Azərbaycanı tərk edən İT mütəxəssislər-Onlar haradadır?

03-04-2017 / 12:46

Son vaxtlar Azərbaycanı tərk edib, öz fəaliyyətlərinə xaricdə davam etmək qərarı  verən İT mütəxəssislərimizin sayı artır. Belə ki, xaricə beyin axını davam edir.

Xeberler.az olaraq bir çox mütəxəssislərimizin fəaliyyətini yaxından izləyib, Azərbaycanda sektora verdikləri töhfələr barədə geniş məlumatları da zaman-zaman açıqlayırıq.

Müşahidələrimiz göstərir ki, ətrafımızda olan ən yaxşı İT mütəxəssislər də ölkəni tərk edir.

Bu məsələni gündəmdə saxlayıb, oxuculara mütəmadi məlumat təqdim edirik.

Ötən məqaləmizi buradan oxuya bilərsiniz.

Xaricə köçən İT mütəxəssislər barədə araşdırmaya, onları oxucularımıza təqdim etməyə davam edirik.

Xaricə köçən İT mütəxəssislərdən Rövşən Musayev hazırda Çexiyanın Brno şəhərində  IBM şirkətində “Automation Engineer” üzrə  çalışır.

Qeyd edək ki, Rövşən Musayev Azərbaycanda SOCAR Azercell kimi şirkətlərdə  Məhsul və Xidmətlərin idarəedilməsi bölməsində mühəndis olaraq çalışıb.

O, 2016-cı ilin avqust ayında ailəsi ilə birgə Çexiyaya köçüb.

Rövşən Musayevin 2 övladı var.

Mütəxəssis deyir ki, özünün və övladlarının gələcək inkişafı üçün xaricdə fəaliyyətinə davam etmək niyətindədir:

“Əslində, yenliyi sevən insanam. Sonrakı illərdə harada olacağım bəlli deyil (gülür). Hazırda işimdən çox razıyam. Azərbaycanın İT bazarı çox kiçikdir. Burada isə keryeram üçün çox imkan var. Bununla yanaşı, Avropada daim inkşaf var. Həmçinin buranın havası da çox təmizdir. Ölkədə yaşıllıq çoxdur”.

Həmyerlimiz yad ölkədə yaşamaq və işləməyin çətinliyinə də toxunub:

“Etraf edim ki, arada Azərbaycan üçün darıxıram. Bəzən olub ki, ölkəyə qayıtmaq istəmişəm. Amma bu mərhələyə gəlmək üçün çəkdiyim əmək məni fikrimdən daşındırıb. İnsan başqa ölkədə olanda vətəninə nə qədər bağlı olduğunu daha yaxşı anlayır . Burada Bakıda malik olduğun imkanlara ( maşın, ev və s.) sahib olmaq uzun illər tələb edir. Ona görə xaricə gələndə istər-istəməz həyat səviyyəsi aşağı düşür".

Namiq Mustafayev də ölkəni tərk edib, fəaliyyətinə xaricdə davam etmək qərarına gələn İT mütəxəssislərdəndir.

Həmyerlimiz hazırda Latvianın Riqa şəhərində yerləşən məşhur Accenture şirkətində “Senior Analyst – Senior Software Developer” üzrə  çalışır.

O, Azərbaycanda Veysəloğlu Holdinqdə 7 ildən çox proqramçı  işləyib. Daha sonra holdinqdə  Proqram Təminatı bölməsinin rəhbəri  vəzifəsində çalışıb.

Accenture şirkəti 56 ölkədə fəalliyət göstərir. 200 şəhərdə ofisi  və 401 minə yaxın işçisi var.

Həmyerlimiz deyir ki, karyerasında inkişaf etmək istəyənlər üçün orada yaxşı fürsətlər var.

Digər həmyerlimiz Elşad Pirimov da  Riqada  “Project management” üzrə magistratura təhsili alır.  O, eyni zamanda Belçikanın Levelapp şirkəti üçün software developer xidməti göstərir.

İT mütəxəssis Azərbaycanda SİNAM, Bank of Baku Voida kimi şirkətlərdə 6 ildən çox fəaliyyət göstərib.

Həmyerlimiz Xeberler.az-a bildirib ki, hazırda işindən çox razıdır:

“Peşəkar mütəxəssislərlə işləmək, özümü İT sahəsində inkişaf etdirmək mənə zövq verir”.

Elşad Pirimovun da ölkəyə qayıtmaq fikri yoxdur. 

İT mütəxəssislərimizdən Fuad Hacıyev də Polşaya köçənlərdəndir.

O, hazırda Polşada BI ekspert (Business Intelligence, məlumat bazası üzrə proqramçı) olaraq fəaliyyət göstərir.

Həmyerlimiz Azərbaycanda  4 il Nar şirkətində BI və DwH üzrə aparıcı mütəxəssis və ekspert kimi çalışıb.

O, həmçinin KocSistemYapiKredi-nin birgə layihəsində proqram təminati üzrə  konsultant (Appliction Consultant-Oracle BI üzrə ) kimi fəaliyyət göstərib.

Fuad Hacıyev deyir ki, çalışdığı şirkətdə, ümumiyyətlə, Polşada İT sahəsi üzrə yeni texnologiyaların inkişafı üçün böyük prespektivlər mövcuddur.

Bayram Bayramlı da son vaxtlar ölkəni tərk edənlərdəndir.

Belə ki,  İT mütəxəssis fevral ayından etibarən Polşanın Wroclaw şəhərində IBM şirkətində Senior System Administrator kimi fəaliyyətə başlayıb.

Qeyd edək ki, Bayram Bayramlı Azərbaycanda 3 il SİNAM şirkətində Unix Sistem Administratoru olaraq çalışıb. Onun şirkətdəki işi dövlət layihələri çərçivəsində data mərkəzlərinin İT avadanlıqlarının (server, storage, backup və s.) qurulması və Unix / Linux əməliyyat sistemlərinin idarə edilməsindən ibarət olub.

Ölkəni tərk edənə qədər isə Nar şirkətində Sistem Administratoru vəzifəsində  çalışıb.

Həmyerlimiz Xeberler.az-a bildirib ki, hazırda Polşada böyük bir sığorta şirkətinin Linux data mərkəzlərini və Cloud sistemlərini idarə etmək və onların davamlı fəaliyyətini təmin etmək istiqamətində  fəaliyyət göstərirlər.

Bayram Bayramlı qeyd edib ki, Polşaya getməkdə əsas məqsədi böyük şirkətlərin təcrübəsini öyrənməkdir:

“Polşa İT sahəsində Azərbaycandan çox irəlidədir. Belə ki, burada sistem administratorunun bir çox gündəlik işlərinin avtomatlaşdırılması, Cloud sistemlərinin tətbiqi, təhlükəsizlik məsələləri və digər məqamlar çox inkişaf edib”.

Onu da qeyd edək ki, saytımızda yayımlanan ilk araşdırma yazısı sosial şəbəkələrdə, ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Məsələyə münasibət bildirən bəzi ekspertlər hesab edir ki, bü cür kadrların yetişməsi asan başa gəlmir. Qeyd edilir ki, belə kadrların formalaşmasına uzun zaman tələb olunur.  Onlara, təhsillərinə burada xeyli investisiya qoyulur.  Beləliklə, ekspertlər  hesab edir ki,  belə qənaətə gəlmək olar ki,qoyulan investisiyanın bəhrəsini burada yetərincə görə bilməyəcəyik.

Azərbayan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz Facebook səhifəsində məsələni şərh edərkən qeyd edib ki, hökumət uzun illər boyu formalaşan kadrlarının qayğısına qalmalı, bu prosesə ciddi yanaşmalıdır:

“Bəli, indi bizdə iqtisadi sıxıntılar var. Devalvasiya əmək haqlarına ciddi təsir edib. İT sektorda dövlət sifarişləri kəskin azalıb, bu sektorda ciddi ixtiasarlar olub. Təəssüf ki, yerli İT şirkətlərimiz də uzun illər boyu öz fəaliyyətlərini və bizneslərini əsasən dövlət sifarişləri üzərində qurublar. Buna görə də indiki durumda bəziləri iflas olub, xeyli İT kadrları ixtisar ediblər, bəziləri də sıfırdan başlamağa məcburdur. Hələ indi-indi xaricdə biznes qurmağa üstünlük verən İT şirkətlərimiz var. Hazırda bu sektorda investisiya yatırımları da yetərli deyil. Belə olan halda da İT kadrlar üçün çox çətin olur. Düşünürəm ki, hökumət uzun illər boyu formalaşan kadrlarının qayğısına qalmalı, bu prosesə ciddi yanaşmalıdır.  Hökumət qənaət üçün İT xərclərin azaldılmasına deyil, daha da bu sahənin inkişafına diqqət yönəltməlidir”.

Ekspert hesab edir ki, başqa ölkələrdə olduğu kimi indiki çətin durumda məhz bu cür kadrların dəstəklənməsi üçün müəyyən dövlət proqramları qəbul edilməlidir:

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYT), İqtisadiyyat Nazirliyi, İqtisadi İslahatlara Dəstəklə bağlı yaradılan qurumlarımız bu problemi diqqətdə saxlamalıdırlar. Sabah bizim vəziyyətimiz daha yaxşı olanda, daha böyük işlərə, daha böyük İT layihələrə ehtiyacımız olanda məcbur olacağıq ki,  bü cür İT kadrları xaricdən dəvət edək. Xarici İT mütəxəssislərə görülən işlərin nəticəsini də biz yaxşı bilirk ki, necə və neçəyə başa gəlir, dövlət və özəl sektor necə asılı vəziyyətə salınır?!”.

Növbəti yazılarımızda oxucularımızı son dövrlər xaricə köçən digər İT mütəxəssislərimiz ilə də tanış edəcəyik.

Məltəm Talıbzadə

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə