Son vaxtlar Azərbaycanı tərk edib, öz fəaliyyətlərinə xaricdə davam etmək qərarı verən İT mütəxəssislərimiz haqqında bir neçə yazı yazmışıq.
Bu mövzu ətrafında son dövlərdəki yazılarımızı "Azərbaycanı tərk edən İT mütəxəssislər harada və nə edir?" və "Azərbaycanı tərk edən İT mütəxəssislər-Onlar haradadır?" , “ Xaricə köçən İT mütəxəssislər –Növbəti yazı” başlıqları ilə saytımızdan oxuya bilərsiniz.
Xeberler.az olaraq bu mövzunu aktual hesab etdiyimizdən xaricə köçən İT mütəxəssislər barədə araşdırmaya, onları oxucularımıza təqdim etməyə davam edirik.
Ölkəni tərk edib, fəaliyyətinə xaricdə davam edən İT mütəxəssislərimizdən biri də Vüsal Əhmədoğludur.
Azercell şirkətində çalışan həmyerlimiz bu yaxınlarda Berlinə köçüb.
Vüsal Əhmədoğlu Xeberler.az-a bildirib ki, 2012-ci ildən 2017-ci ilin fevral ayına qədər Azercell-də proqramçı mühəndis kimi çalışıb.
“Ümumiyyətlə, 2009- cu ildən peşəkar olaraq karyerama başlamışam. Azercell-dən öncə bir sıra İT şirkətlərdə kifayət qədər layihələrdə iştirak etmişəm. Əsasən coğrafi informasiya sistemlərinin yaradılması üzrə çalışmışam. Açığı, bu sahədə bir az mütəxəssis qıtlığı müşahidə edilir. İri dövlət ləyihlərindən "Azərbaycanın Ünvan Reyestri Sistemi"nin yaradılması, "Dövlət Əmlaklarının Kadastrının Aparılması" üçün proqram təminatı və s. kimi layihələrdə iştirak etmişəm".
Həmyerlimiz həmçinin Azərbaycanda startap layihəsi də qurub:
"2 il öncə bu sahədə biliklərimizdən istifadə edərək 2 dostum ( Altay Əliyev-hazırda Berlində işləyir, İlkin İsgəndərov -R.İ.S.K şirkətinə çalışır) ilə birlikdə Orderhunt.com adlı startap layihəsinə başladıq. Sonra 2 nəfər istedadlı gənc daha qoşuldu. İdeya çatdırılmanın işinin izlənilməsi idi - bir növ kuryerlərin restoran və sifariş verənlər tərəfindən izlənilməsi kimi başa düşmək olar. İşin 80 faizi yekunlaşmışdı. Lakin Azərbaycandakı bazarın əlverişli olmaması, işin davamı üçün büdcə problemləri nəticəsində işi dayandırmaq qərarına gəldik. Ümidimiz, bu işi Berlində davam etməkdir”.
Mütəxəssis bildirib ki, hazırda işindən razıdır və ölkəyə qayıtmaq fikri yoxdur:
“OLX Group şirkətində çalışmaq üçün Berlinə gəldim. Bu şirkət özündə 6 brendi birləşdirir: OLX, Avito, letgo, dubizzle, shedapp. Beynəlxalq mühit, qlobal bir sistem və minlərlə problem. Bura tam öz gücünü göstərmək üçün meydandır. Şirkətin dünyanın bir çox iri şəhərlərində ofisi mövcuddur. Mən Berlin ofisində çalışacam. Burada qeyd olunan brendlərin hamısına ümümi olan servislər Berlində hazırlanır. Mayın1-dən rəsmi olaraq şirktdə işə başlayıram”.
Həmyerlimiz deyir ki, Azercell onun üçün böyük məktəb olub:
“Azercell karyeramda böyük təkanlardan biri idi. Lakin dayanmaq olmaz. Bir sonrakı mərhələ kimi beynəlxalq bir mühitdə işləmək, böyük bir qlobal məhsulun arxasında duran sistemdə çalışmaq, minlərlə serverlərə paylanmış sistemlərin yaradılması, optimizasiya olunması kimi problemlərlə məşğul olmaq istəyində olmuşam”.
İT mütəxəssis Cəlil Əhmədov da Türkiyədə fəaliyyətinə davam edir.
O, hazırda Türkiyədə kiçik dövlət qurumları üçün proyektlər hazırlayan Analitik Yazılım firmasının Proqramlaşdırma şöbəsində proqramçı-mütəxəssis vəzifəsində çalışır.
Cəlil Əhmədov Bakıda Bestcomp Group şirkətinin Proqramlaşdırma şöbəsində çalışıb.
O, Xeberler.az-a bildirib ki, hazırki işindən razıdır:
“Təhsilimi xaricdə bitirdikdən sonra Azərbaycanın ən nüfuzlu İKT şirkətlərindən Bestcomp Group-a müraciət etdim. Çox səmimi İdarə heyəti və mehriban kollektivlə 5 ildən artıq həmin firmada Proqramlaşdırma şöbəsində çalışdım. Hazırki işimdən də razıyam. Bizim sahə hər gün inkişaf edir. O baxımdan, burada da özünü inkişaf etdirmək üçün hər cür şərait var”.
Həmyerlimiz də yaxın vaxtda ölkəyə qayıtmağı düşünmür:
“Hələ təzə gəlmişəm deyə yaxın gələcəkdə qayıtmağı fikirləşmirəm. Bunu gələcək özü göstərəcək”.
Kənan Məmmədli də fəaliyyətinə Belarus Respublikasında davam edən mütəxəssislərdəndir.
O, EPAM Systems (www.epam.com) şirkətinin Belarusda yerləşən ofisində çalışır.
Qeyd edək ki, bu şirkət 1993-cü ildə yaranıb və hazırda 4 qitədə, 25-dən çox ölkədə fəaliyyət göstərir. Texniki şirkətlərin arasında inkişaf sürətinə görə ilk 25-likdə 8-ci yeri tutur. Mükəmməllik səviyyəsi ən yüksəkdir, CMMI 5. Şirkətin İT mütəxəssilərin sayı dünyada 20 mini, Minskda -7 mini keçib, EPAM Systems ən böyük İT outsource şirkətlər siyahısında zirvədədir.
Həmyerlimiz 2016-cı ilin sentyabırından Minsk ofisində BI Practice departamentində Lead Software Engineer vəzifəsində çalışır:
“Mən bu şirkətə gələndə artıq burada bir azərbaycanlı çalışırdı. Mən gələndən sonra azərbaycanlılar daha da artdı. İllərlə birlikdə çalışdığım 3 yüksək bacarığa malik mühəndisləri dəvət etdim və şirkət onları bəyənərək, işə qəbul etdi”.
Kənan Məmmədli deyir ki, 20 ilə yaxındır İT sahəsində çalışır . Ölkəni tərk etmədən Azərbaycanda ən uzun müddət çalışdığı şirkət Azercell olub:
“Azercell-də 14 il işlədim və öyrəndim. Ora ən boyük İT məktəbimə çevrildi. Azercell-in İT mütəxəssisləri hər zaman peşəkar örnək olub. 2008-ci ikdə Proqram Təminatın Testi ilə məşğul olan bölüm Azərbaycanda ilk dəfə Azercell-də yaradıldı. 2009 -cu ildə o bölümün rəhbərliyini mənə etibar etdilər və biz 5 il ərzində geniş inkişafa nail olduq. Azercell çox sayda İT mütəxəssis yetişdirib. Şirkətdən xeyli həmkarlarım ABŞ, Almaniya, Polşa, İngiltərə, İrlandiya, Fransa, Koreya, Avstraliya və Çexiyanın müxtəlif şəhərlərinə köçüb. Bildiyim qədər, şirkətin mütəxəssisləri ən çox ABŞ və Almaniyaya gedib. Lakin Azercell-də işləyənləri ən çox birləşdirən EPAM Systems-dir. Burada 5 nəfər azərbaycanlı çalışırıq. Onlardan 4-ü Azercellidir”.
Həmyerlimiz deyib ki, hazırki işindən və mühitdən çox razıdır:
“Bura tam olaraq İT şirkətidir. Daxildən baxıram, böyük mürəkkəb kosmik gəmini xatırladır. CMMI 5 artıq hər məqamı izah edir. Layihələrin mürəkkəbliyi, müxtəlifliyi heyran edir. Bura gəldiyim ilk həftədə Reference Architecture sənədinə təcrübəm və biliklərim əsasında əlavələrimi istədilər. Bu sənəd layihələrin müxtəlif mərhələləri ücün tövsiyələr toplusudur. 2 ay öncə Hackathon (proqramçılar arasında yarış) keçirilirdi, qrupların birinə rəhbərlik etməyə mənə həvalə etdilər və biz 1-ci yeri tutduq. EPAM-da fərdi inkişafa çox böyük diqqət yetirilir. Yüksək biliyə malik olanlar mütləq mütəmadi təqdimatlar keçirir. Hətta, bütün təqdimatlar onlayn olur, yazılır və sonra ümumi kitabxanaya yığılır. Daxili Solution Architecture School, Solution Architect Univercity var. Bunların hər pillələri üçün çox dəqiq vəzifə öhdəlikləri qeyd olunub”.
Kənan Məmmədli qeyd edib ki, qohumları, dostları üçün çox darıxır və ölkəyə qayıtmaq istəyər:
“Əlbəttə, ölkəyə qayıtmaq istəyirəm. İki qızım var. İstəyirəm ki, onlar dünyanın ən yüksək səviyyəli universitetlərində təhsil alsın. Onlar ən yaxşı təhsili alandan və mənim qazancım da yaşadığım məkandan asılı olmayandan sonra ölkəyə qayıda bilərəm. Qəriblikdə adam qohumları, dostları üçün çox darıxır. Burada ən çətin keçən istirahət günləri olur”.
Röyal Laçınov da ölkəni tərk edən İT mütəxəssislərdəndir.
O, hazırda Kanadada Achievers şirkətində Android developer işləyir.
Həmyerlimiz xaricə getmədən öncə Azərbaycanda bu sahə üzrə Əmlak Məsələləri üzrə Dövlət Komitəsində və ABŞ səfirliyində çalışıb.
Mütəxəssisin ümumi olaraq Software Engineer üzrə 4 ildən çox iş təcrübəsi var.
Röya Laçınovun da ölkəyə qaytmaq fikri yoxdur.
Həmyerlimiz Xeberler.az-a bildirib ki, ən böyük məqsədi Amerikada böyük şirkətlərdə işləməkdir. Onun sözlərinə görə, Kanadada bunun üçün geniş imkanlar mövcuddur.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri