Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

19-12-2018 / 12:47

“Kaspersky Lab” şirkəti Azərbaycanın iternet istifadəçiləri arasında hansı sosial şəbəkələrin populyar olduğunu və istifadəçilərin hesabların sındırılması ilə nə qədər rastlaşdığını müəyyən edib.

Xeberler.az  bildirir ki, şirkət tərəfindən 2018-ci ildə keçirilən araşdırmanın* nəticələrinə görə, Azərbaycanda internet istifadəçilərinin 97%-i müntəzəm olaraq “YouTube”a daxil olur. İstifadəçilər arasında daha sonra populyarlığına görə “Instagram” (84%), “Facebook” (81%), “Mail.ru” (52%), “Google+” (48%), “Vkontakte” (24%), “LinkedIn” (20%), “Twitter” (19%) və “Odnoklassniki.ru”
(14%) şəbəkələri yer alıb.

Messencer xidmətlərinə gəldikdə isə Azərbaycan istifadəçiləri arasında daha çox “WhatsApp” (97%) populyardı. Daha sonra “Facebook Messenger” (73%), “Skype” (53%), “Agent Mail.ru” (25%), “Viber” (20%), “Twitter” (19%), “Vkontakte” (19%) və “Telegram” (16%) gəlir. Maraqlısı odur ki, sorğu istifadəçilərinin 74%-i yazışma üçün ənənəvi olaraq SMS-i seçir.

Təəccüblü deyil ki, internetdə bu cür fəallıq nəticəsində bəzi istifadəçilər kibertəhdidlərdən əziyyət çəkir. “Kaspersky Lab” müəyyən edib ki, təxminən hər onuncu istifadəçi hesabların sındırlması ilə qarşılaşıb. Bununla belə, əksər hallarda (78%) cinayətkarlar hesabları sosial şəbəkələrdə sındırıb.

“İndiki dövrdə kibertəhdidlərin müxtəlifliyini saymaq mümkün deyil. Cinayətkarlar hücumlar üçün müxtəlif alətlər yaradır, onlardan istifadə edir, funksionallığını daim dəyişir və genişləndirirlər ki, bu da onlara istifadəçilərin məxfi məlumatlarını daha tez əldə etməyə imkan verir. Kibercinayətkarların zərərli proqramlarından və fırıldaqçı tələlərindən həm sıravi istifadəçilər, həm də böyük şirkətlər ziyan çəkir. Məhz buna görə bu gün məlumatların və qurğuların qorunması həm zəruridir, həm də rəqəmsal aləmdə yaşamağın baza qaydasıdır”, - deyə “Kaspersky Lab” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Araşdırma onu da göstərib ki, sorğuda iştirak edənlərin 42%-i kibertəhlükəsizlik haqqında yalnız ümumi, 32%-i isə məhdud biliyə malikdir, halbuki respondetlərin 16%-i kibertəhdidlərdən qorunmaq üçün kifayət qədər məlumatlıdır. Tədqiqat “Kaspersky Lab”ın sifarişi ilə 2018-ci ilin oktyabr ayında ERA şirkəti tərəfindən keçirilib. Fərdi müsahibələr çərçivəsində Azərbaycanda yaşı 18-dən 65-dək olan 300 aktiv internet istifadəçisi sorğuda iştirak edib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.