayırdı. Yadımdadır ki, dərsə qaça-qaça gəlirdim. İlk vaxtlar çox maaş da almırdım.
Sonradan əmək haqqım 90 rubldan 120 rubla qədər qalxdı. Elə yorulurdum ki, bəzən maraqsız dərs olanda sinifdə yatırdım (gülür).
Qazandığım pulu ailəmə verirdim. Sovet ailələrinin əksəriyyətində ailənin bir kassası olurdu. Atam bizə ciddi tərbiyə vermişdi. O, riyaziyyat müəllimi idi, anam isə alman dili müəlliməsi idi. Amma mən nədənsə fransız dilini öyrəndim ( gülür). Qardaşım Siyavuş Məmmədzadə hazırda alman şeirlərini orijinal variantdan Azərbaycan dilinə tərcümə edir. Anamın qardaşıma bu sahədə böyük köməyi olub.
-Tələbəlik illərini necə keçirmisiniz? Ali təhsil aldığınız vaxtlarda da çalışırdınızmı?
-Tələbə olanda artıq 2 il əmək təcrübəm var idi. Tələbə olduğum vaxtlarda çalışmırdım, dərslər çox çətin idi. Bir neçə il iş təcrübəsi olmayan tələbələr 5 il oxumalı idi, mən isə 4 ilə mühəndis diplomumu aldım. Bu gün də qürur duyuram ki, mühəndis olmuşam.
- Arif müəllim, bəs İKT-yə marağınız nə zamandan yaranıb? Nə vaxtdan bu sahədə çalışmağa başladınız? Bu sahədə ilk işiniz nə olub ?
-İnformasiya Texnologiyaları ilə tanışlığım tələbəllik illərindən başladı.
M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) –da təhsil almışam. Elə ixtisasım da İstehsalat proseslərinin avtomatlaşdırılması idi. İnstitutumuzda güclü proqramlaşdırma, texniki vasitələrlə işləməyi tədris edən kurslar var idi. Bu fənlərə həvəslə çalışmışam. Humanitar dərslərə marağım az idi ( gülür).
1967-ci ildə məzun oldum və Azərbaycan Elmlər Akademiyasının Neft və Kimya Prosesləri İnstitutunda ölçü cihazları sahəsində çalışmağa başladım. Həmin il SSRİ-nin müdafiə nazirinin əmri ilə hərbi xidmətə çağırıldım. Onu da qeyd edim ki, Azərbaycan Neft və Kimya İnstitutunda hərbi kafedra da fəaliyyət göstərirdi. İnstitutu bitirəndə zabit rütbəsini də aldım, yəni hərbi rabitəçiyəm.
- Hərbi xidmətdən qayıtdıqdan sonra da bu sahədə çalışmağa davam etdinizmi?
-1970-ci ildə əsgərlikdən qayıdandan sonra Bakıda SSR Radio Sənayəsi Nazirliyinin Bakı İxtaslaşdırılmış Ərazi İdarəsində çalışdım. Elektron Hesablama texnikası üzrə mühəndis kimi məşğul olurdum. Rəhbərlik iş fəaliyyətimdə təşkilatçılığıma xüsusi fikir verirdi. Bunu nəzərə alaraq məni Moskvaya 2 aylıq kursa göndərdilər və bu müddət bitdikdən sonra Ərazi İdarəsində sahə rəisi təyin olundum. Həmin illərdə SSRİ Nazirlər Kabinetinin qərarı ilə SSR-də, o cümlədən Zaqafqaziyada Mərkəzləşdirilmiş texniki xidmət sahələri yaradılması haqda qərar verildi. Bu qərara görə, Bakıda Zaqafqaziya İxtisaslaşdırılmış Ərazi İdarəsi yaradıldı və bizim sahəmiz həmin İdarəyə daxil edildi. Təcrübəli kadr olan Fikrət Axundov direktor vəzifəsinə təyin edildi, mən də baş mühəndis vəzifəsində çalışırdım.
Bu qurum bütün Zaqafqaziya respublikalarına, Şimali Qafqaz, həmçinin Stavropol, Krasnodar, Rostov, Həştərxan və s. regionlara da xidmət edirdi.
1973-cü ildə 1-ci Vahid Sistemli EHM maşınlarını Bakıda istifadəyə verdik. EHM-ləri saxlamaq üçün şərait yaratmaq çətin idi. Maşınların saxlanılması üçün kondisionerlər, normal şərait vacib idi. EHM-lərlə bağlı bütün servisləri hazırladıq.
SSRİ dövründə EHM-ləri almaq üçün xüsusi fondlar təşkil olunurdu. Bizim müəssisəmiz də Azərbaycandakı təşkilatlara həmin fondlarla EHM-lər almağa yardım edirdik. SSRİ-nin bir sıra regionlarında istifadədə olan EHM-lərə bizim müəssisəmiz xidmət göstərirdi. Bu baxımdan ərazilərdə mütəxəssis çatışmazlığı var idi. Bunu nəzərə alaraq biz EHM zavodları ilə müqavilələr əsasında işçilərimizi təcrübəyə göndərirdik. Proqramçıları da xüsusi kurslarda hazırlayırdıq.
-Xeberler.az-ın oxucularına maraqlıdır: mütəxəssisləri necə yetişdirirdiniz? Bunun üçün ayrıca qurum fəaliyyət göstərirdimi?
-Bəli, həmin vaxtlarda bu sahədə böyük boşluq var idi. Mütəxəssis yox idi. Bunu nəzərə alaraq Azərbayacan və regiondakı bəzi ali təhsil müəssisələri ilə müqavilə əsasında hər il müəyyən sayda bacarığı olan tələbələri işə qəbul edirdik.
Hətta çox vaxt Bakıdan Rusiyanın bəzi müəssisələrində bizim mütəxəssislərə ehtiyac olurdu. Bakıdan çox sayda mütəxəssis göndərirdik. Bütün bu işlərin, fəaliyyətlərin yekunu olaraq biz o zaman üçün ən böyük naliyyət sayılan SSRİ Nazirliyinin “Keçici bayrağı” nı ardıcıl olaraq beş il biz qazana bildik.
-Arif müəllim, maraqlıdır ki, texniki avadanlıqları- kompüterləri haradan alırdınız? Maliyyəni necə əldə edirdiniz?
-Maraqlı sualdır ( gülür). Birliyin texniki avadanlıqları üçün investisiyanı Moskva təşkil edirdi. Ehtiyac olduqca kompüterləri vaqonlarda Bakıya daşıyırdıq. Kompüterləri daha da populyarlaşdırmaq məqsədi ilə Bakıda iki Informasiya Mərkəzi yaratdıq. Bu mərkəzləri həmin vaxt üçün ən müasir texniki avadanlıqlarla təchiz etdik.
-İnternetin Azərbaycana gəlişini necə xatırlayırsınız? O dövrün İnternetini necə xatırlayırsınız? Qiymətlər, keyfiyyət necə idi ?
-Əlbəttə, yadımdadır. Bakıya İnterneti ilk gətirənlərdən olmuşuq. 1990-cı illərdə Elm İstehsalat Birliyi inkişaf edirdi və İnternetə ehtiyac duyulurdu. Həmin dövrdə İnternet də yavaş-yavaş inkişaf edirdi. AzEuroTel şirkətinin yaradıcısı olan Nuru Əhmədovla əməkdaşlıq edirdik. O vaxtlar Moskvada da partnyorlarımız var idi. Moskvadan birbaşa İnternet xəttinin gətirilməsinə qərar verdik . Nuru müəllimlə həmin dövrdə rabitə naziri olan Sirus Abbasbəylinin yanına getdik. Onun əmri ilə Moskvadan İnternetə qoşulmaq üçün birbaşa kanal ala bildik və Elm İstehsalat Birliyinin siniflərinə İnternet çəkdik. İki kompüter sinfimiz var idi. Birliyin daxilində tələbələrə İnternetdən istifadə tədris edilməyə başlanıldı. Onlara kompüter dərslərini də tədris edirdik. Hətta bütün SSRİ-nin bütün regionlarından bizə tələbələr gəlirdi.
-Xeberler.az-ın oxucuları üçün bu sual çox maraqlıdır: İnternetin keyfiyyəti, sürəti necə idi? Necə qoşulurdunuz İnternetə?
-Birbaşa kanal vasitəsi ilə İnternetə daxil olurduq. O zamanlar İnternetin sürəti normal idi. Həmçinin bizim istifadə etdiyimiz İnternet limitsiz idi. Amma İnternetə maraq sonralar hədsiz çoxaldığından təhsil şəbəkəmizi genişləndirdik.
- O zaman bu cür işləri reallaşdrımaq güman ki, çətin olardı ?
-Əlbəttə, çox şeylərə imkanımız çatmırdı. O zaman Mərkəzimizi inkişaf etdirmək üçün BMT-nin Bakıdakı nümayəndiliyinə təkliflərlə müraciət etdik. Bakıdakı nümayəndəlik bizi YUNESKO-ya yönəltdi. Bu təşkilata da təkliflərimizi göndərdik. 1994-ci ildə YUNESKO Bakıya koreyalı ekspert göndərdi. Nümayəndə Elm və Təhsil binasını çox bəyəndi və layihəni təsdiqlədilər. Mərkəzin müasirləşdirilməsi üçün 400 min dollar vəsait ayrıldı. 1996-cı ildə bina yenidən təmir olundu. Sonra təşkilat tərəfindən tender elan olundu və Azərbaycan şirkəti olan Sinam bu tenderdə qalib gəldi. Yeni avadanlıqlar quraşdırdıq. İnternet inkişaf etdikcə ona maraq daha da artırdı.
- Yalnız Bakı şəhərində fəaliyyət göstərirdiniz yoxsa regionlarda da belə Mərkəzlər yaratmışdınız ?
-Bir neçə regionda Mərkəzlərimizi qurmuşduq. İlk olaraq Sumqayıtda da Kompüter Mərkəzinin yaradılması üçün layihə ilə çıxış etdim. Sumqayıtda ən yüksək yerə antena quraşdırdıq. Və bununla həmin vaxtlarda Azərbaycanda ilk simsiz İnternet kanalı yaratdıq. Mərkəzimizin filialı kimi Sumqayıtda da Elmi Tədqiqat Cihazqayırma İnstitutunda İnternet şəbəkəsi üzrə mütəxəssislər hazırlamağa başladıq. Bundan sonra 1998-ci ildə Naxçıvan üçün belə layihə hazırladıq. Təsdiq olundu, amma ora İnterent çəkmək çətin idi. Layihəni Azərbaycan Dövlət Elm və Texnika Komitəsinin sədri akademik Azad Mirzəcanzadə ilə Naxçıva Ali Məclisinin sədri Vasif Talıbov təqdim etdik. Nəticədə bizə Naxçıvan şəhərinin mərkəzində Kompüter Mərkəzi üçün 200 kvadrat metr sahə ayrıldı. Peyk vasitəsi ilə Naxçıvanda İnternetdən istifadəsini təmin etdik. Bu, çox bahalı layihə idi. Bacarıqlı İT mütəxəssislər İnternet təhcizatının daha asan yolunu tapdılar. İsraildən modem aldıq və bununla da İnterneti rahat şəkildə Naxçıvana apara bildik.
-SSRİ dağılanda bunun sizə də təsiri oldumu?
-Təbii, müəssisəmiz demək olar ki ortada qaldı. 1990 - 1991-ci ildə müəssisəmizdə 2 min nəfər işləyirdi. SSRİ-nin bütün bölgələrindən mütəxəssislər var idi. 700 işçimiz Azərbaycanda çalışırdı, 1300 isə Rusiya regionlarında fəaliyyət göstərirdi.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Ərazi idarəsinin bazasında yaradılan Hesablama Texnikası və İnformatika İstehsalat Birliyi
( “İnformatika” Elm-İstehsalat Birliyi) Dövlət Elm və Texnika Komitəsinin tərkibinə verildi. Baş direktor çalışa-çalışa həmin Komitədə İnformatika və Beynəlxalq Əlaqələr İdarəsinin rəisi təyin olundum. 2001-ci ildə Komitənin ləğvi ilə birlikdə müəssisəmiz də bağlandı . Beləliklə, birliyimiz tamamilə ləğv olundu və binalar satıldı. Bu hadisədən sonra iki il depressiyada oldum və heç yerə getmədim.
2003-cü ildə İnformasiya Texnologiyaları sahəsi ilə əlaqəli jurnal təsis edildi və 8 ilə yaxın burada baş redaktor vəzifəsində çalışdım. Jurnal hər ay Azərbaycan və rus dillərində çap olunurdu.
2006-ci ildən isə Ədliyyə Nazirliyi tərəfindən yaradılan Azərbaycan Respublikası Əhalinin Dövlət Reyestri xidmətinə şöbə rəisi təyin olundum. 2014-cü ilə qədər Reyestrin texnoloji inkişafında və formalaşmasında fəal iştirak etdim.
-Öhdəsindən gələ bilməyinizdən qorxduğunuz iş olubmu?
-Yadımdadır, ölkədə elektronika sahəsinin inkişafına böyük əhəmiyyət verən Heydər Əliyevin dəstəyi ilə 1977-ci ildə Bakı İxtisaslaşdırılmış Ərazi İdarəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və potensialının gücləndirilməsi məqsədi ilə ümumi sahəsi 10000 kvadrat metr olan yeni binanın inşa olunması haqda qərar imzalandı. Və tikinti işləri 1978-ci ildə başlayaraq plan üzrə 1980-ci ildə bitməli idi. Amma tikintiyə yaxşı nəzarət olunmurdu , fəaliyyət ləng gedirdi. 1981-ci ilin yanvarında Moskvadan nazir və böyük bir nümayəndə heyəti Bakıya gəldi. Nüməyəndələrlə EHM zavodunda Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin iştirakı ilə kollegiya iclası keçirildi. İclasda hər bir direktor qalxıb hesabat verdi. Tədbirdə Moskvadan gələnlər məni təriflədilər. Naziri yola saldıqdan sonra mənə zəng gəldi və Mərkəzi Komitəyə çağırdılar. Qorxdum ki, məni işdən çıxaracaqlar (gülür).
Qorxum boş yerə imiş, binanın tikilməsi Mərkəzi Komitənin nəzarətində olan tikintilərin siyahısına salındı. Və təbii ki, dərhal işlər sürətləndi, bir ilə işi yekunlaşdırdıq. 1982-ci ilin yanvarında Heydər Əliyevin iştirakı ilə binanın açılışı oldu. Bu, ən məsuliyyətli işlərimdən biri idi. O zaman müxtəlif idarələrdə quraşdırılan terminallar və rabitə kanalları vasitəsi daxil olan informasiyalar EHM –lərdə yenidən emal edilməklə sifarişçilərə çatdırılırdı. Heydər Əliyev gördüyümüz işləri çox bəyəndi və xeyir-dua verdi. Qeyd etdi ki, respublikada Hesablama texnikasının inkişafı istiqamətindəki işlərimizi davam etdirək.
-Elə bir İKT layihələriniz oldumu ki, rəsmilərin bəyənmədiyinə baxmayaraq siz həmin layihəni uğurlu hesab edibsiniz?
-Xeyr, çox şadam ki, bütün layihələrim qəbul olundu və həyata keçdi.
-Xaricdə tez-tez səfərlərdə olursunuzmu? Səfər vaxtı yadınızda qalan ən maraqlı məqamları Xeberler.az-ın oxucuları ilə bölüşərdiniz.
-Sovet dövründə çalışdığım vaxtlarda demək olar ki, Bakıda çox az müddət olurdum. Rusiyanın və SSRİ-nin başqa respublikalarının bölgələrində fəaliyyət göstərən zavodlara baş çəkirdim. EHM-ləri istifadəyə verirdik. Mən də görülən işlərə daim nəzarət edirdim. Bundan başqa mütəxəssislərimiz də Kubada, Monqolustanda, Vyetnamda çalışıblar.
İndi isə xaricə yalnız gəzməyə gedirəm (gülür).
-İT sahəsində yadda qalan, qeyri-adi hadisələri bizimlə bölüşərdiniz. Elə hadisələr olubmu ki indiyədək ictimaiyyətdən gizli qalıb ?
-Açığını deyim ki, mən işimi əvvəlcədən planlı qururam. Ona görə də sürprizlərlə qarşılaşmamışam (gülür).
-Hazırda ailənizdə bu sahənin davamçısı varmı?
-Demək olar ki, qızım da, oğlum da texniki sahə üzrə formalaşıblar. Qızım BDU-nun tətbiqi riyaziyyat fakültəsini bitirib. Oğlum da Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Universiteti bitirdikdən sonra Londona bir illik kompüter ixtisası üzrə magistr təhsili aldı. İndi də bu sahənin mütəxəssisidir. “Şən və hazırcavablar” klubunun fəal üzvüdür. Nəvələrim də davamçılarımdır. Nəvəmin birinin 6 yaşı olmasına baxmayaraq kompüterin, planşetin funksiyalarını məndən yaxşı bilir.
-İKT sahəsində yetişdirdiyiniz şəxslər varmı? İndi onlar sizi axtarırlarmı?
-Bu yaxınıarda hesablamışam, 1973-cü ildən 2001-ci ilə qədər mənim rəhbərliyim və bilavasitə iştirakımla xitdmət etdiyimiz bütün regionlar üzrə 10 min mütəxəssis hazırlanıb. İndi hamısı müxtəlif yerlərdə yaxşı mütəxəssis kimi fəaliyyət göstərir. Əlbəttə, axtarırlar.
70 illik yubleyimdə hamısı yığılıb gəlmişdi (gülür).
-İKT ilə bağlı kitablar yazmısınızmı?
-Xeyr, buna imkanım və vaxtım olmayıb. İndi isə sadəcə memuar yaza bilərəm.
-Fəaliyyətinizə verilən qiymətlə razısınızmı ? Hansısa rəsmi mükafatlarınız varmı?
-Bəli, sevinirəm ki, həmişə fəaliyyətimə diqqətlə yanaşılıb. 1983-cü ildə SSRİ-nin Ali Sovetinin qərarı ilə «За трудовое отличие» ( Əməkdə fərqlənmə) medalına layiq görülmüşəm. Daha sonra 1984-cü ildə SSRİ Nazirliyinin qərarı ilə “Fəxri Radioçu” adını qazanmışam. 2008-ci ildə Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi tərəfindən “Fəxri Fərman”la təltif olundum. 2009-cu ildə Prezident İlham Əliyevin sərancamı ilə “Tərəqqi” medalına layiq görüldüm. 2014-cü ildə isə Ədliyyə Nazirliyinin “Fəxri Fərman” na layiq görüldüm.
- Bu günə qədər hər hansı haqsızlıqla, ədalətsizliklə rastlaşıbsınızmı?
- Olub. Amma əməkdaşlarıma, işçilərimə qarşı həmişə diqqətli olmuşam. Sovet dövründə çalışdığım vaxtlarda bütün işçilərim ev almışdı və rəhbərlik etdiyim Birlikdə ev növbəsi ləğv olunmuşdu.
Bütün bunlara baxmayaraq haqsızlıqlarla da üzləşmişəm. Bu normaldır. İndi həmin insanları küçədə görəndə salam vermirəm (gülür).
-İT sahəsində aktiv fəaliyyətləriniz olub. Hazırda həmin faəliyyətləriniz üçün darıxırsınızmı? İndi İKT üzrə hər hansı fəaliyyətiniz varmı?
-Bəli, çox darıxıram. Aktiv işə öyrəşmişdim, 15 yaşımdan işləyirəm. İndi isə həftədə bir neçə gün işdə oluram. Yorğun deyiləm. Həmin aktiv işlərdə bu gün də çalışa bilərəm (gülür).
-İşdən kənar vaxtınızı necə keçirirsiniz? Əvvəlki dostlarınızla görüşürsünüzmü?
- Hər bazar günü köhnə dostlarımla görüşürük. Bizim görüş yerimiz Novxanıdır ( gülür). Vaxtımın çox hissəsini nəvələrimlə keçirirəm, hərdən dərs vaxtı onları məktəbə aparıram və dərsləri ilə məşğul oluram.
-Sosial mediadan, Facebookdan , Twitterdən necə istifadə edirsiniz ?
-Facebook-dan aktiv isifadə edirəm. Uzaqda olan dostlarımla bu sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayıram. Bəzən xoşuma gəlməyən çox paylaşımlar olur. Belə paylaşımlara rəy bildirmirəm. Arada öz sahəmlə əlaqəli xəbərləri izləyirəm. Facebook-da xoşuma gələn şəkil və status olanda rəy bildirirəm. Köhnə tanışlarımın çoxu məni elə Facebook-dan tapıb.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri