Azərbaycanı tərk edən İT mütəxəssislər harada və nə edir?

31-03-2017 / 11:47

Bəzən belə fikirlərlə qarşılaşırıq ki, Azərbaycanda kifayət qədər mütəxəssis olmadığı üçün müəyyən sahələrdə inkişaf ləng gedir.

Əksər vaxt İKT sektorundakı durğunluğun səbəblərindən biri olaraq da bu fikir səsləndirilir ki, yetərli mütəxəssis olmadığı üçün ölkədə bu sahədə ciddi addımlar atılmır.

Hətta bunun üçün xaricdən çox sayda mütəxəssislər də dəvət edilir. Düzdür, xarici mütəxəssisləri gündəmdə çox görməsək də, hər hansı şirkətə gedəndə orada xaricdən dəvət edilmiş şəxslərin çalışdığının şahidi oluruq.

Müşahidələrimiz göstərir ki, son dövrlərdə Azərbaycanda kifayət qədər olmasa da, müəyyən qədər İT mütəxəssis yetişib. 

Xeberler.az olaraq bir çox mütəxəssislərimizin fəaliyyətini yaxından izləyib, Azərbaycanda sektora verdikləri töhfələr barədə geniş məlumatları da zaman-zaman açıqlayırıq.

Lakin son dövrlər ölkənin İKT sektorundan müxtəlif xarici ölkəyə köçüb, fəaliyyətinə orada davam etmək qərarı verənlərin sayı artır. Belə desək, xaricə beyin köçü hələ də davam edir.

Ətrafımızda olan ən yaxşı İT mütəxəssislər də ölkəni tərk edir.

Xeberler.az olaraq bu məsələni gündəmdə saxlayıb, oxuculara mütəmadi məlumat vermək qərarına gəldik.

Bəlkə də çoxlarımız onları tanımırq, amma bu mütəxəssislərimiz illərlə Azərbaycan  şirkətləri üçün çalışıblar. Onlar öz layihələri ilə diqqət çəkib.

Beləliklə,  “Xaricə köçən İKT mütəxəssislərimiz” mövzusunda ilk araşdırmamızı yazmaq qərarına gəldik. 

Bu layihədə həm mütəxəssislərin Azərbaycandakı fəaliyyəti, həm də hazırda çalışdıqları ölkə və vəzifələri barədə məlumatlar təqdim edəcəyik.

Ramin Orucovu yəqin ki, çoxlarımız tanıyırıq.  Belə ki,  Big Data üzrə İT mütəxəssis Azərbaycanda  təşkil olunan müxtəlif İKT layihə və tədbirlərin təşkilatçılığında yaxından iştirak edib.

 O, uzun illər Azercell şirkətində İT sahəsi üzrə bölmə müdiri vəzifəsində çalışıb.

Ramin Orucov 4 ay  əvvəl Polşaya köçüb. Həmyerlimiz hazırda Varşavada Luxoft sirkətində Big Data mühəndisi işləyir.

Rəqəmsal marketinq üzrə təlimləri ilə tanıdığımız mütəxəssis Fərhad Ələkbərov da ölkəni  tərk edib. Belə ki, həmyerlimiz ötən ildən ailəsi ilə ABŞ-a köçüb.

Öyrənirik ki, Fərhad Ələkbərov hazırda ABŞ-da rəqəmsal marketinq və marketinq yönümlü veb-saytların yaradılması ilə məşğuldur. O, ötən il sentyabr ayından rəsmi olaraq New America College-də çalışır.

Adil Əliyev də Cənubi Koreyaya köçən İT mütəxəssislərimizdəndir.

Belə ki, həmyerlimiz 2 ilə yaxındır ki, Samsung Electronics şirkətinin baş ofisində veb platformalar qrupunda mühəndis (proqram təminatı üzrə) olaraq çalışır.

Qeyd edək ki,  Adil Əliyev 2006-cı ildən 2012-yə qədər Azərbaycanda İDRAK Texnoloji Transfer şirkətində  çalışıb. Bununla yanaşı,  mütəxəssis müxtəlif İT  layihələrdə iştirak edib.

 O, həmçinin Azərbaycanda  müxtəlif universitetlərdə dərs də keçib.

Maraqlı bir faktı da öyrənirik ki,  Adil Əliyev Prezident yanında Dövlət idarəçilik Akademiyasında elə işə başladığı semestrin sonu kənarlaşdırılıb.

Onun ölkəni tərk etmədən öncə son iş yeri isə Azercell şirkəti olub.

Həmyerlimizlə söhbət zamanı öyrənirik ki, hələlik onun da ölkəyə qayıtmaq fikri yoxdur. Belə ki, bundan sonra da o, fəaliyyətinə xaricdə davam etməyi planlaşdırır.

İT mütəxəssis  Samsung şirkətindəki işindən razıdır. Deyir ki, peşəkarlarla çalışmaq və daim texnoloji trendləri izləmək zövqverici işdir:

“Nəinki trendləri izləmək, hətta trendləri yaradan komandanın  üzvü olmaq isə ayrı zövq verir”.

Xatırdaq ki, ötən günlərdə Samsung daha  2 yeni yeni smartfonunu təqdim etdi.

Azərbaycanın startap ekosistemindən tanıdığımız Qərib Mehdiyev də  uzun illərdir ABŞ-da yaşayır  və İT sektorunda çalışır. 

O, WeTravel layihəsinin həmtəsisçisidir. Hazırda layihə ABŞ-dan idarə edilir.

 Azərbaycanda 6 ildən çox  müxtəlif  şirkətlərdə çalışan Sabir Əlizadə də Almaniyaya köçüb.

Keçmiş Qafqaz Universitetinin tələbəsi olan proqramçı hazırda Aachen şəhərində həm magistratura təhsili alır, həm də Software üzrə proqramçı işləyir.

Həmyerlimiz Xeberler.az-a bildirib ki, təhsilini başa vurduqdan sonra öyrəndiklərini xaricdə tətbiq etməyi planlaşdırır.

Xaricə köçən proqramçılardan biri də Elxan Şahverdidir.  Öyrənirik ki, o,  hazırda Estoniyanın Tartu şəhərində Software engineer üzrə magistr təhsili alır.

Elxan Şahverdi həmçinin Belarusiya üçün developer xidməti də göstərir.

Həmyerilimiz deyir ki, ölkəyə qayıtmaq fikri yoxdur. O da fəaliyyətinə xaricdə davam etməyi planlaşdırır.

Azərbaycanın İT sektorunda öz fəaliyyəti ilə seçilən Rüfatət (Rüfət)  Babakişiyev də bu yaxınlarda ölkəni tərk edib.

 

Həmyerlimiz hazırda Birləşmiş Ərəb Əmirliklərindədir.

Növbəti yazılarımızda oxucularımızı son dövrlər xaricə köçən digər İT mütəxəssislərimiz ilə də tanış edəcəyik.

 

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.