“Məqsədimiz müasir tələblərə cavab verən peşəkar kadrlar hazırlamaqdır”

03-08-2015 / 13:24

Hazırda ölkəmizdə İT sahəsində peşəkar kadrlara , o cümlədən də texnologiyaları mənimsəyən və öz sahəsində tətbiq etməyi bacaran kadrlara ciddi ehtiyac duyulur. Bu cür kadrların hazırlanması mühüm əhəmiyyət kəsb edən məsələdir. İKT sahəsində kadrların hazırlanması istiqamətində son illərdə bir sıra addımlar atılıb.  Bu sahə üzrə kadrlar hazırlayan universitetlər yaranıb, ali təhsil müəssisələrinin imkanları genişləndirilib və mövcud ixtisasların seçimi  genişlənib.

Əksər Universitetlərdə informasiya və kommunikasiya  texnologiyaları ilə bağlı kafedralar fəaliyyət göstərir.

Xeberler.az olaraq Azərbaycan Turizm və Menecment Universitetinin  İnformasiya texnologiyaları və təbiət elmləri kafedrasının müdiri Nazim Rüstəmov ilə universitetdə kadrların hazırlanması istiqamətində görülən işlərlə maraqlandıq.

-Nazim müəllim, kafedra nə zamandan fəaliyyət göstərir? Hazırda əsas fəaliyyət istiqamətləri hansılardır ?

-"Turizmdə İnformasiya texnologiyaları" kafedrası 2008-ci ildə yaradılıb.  Sonralar kafedrada tədris olunan fənləri  nəzərə alaraq universitetin Elmi Şurasında adı dəyişdirilərək “İnformasiya texnologiyaları və təbiət elmləri” adı təsdiq olunub. “İnformasiya texnologiyaları və təbiət elmləri”  kafedrası tələbələrin informasiya texnologiyaları sahəsində dövlət proqramı üzrə təhsilini təşkil edir. Bundan başqa tədris və elmi işlərinin informasiya təminatı, əməkdaşların və müəllimlərin informatika sahəsində bilik və bacarıqlarını təkmilləşdirməsi üçün müvafiq işləri həyata keçirir. Eyni zamanda, tələbə  və professor- müəllim heyətinə tədris prosesində və elmi tədqiqatlarda mövcud proqramların tətbiqinə yardım edir. Kafedrada İnformatika, Turizmdə informasiya  texnologiyaları, İnformatika və kompüter texnologiyası, İnformasiya texnologiyalarının əsasları, İnformasiya kommunikasiya texnologiyaları, İqtisadi informatika, Logistikada informasiya təminatı, Logistikada informasiya texnologiyaları, Kompüter qrafikası və Multimedia texnologiyaları, Kompüter tərcümə proqramları, Avtomatlaşdırmanın əsasları, Bronlaşdırma sistemləri  və digər təbiət elmləri tədris olunur.

-İxtisas seçimində tələbə sərbəstdirmi? Sizin kafedrada ixtisaslaşma nə zamandan, neçənci kursdan  başlayır? Bu proses necə baş verir?

-ATMU-da tələbə nəinki ixtisas seçimində ümumiyyətlə başqa universitetlərə nisbətən çox məsələlərdə sərbəstdir. Qeyd edim ki, Boloniya təhsil sisteminin ən əsas üstün cəhəti demokratik təhsil mühitinin olması, tələbə-müəllim hüquqlarının daha çox qorunmasıdır. Və həmin prinsiplər ATMU-da daha çox qorunur. Ümumiyyətlə boloniya prosesində kurs məhvumu rəmzi xarakter daşıyır. Əsas məsələ müəyyən olunmuş fənlərin kreditlərini qazanmaqdır. Bundan sonra növbəti kursa keçirlər və ixtisaslaşma seçimi edirlər.  Tələbələrin  seçdikləri ixtisasa mükəmməl yiyələnmələrində ixtisaslaşma mühüm rol oynayır. Ona görə kafedranın müəllimləri onların ixtisaslaşmanın seçilməsinə yardımçı olur. Ancaq ixtisaslaşma seçimində tələbə tam sərbəstdir. Bununla belə, müəllim heyəti öz tövsiyələrini tələbələrdən əsirgəmir.

-Diplom işlərinin, kurs işlərinin mövzuları necə müəyyən olunur ? Tələbələrin seçimi necə olur ? Müdafiə prosesi necə təşkil olunur ?

-ATMU-nun  müəllim və professor heyətinin məqsədi dövrün tələblərinə cavab verən, müasir texnologiyalardan xəbərdar olan savadlı kadrlar yetişdirməkdir. Tədris müddətində yazılan sərbəst və kurs işləri gələcəkdə diplom işinin hazırlanması üçün baza  rolunu oynayır. Mövzular tələbələrə təqdim olunduqdan sonra seçim gənclərin öhdəsinə buraxılır. Mövzu seçimində də tələbələrə tam sərbəstlik verilir. Universitetin Elmi Şurasının qərarı ilə ancaq yuxarı bal toplayan tələbələrin diplom işi yazmağa icazə verilir. Yüksək bal toplaya bilməyən tələbələr isə sonda imtahan verərək diplom ala bilirlər. Sonuncu kursda tələbələrin yazdıqları bu “Buraxılış işi” əvvəlcə kafedrada müzakirə edilir, sonra isə yaradılmış müdafiə komissiyasının iştirakı ilə müdafiə edirlər. Uğur qazanmayan tələbələrə növbəti ildə yenidən müdafiə üçün şərait yaradılır. Qiymətləndirmə 100 ballıq sistemlə olur. Onu deyim ki, Universitetin rektoru professor Cəfər Cəfərov belə proseslərin tam şəffaf və demokratik keçirilməsinə xüsusi diqqət edir. Hətta bu imtahanlarda valideynlərin, jurnalistlərin və ya ictimai nüfuzu olan elm adamlarının iştirakına şərait yaradılır.

-Tələbələriniz hansısa tədbirlərdə, konfraslarda, sərgilərdə , olimpiadalarda iştirak edirlərmi ? Hansı uğurlar var?

-Əvvəla onu deyim ki, mən özüm İnfromatika üzrə tələbələr arasında keçirilən Olimpiadanın  Təhsil Nazirliyi tərəfindən təşkil olunan münsiflər heyətinin üzvüyəm. Ancaq ATMU-da hələ ki, kompüter mühəndisliyi ixtisası olmadığı üçün tələbələr əsasən turizm sahəsi üzrə keçirilən tədbirlərə maraq göstərirlər. Onlar istər universitet daxilində, istərsə də, respublikadan kənarda tez-tez  tədbirlərdə, konfranslarda  iştirak edirlər. Bu, tələbələrin universitetin ictimai həyatında fəal iştirak etmələri ilə bərabər, onların seçdikləri ixtisasa yiyələnmələrində də stimul rolunu oynayır. Bu sahədə qazanılan uğurlarla kollektivimiz öyünə bilər. Onu da deyim Birinci Avropa oyunlarında bizim tələbələr daha fəal iştirak etdilər. Və qazandıqları bilikləri tətbiq edə bildilər.

-Hazırda Kafedranın qarşısında duran əsas vəzifəni qısa olaraq necə təsvir edə bilərsiniz ?

-Hazırda kafedramız yeni tədris ilinə hazırlıqla məşğuldur. İmtahanlar yekunlaşıb. Müəllim heyətinə yeni tədris ili ilə bağlı tapşırıqlar verilib. Onlar növbəti dərs ili üçün proqram və sillabusların hazırlanması ilə məşğuldurlar.  Kafedra isə öz növbəsində, hazırda fəaliyyət göstərən yay məktəbinin işinə nəzarət edir və tələbələrin kəsrlərinin ləğvi üçün bu imkandan maksimum dərəcədə yararlanmasına şərait yaradır. 

-Kafedranın işlərinə kənardan da ekspertlər, İT şirkətlərin rəhbərlərini cəlb edirsinizmi ?

-Əsasən digər ali məktəblərin İT kafedraları ilə əməkdaşlıq edirik. Bir daha qeyd etmək istərdim ki universitet əsasən turizm sənayesi üçün mütəxəssislər yetişdirdiyi üçün turizm şirkətləri ilə daha çox əlaqələr qurulur. ATMU-da hazırlanan kadrlar da avropa standartlarına cavab verə biləcək səviyyədə hazırlanır. Avstriya Universiteti ilə müştərək əlaqələrimiz, əldə etdiyimiz uğurlar  bunu deməyə əsas verir. 

-Necə düşünürsünüz, müasir  şirkətlər sizdən hansı tələblərə cavab verən mütəxəssislər gözləyir ?

-Dövr, zaman dəyişib. İndi diplom heç nəyi həll etmir. Rəqabət artdıqca, güclülər zəifləri aradan çıxarır. Artıq şirkətlər qapılarını yalnız savadlı, işinin ustası olan mütəxəssislərə açırlar. Bu təbii bir prosesdir. Çünki zaman bunu tələb edir. Bizim tələbələr əsasən menecment sahəsində, turizm sektorunda işləməyə maraq göstərirlər. Ona görə onlar otellərdə işləməyə çalışırlar. Yeri gəlmişkən, onu da deyim bizdə Bronlaşdırma ayrıca fənn kimi tədris olunur və bu da tələbələrin otellərdə iş tapmasını asanlaşdırır. Çünki şirkətlər bronlaşdırma sistemlərini bilən mütəxəssislərə daha çox ehtiyac olduğunu bildirirlər. Bunu anlayan hər kəs artıq çalışır ki, öz sahəsinin ən yaxşı mütəxəssisi olsun.

-Kafedrada hansısa elmi tədqiqatlar aparılırmı ? Elmi tədqiqatlara biznes sektoru da cəlb olunurmu ?

-Kafedrada hər bir müəllimin elmi-tədqiqat mövzusu və mərhələ planlarına müvafiq elmi tədqiqat işləri mövcuddur. Bu onun vəzifə borcudur. Ümumi şəkildə isə kafedranın müəyyən elmi tədqiqat istiqaməti vardır. Yəni daha konkret kafedranın əsas elmi-tədqiqat mövzusu: “Turizmin inkişafı məqsədilə Azərbaycan Respublikasında İT texnologiyalarının inkişafı, turizm sahəsində korporativ informasiya sisteminin yaradılması və distant təhsil üçün səmərəli texnologiyanın seçilməsi” adlanır.

-Kafedra tərkibində hansısa laboratoriyalar, kompüter mərkəzləri yaradılıbmı ?

-Kafedranın nəzdində 2 kompüter sinfi  fəaliyyət göstərir. Kompüterlər  tədrisdə istifadə olunan müasir proqram paketləri ilə o cümlədən “Amadeus” bronlaşdırma sistemi ilə təmin olunub və genişzolaqlı İnternetə qoşulub.

-Tələbələrin təcrübə keçməsini necə təşkil edirsiniz ?

-Qabaqcadan müxtəlif şirkətlərlə müqavilə bağlanılır və tələbələr sonuncu kursda və ya yay aylarında həmin şirkətlərdə istehsalat təcrübəsi keçirlər. Hətta bəzi hallarda həmin müddətdə tələbə işləyərək həm maaş alır, eyni zamanda təcrübə keçirlər.

-Sizin kafedranın məzunlarının iş tapması asandırmı? Məzunların iş  tapması üçün hansısa qarantiyalar varmı ? Şirkətlərlə müqavilələr bağlanıbmı ? Sizin məzunlarınız  əsasən haralarda iş tapa bilirlər ?

-Son illər ölkədə turizm sektoru sürətlə inkişaf edir. Bu, gənc mütəxəssislər üçün yeni iş yerləri deməkdir. Üstəlik, öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün əla fürsərdir. Sevindirici haldır ki, ATMU-nun məzunları nüfuzlu otel və istirahət mərkəzlərində işlə təmin olunur, universitetin adını doğruldurlar.

-Kafedranın gələcək inkişaf perspektivləri necədir ?

-Elm  elə bir sahədir ki, burada son nöqtə yoxdur. Bəşər durduqca elm də, texnika da inkişaf etməkdə davam edəcək. Deməli, elmə söykənən təhsil sistemi də daim yenilənəcək və inkişaf edəcək. Kafedranın işi də, daha peşəkar kadrların hazırlanması istiqamətində universitet rəhbərliyinə yardımçı olmaqdan ibarətdir

-Bu ixtisas üzrə təhsil alanların içərisində kimlər çoxluq təşkil edir , qızlar yoxsa oğlanlar ?

-İlk baxışdan Azərbaycan mentalitetini nəzərə alsaq elə görünə bilər ki, turizm sənayesində əsasən oğlanlar olar. Ancaq universitetimizdə mənə elə gəlir təhsil alan qızların sayı çoxdur.

-Kafedranın texnologiyalarla, İnternetlə təminatı necədir ? İKT dən tədris prosesinin qurulmasında necə istiafdə olunur ?

-Universitetdə müasir tələblərə cavab verən server quraşdırılıb. Fiber-optik kabellə İnternetə qoşulub. Müəllimlər dərslərin tədrisi zamanı informasiya texnologiyalarından və interaktiv metodlardan istifadə edirlər. Tədris zamanı kafedra əməkdaşlarının və başqa müəlliflərin çap etdirdikləri dərs vəsaitləri, metodik vəsaitlər və dərsliklər elektron və əyani formada istifadə edilir. Tələbələrin istifadə etmələri üçün kitabxana müxtəlif kitablarla təmin edilir və tələbələr lazımı dərs vəsaitlərini əldə edə bilirlər.

-Kafedra öz fəaliyyət istiqamətlərinə uyğun olan fənnlər və ixtisaslar üzrə  üzrə metodiki vəsaitlərin hazırlanmasında iştirak edirmi ? Kafedra Universitet üzrə, ölkə üzrə hansısa olimpiadaların, tədbirlərin təşkilində , metodiki təminatında iştirak edirmi ?

-Müxtəlif fənlər üzrə elektron dərs vəsaitləri və tədris vəsaitləri hazırlanıb və tələbələrin istifadə etməsi üçün kitabxanaya da təqdim edilib.

-Siz ölkədə İKT-nin inkişaf perspektivlərini necə görürsünüz ?

-İKT-nin inkişafı haqqında çox geniş danışmaq olar. Ancaq fikrimcə yaxın zamanda Təhsil haqqında qanunda nəzərdə tutulan distant təhsilin təşkilinə başlamaq yaxşı olardı. Onu da deyim ki, universitetimiz distant təhsilə başlamaq üçün xeyli müddətdir ki, hazırlıq aparır.

 

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə