Ölkəni tərk edən İT mütəxəssislər – Növbəti araşdırma

11-05-2017 / 16:04

Son vaxtlar Azərbaycanı tərk edib, öz fəaliyyətlərinə xaricdə davam etmək qərarı verən İT mütəxəssislərimiz haqqında bir neçə yazı yazmışıq.

Bu mövzu ətrafında son dövlərdəki yazılarımızı "Azərbaycanı tərk edən İT mütəxəssislər harada və nə edir?" və "Azərbaycanı tərk edən İT mütəxəssislər-Onlar haradadır?" , “ Xaricə köçən İT mütəxəssislər –Növbəti yazı”, “Azərbaycanı tərk edən İT mütəxəssislər” başlıqları ilə saytımızdan oxuya bilərsiniz. 

Xeberler.az olaraq bu mövzunu aktual hesab etdiyimizdən xaricə köçən İT mütəxəssislər barədə araşdırmaya, onları oxucularımıza təqdim etməyə davam edirik.

Xanım proqramçılarımızdan Səhər Ağayeva da bu yaxınlarda ölkəni tərk edib.

1 ildən çoxdur Azercell şirkətində çalışan xanım İT mütəxəssis hazırda Polşanın Krakov şəhərindədir.

Səhər Ağayeva Xeberler.az-a bildirib ki, yaxın günlərdə Epam Systems şirkətində Test Automation Engineer vəzifəsində işə başlayacaq.

Abbas Əliyev də  fəaliyyətinə Kanadanın Toronto şəhərində davam edən İT mütəxəssislərimizdəndir.

O, hazırda Alary Technologies şirkətində sertifikatlı Apple Texniki dəstək mühəndisi (apple certified macintosh and ios technician) kimi çalışır.

Həmyerlimiz Azərbaycanda müxtəlif yerlərdə çalışıb. O, əsasən öz servis mərkəzində  işləyib. Belə ki, onun buradakı işi video studiya, post production və TV-lərdə Apple macintosh sisteminde xətli montaj “cl” səsyazma sistemlerinin qurulmasından ibarət olub.

Abbas Əliyev deyir ki, hazırki işindən çox razıdır. O, işi barədə ətraflı məlumat verib:

“Kanada ele bir ölkədir ki, öz ölkəndə kim olursan ol, burada Kanada təcrübəsi şərtdir. Hazırda Apple şirkətinin istehsal etdiyi butun elektron alətlərə həm texiniki, həm də proqram təminatı dəstəyi veririk. Bu yaxınlarda rəsmi olaraq Apple Premium Service Provider adını aldıq. Məlumatıma görə, Kanadada 6 Premium servis mərkəzindən biri də biz olduq”.

Həmyerlimizin də yaxın vaxtda ölkəyə qayıtmaq fikri yoxdur:

“Hələlik ölkəyə qayıtmağı düşünmürəm. Amma gələcəkdə burada qazandığım təcrübəni, öyrəndiyim bilikləri Azərbaycanda tətbiq etmək istəyərəm. Vətənə fayda vermək üçün gələcəkdə Azərbaycana qayıtmağı düşünürəm. Ümid edirəm ki, bir gün Azərbaycanda da rəsmi Apple servis mərkəzi açılacaq və orada işləmək üçün vətənə qayıdacağıq”.

Elvin Nağıyev isə fəaliyyətini Qazaxıstanda davam etdirir. Belə ki, İT mütəxəssisimiz 2 ildir Qazaxıstan universitetlərinin birində baş proqramçı işləyir.

Qeyd edək ki, mütəxəssis Azərbaycanda 10 il keçmiş Qafqaz Universitetində çalışıb.

Həmyerlimiz Xeberler.az-a bildirib ki, Qafqaz Universitetində proqramçılar komandasının tərkibində elektron məlumat sisteminin yazılması və inkişaf etdirilməsi üzrə fəliyyət göstərib.

Elvin Nağıyev deyir ki, 2015-ci ildə Qazaxıstana təcrübə mübadiləsi çərçivəsində 1 illik ezamiyyətlə gedib və sonra işlədiyi müəssisə ilə müqavilə müddətsiz olaraq uzadılıb.

Mütəxəssis deyir ki, hazırki iş yerindən və məşğul olduğu sahədən çox razıdır.

Belə ki, həmyerlimiz Qazaxıstanda Smart Campus  (ağıllı universitet şəhərciyi) layihəsi üzərində işləyir.

Onun sözlərinə görə, bu layihə Azərbaycandakına (Qafqaz Univeristeti) görə daha geniş və əhatəlidir.

Ölkəyə qayıtmaq məsələsinə gəlincə isə həmyerlimiz bildirib ki, nəinki onun, hətta ailə üzvlərinin də yaxın zamanda ölkəyə qayıtmaq fikri yoxdur.

İlkin Əlibəyli isə Ukraynanın Odessa şəhərində Weo şirkətində çalışır.

Həmyerlimiz burada backend developer vəzifəsini icra edir.

İT Azərbaycanda bir il Safaroff şirkətində , iki il M.F. Axundov adına Milli Kitabxanada və  dörd il Azerfon (Nar) şirkətində full stack developer kimi işləyib.

Proqramçı deyir ki, hazırki işindən çox razıdır:

“Şirkətimiz turizm sahəsi üzrə fəaliyyət göstərir. Böyük bir beynəlxalq turizm layihəsi üzərində  işləyirik. Burada işçiyə daha çox azadlıq verilir. Əlbəttə ki, maaş da çox sərfəlidir. Ona görə işimdəm çox razıyam”.

Həmyerlimizin də yaxın vaxtda ölkəyə qayıtmaq fikrində deyil. O, karyerası üçün daha çox faydalı təcrübə yığmaq niyyətindədir.

Ölkəni tərk edənlərdən Samir Yahyazadə hazırda Nyu-York şəhərində  səhiyyə sektoruna aid AbleTo şirkətində  Senior Software Engineer və Devops Manager olaraq fəaliyyət göstərir.

Mütəxəssis Azərbaycanda Sinteks MMC-də çalışıb. Bununla yanaşı, öz layihələri də olub. Ümumiyyətlə, bu sahə üzrə 15 ildən artıq təcrübəsi var.

Həmyerlimiz Xeberler.az-a bildirib ki, hazırki işindən çox razıdır:

“Şirkətdə demək olar ki, veb-lə əlaqəli bütün işlərə cavabdehəm. Çünki Senior Software Engineer olaraq həm də  DevOps menecer kimi şirkətin proqram təminatı və infrastruktur məsələlərinə baxıram. Hazırda üzərində işlədiyim layihə bütün serverlərin və proqram təminatının Google Cloud Platform-na köçürməkdən ibarətdir. İşim daha çox məsuliyyət tələb edir, çünki bu, bir səhiyyə sistemidir. Belə ki, bizim sistemdə milyonlarla xəstəyə aid olan sağlamlıq haqda informasiyalar var və bu məlumatların təhlükəsizliyi ciddi qorunmalıdır”.

Samir Yahyazadə ABŞ-dakı imkanları qeyd edərək yaxın zamanda ölkəyə qayıtmaq niyyətində olmadığını bildirib:

“Əslində, hamı istəyər ki, ölkəyə qaytsın. Hamı öz ölkəsində yaşamaq istəyər. Amma vəziyyət o qədər çətinləşib ki, bu, artıq mümkün deyil. Hər hansı bir ölkədə yaşamaq üçün oranın yalnız maaşı yox, gündəlik yaşayışı də vacibdir. Yəni, burada söhbət səhiyyə, təhsil və digər imkanlardan gedir. Ona görə də yaxın 10 il ərzində Azərbaycana qayıtmaq fikrim yoxdur. Burada stabil gəlirim və lazım olan bütün imkanlar var. Amerikada verilən tapşırıqları görüb, işinizlə məşğul olduğunuz müddətcə sizə heç kim qarışa, söz deyə bilməz.  Burada iş etikası, işin görülmə tərzi və digər işçilərə olan münasibət çox önəmlidir “.

Həmyerlimiz deyir ki, karyerasında hədəfi bundan 5-10 il sonra daha yüksək vəzifədə işləməkdir.

 Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə