“Universitetin hesabına kadrlarımızı Avropaya ixtisas artırma kurslarına göndəririk”

21-10-2015 / 12:21

Hazırda ölkəmizdə İT sahəsində peşəkar kadrlara, o cümlədən də texnologiyaları mənimsəyən və öz sahəsində tətbiq etməyi bacaran kadrlara ciddi ehtiyac duyulur. Bu cür kadrların hazırlanması mühüm əhəmiyyət kəsb edən məsələdir. İKT sahəsində kadrların hazırlanması istiqamətində son illərdə bir sıra addımlar atılıb.  Bu sahə üzrə kadrlar hazırlayan universitetlər yaranıb, ali təhsil müəssisələrinin imkanları genişləndirilib və mövcud ixtisasların seçimi  genişlənib.

Əksər universitetlərdə informasiya və kommunikasiya  texnologiyaları ilə bağlı fakültə, kafedralar fəaliyyət göstərir.

Xeberler.az olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və informasiya texnologiyaları (MİT) fakültəsinin dekanı Akif Qasımlı ilə söhbətləşdik.

-Akif müəllim, fakültə nə zamandan fəliyyət göstərir? Hazırda əsas fəaliyyət istiqamətləri hansılardır ?

-MİT fakültəsi 1997-ci ildə Mexanikləşdirmə və avtomatlaşdırma fakültəsi (MAF) kimi fəaliyyətə başlayıb. Əvvəllər isə Tikintinin avtomatlaşdırılması fakültəsində bu sahə üzrə ixtisas hazırlığı aparılırdı. 2013-cü ildən hazırlanan ixtisasların vacibliyini nəzərə alaraq fakültə Mexanika və informasiya texnologiyaları (MİT) adlandırılıb. Hazırda fakültədə hazırlanan ixtisaslar -texnoloji maşın və avadanlıqlar mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, mexanika mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi. Hazırlanan 4 ixtisasdan sırf ikisi  İKT ilə biləvasitə əlaqəlidir.

-Fakültədə hansı əsas  fənlər, ixtisas fənləri,  kurslar tədris olunur ? Ən vacib hesab etdiyiniz hansılardır ?

-Mütəxəssis hazırlığı biləvasitə tədris olunan ixtisas fənləri ilə əlaqəlidir. Əsas fənlər çoxdur. Ən vacibləri “İnformasiya texnologiyaları və sistemləri”, “Sistem proqramlaşdırma və əməliyyatlar sistemi”, “İntelektual sistemlər”, “Verilənlərin strukturu və verilənlər bazası sistemləri”, “Avtomatik idarəetmə nəzəriyyəsi”, “Mikroprosessorlu idarəetmə sistemləri”, “Əməliyyatların tədqiqi və optimallaşdırılması”  və s. bu kimi  fənlərdir.

-İxtisaslaşma nə zamandan, neçənci kursdan  başlayır ? Bu proses necə baş verir? İxtisas seçimində tələbə sərbəstdirmi ?

-Əsas ixtisas fənlərinin tədrisinə 3-cü kursdan başlanır. Lakin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyində isə 1-ci kursdan ixtisas yönümlü fənlərin tədrisi aparılır. İxtisas seçimi tam sərbəstdir və qəbul zamanı topladığı balın uyğunluğuna əsasən abituriyent tərəfindən yerinə yetirilir.

-Diplom işlərinin, kurs işlərinin mövzuları necə müəyyən olunur ? Tələbələrin seçimi necə olur ? Müdafiə prosesi necə təşkil olunur ?

-Diplom işlərinin mövzuları, müasir tələblərə uyğun kafedraların təcrübəli müəllimləri tərəfindən əvvəlcədən hazırlanaraq kafedralarda elan güşəsində yerləşdirilir və tələbələr tərəfindən sərbəst şəkildə seçilir. Kurs layihələri isə ya tək-tək, ya da bir neçə nəfərin birgə işləməsi üçün hazırlanır. İstər buraxılış işləri istərsə də kurs layihələri kafedrada yaradılmış xüsusi komissiyada dekanlığın da iştirakı ilə ilkin müzakirəsi təşkil olunur, çatışmamazlıqlar aradan qaldırılaraq əsas müdafiəyə buraxılır.

-Tələbələriniz hansısa tədbirlərdə konfraslarda sərgilərdə , olimpiadalarda iştirak edirlərmi ? Hansı uğurlar var ?

-Tələbələrimiz İT ilə bağlı müxtəlif olimpiadalarda, sərgilərdə, konfranslarda layiqincə iştirak edir və uğurlar qazanırlar. Məsələn, 2013 və 2014-cü illərdə Gürcüstan Texniki universitetində İT ilə bağlı keçirilən olimpiadada fakültə tələbələri universiteti təmsil edərək uğurlu çıxış edib. 2014-cü ildə Qazaxstanın Nazarbayev universitetində keçirilən İT üzrə Beynəlxalq tələbələr arası müsabiqədə ən yaxşı innovativ layihə üzrə II yer, 2015-ci ildə StartUp Azərbaycan layihəsi çərçivəsində “E-gov mobil tədbiqləri” nominasiyası üzrə “Robi Guide” layihəsinin qalibi, 2015-ci ildə Dünya ölkələri arası StartUp layihə müsabiqəsi olan Rockstart Answer müsabiqəsinin Azərbaycan üzrə “Robi Guide” layihəsi üzrə qalib olan tələbəmiz Namət Məmmədzadə 2015-ci il oktyabr ayında Amsterdamda keçiriləcək Dünya Sammitində iştirak hüququ qazanıb. Eyni zamanda həmin layihə Universitetin İnnovativ Biznes inkubatorunda qrant əldə etmək üçün seçilmiş 2 layihədən biridir. Tələbələrimizin işləri çoxdur, məsələn Taleh Qafarov www.infoencyclopedi.com saytını yüksək səviyyədə hazırlayıb təqdimatını keçirib və bu sayt nəinki tələbələr, həm də bütün nəslin nümayəndələri üçün səmərəli və lazımlıdır.

-Hazırda fakültənin qarşısında duran əsas vəzifəni qısa olaraq necə təsvir edə bilərdiniz ?

-Fakültəmizin qarşısında duran əsas vəzifə müxtəlif sahələrdə artan templi inkişafı təmin etmək üçün yüksək ixtisaslı, bacarıqlı gənc mütəxəssislərin yetişdirilməsidir. Bunun üçün ilk növbədə çalışırıq ki, hazırlanan bütün ixtisasların tədris planları avropa standartlarına uyğun olsun. Gənc və  istedadlı müəllimlərin tədris prosesinə cəlb olunması, təcrübəli müəllimlərin bilik və bacarığından maksimum istifadə olunmaqla mütəxəssis hazırlığında uğurlar əldə etməyə çalışırıq. Tədrisdə innovativ metodların tətbiqinə böyük üstünlük verən universistet rəhbərliyi  bizim də qarşımızda vacib məsələlər qoyur. İlk növbədə fakültədə tədris olunan bütün fənlərin elektron mühazirələri hazırlanaraq həm universitetin kitabxanasında yerləşdirilib, həm də tələbələrə təqdim olunub. Dərslərin əksəriyyəti, ixtisas fənlərinin isə hamısı auditoriyalarda quraşdırılmış proyektorların köməyi ilə tələbələrə çatdırılır. Bu isə mühazirənin keyfiyyətli olmasına müsbət təsir göstərir.

-Fakültənin işlərinə kənardan da ekspertlər, İT şirkətlərin rəhbərlərini cəlb edirsinizmi ?

-Tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi yetişmələri üçün fakültə dekanı olaraq  istehsalatdan mütəxəssislər dəvət edərək  tələbələrə təlimlərin keçirilməsini, tanınmış alim və mühəndislərlə görüşlərini, onları istehsalatda nələrin gözlədiyini, nələrə xüsusi diqqət yetirmələrini təşkil edirik. Məsələn, İdarəetmə problemləri (keçmiş Kibernetika institutu) institutunun direktoru akademik T.Əliyevlə İKT ixtisası üzrə təhsil alan tələbələrlə görüşü çox maraqlı və gənclərə təsiri baxımından səmərəli olub. Azərbaycan Memarlıq və İnşaat Universitetində Mexanika və informasiya texnologiyaları (MIT) fakültəsinintin dəstəyi ilə TechNet.Az-ın qrupunun Azərbaycan gəncliyinə kömək məqsədilə növbəti praktik “Active Directory Real LAB”  seminarı keçirilib. Seminarda məruzəçi kimi Dövlət Gömrük Komitəsinin İT şöbəsinin aparıcı mütəxəssisləri Elgüc Yusifbəyli və Turqut Vəliyev tələbələrə Microsoft məhsulu olan Windows Serverlər üzərində Active Directory Arxitekturası, dizayn və tətbiq metodlarından danışaraq praktik proqramlarda necə işləmələrini izah ediblər.

- Bəs şirkətlərlə əlaqələriniz varmı ?

-Əlbəttə, Fakültəmiz  SİNAM şirkətiylə əməkdaşlıq əlaqələri qurub və nəticədə  şirkətin sponsurluğu ilə fakültədə “Elektron Universitet nədir?” adlı müsabiqə   keçirilib. Fakültənin tələbələri üçün Adobe Creative Cloud mövzusunda praktik təlim təşkil edilib. CaspiNet şirkəti tərəfindən fakültəmizin tələbələri üçün "1C-Bitrix" adlı seminar təşkil edilib. Həmin Seminarda tələbələrə "1C-Korporativ Portal" və "1C-Saytlar idarəetmə paneli" barədə ətraflı məlumat verilib. Fakültəmizin qonağı onlan Microsoft Azerbaijan-ın əməkdaşları Microsoft məhsulları, onlarının tətbiqi, istifadə qaydaları, müsabiqələr barədə tələbələrimizə məlumat veriblər.

-Müasir İT şirkətlər sizdən hansı tələblərə cavab verən mütəxəssislər gözləyir ?

-Müasir İKT şirkətləri müasir proqramlaşdırma dillərini bilən, müasir İKT biliklərinə malik, müxtəlif struktur bölümlərində sərbəst işləyə biləcək yüksək ixtisaslı gəncləri öz sıralarında görmək istəyirlər.

-Fakültədə hansısa elmi tədqiqatlar aparılırmı ? Elmi tədqiqatlara biznes sektoru da cəlb olunurmu ?

-Fakültənin “İnformasiya texnologiyaları və sistemləri” kafedrasında “İnşaat obyektlərinin və konstuksiyalarının monitorinq sisteminin işlənməsi” mövzusunda elmi tədqiqat işi aparılır. Elmi tədqiqat işlərinə biznes sektorundan mütəxəssislər hələ ki cəlb olunmur,  amma gələcəkdə belə bir əlaqələrin olması işin xeyrinə olardı.

-Fakültə tərkibində hansısa laboratoriyalar , kompüter mərkəzləri yaradılıbmı ?

-Fakültəmizin kafedralarında bir çox müasir laboratoriyalar fəaliyyət göstərir. Həmin laboratoriyalar universitet rəhbərliyi tərəfindən ən müasir cihaz və avadanlıqlarla təchiz olunub. Kafedralarda 100-dən artıq müasir kompüterlələ təchiz olunmuş 10 kompüter sinfi fəaliyyət göstərir. Tələbələrimiz bu auditoriyalarda təcrübəli müəllimlərin köməyi ilə laboratoriya və məşğələ dərslərini praktik olaraq yerinə yetirmə imkanlarına malikdirlər. Eyni zamanda  fakültəmizdə Yüksək Texnologiyar Nazirliyinin vəsaiti hesabına qurulmuş, ən müasir avadanlıqlarla, elektron lövhə, proyektor və internet şəbəkəsi ilə təchiz olunmuş bir laboratoriya və Avropa İttifaqının Tempus layihəsi çərçivəsində iştirakçı universitet kimi ECDL kompüter biliklərini universitet əməkdaşlarına və tələbələrə pulsuz öyrətmək və sonda bacarığı olanlara beynəlxalq sertifikatla təltif edən  25 ən müasir kompüterlə təchiz olunmuş  ECDL təlim mərkəzi fəaliyyət göstərir.

-Tələbələrin təcrübə keçməsini necə təşkil edirsiniz ?

-Tələbələrimiz nəzəri təcrübələrini universitetdə, istehsalat təcrübələrini isə müxtəlif şirkət və idarələrdə  həm şirkətdən, həm də universitetdən təyin olunmuş yüksək ixtisaslı mütəxəssislərin rəhbərliyi ilə keçirlər. Əsas məqsəd tələbələrin universitetdə aldığı biliklərin praktik cəhətdən  daha da möhkəmləndirilməsi, mütəxəssis hazırlığında rəqabətə davamlı mütəxəssislər yetişdirməkdir. Tələbələrimiz yay təcrübələrini Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə problemləri institutunda, ADNŞ Neft-qaz tikinti trestində, Müasir tikinti materialları zavodunda, Embowood şirkətində, Baki şəhər tikintimexanikləşdirmə ASC, AVİA aqreqat zavodunda və s. şirkətlərdə keçirlər.

-Fakültə məzunlarının iş tapması asandırmı ? Bu məqsələ  şirkətlərlə müqavilələr bağlanıbmı ?Sizin məzunlarınız  əsasən haralarda iş tapa bilirlər?

-Fakültəni bitirən və ümumiyyətlə universitetləri bitirən bütün savadlı və bacarıqlı tələbələrin iş tapmalarında heç bir problem yoxdur. “İnformasiya texnologiyaları və sistemləri” ixtisasını bitirən tələbələrə istehsalatın bütün sahələrində iş tapmaq problem deyil. Çünki bugünkü gündə yüksək ixtisaslı mütəxəsislərə ehtiyac var. Hər il məzun günündən öncə müxtəlif şirkətlərin nümayəndələri dekanlığa gələrək öz şirkətləri üçün universiteti bitirən məzunları işə götürmək istədiklərini bildirirlər. Əvvəlcədən işə götürülmə ilə bağlı müqavilə bağlanılmayıb. Lakin bizim MİT fakültəsinin İdarəetmə problemləri institutu ilə müqaviləmiz var və həmin institutda fakültəmizin məzunlarına iş təklif olunur. Magistrantlarımıza müəyyən ixtisas dərsləri həmin institutun peşəkar mütəxəsisləri tərəfindən aparılır. Bu isə yüksək ixtisaslı mütəxəsis hazırlığında əhəmiyyətli rol oynayır.

-Fakültənin gələcək inkişaf perspektivləri necədir ?

-Fakültəmiz hələ gəncdir, 1997-ci ildən fəaliyyətə başlayıb. Lakin buna baxmayaraq tədris sahəsində bir çox uğurlara imza atıb. Universitetin İKT şöbəsinin əməkdaşlarının əksəriyyəti bu fakültənin məzunlarıdır. Respublikanın bir çox aparıcı şirkətlərində məzunlarımız layiqincə bizi təmsil edir. Məzunlarımız Koreya, Fransa, Türkiyə, Baltikyanı və bir çox ölkələrdə təhsillərinin növbəti pillələrində təhsil alır. Qarşımızda duran ən əsas vəzifə Respublikamızın uğurlu gələcəyi üçün layiqli mütəxəssislərin hazırlanmasıdır. Bu məqsədlə universitet rəhbərliyinin apardığı siyasətinə uyğun ixtisas kafedralarına cavan, bacarıqlı və savadlı kadrlar cəlb olunur, onlar universitetin hesabına Avropa ölkələrində ixtisas artırma kurslarına göndərilir. Universitetimizin rektoru gənc müəllimlərin işə cəlb olunmasında kafedralara yaxından qayğı göstərir.

- Bu ixtisas üzrə təhsil alanların içərisində kimlər çoxluq təşkil edir , qızlar yoxsa oğlanlar ?

-Fakültəmizdə demək olarki, inşaatla bağlı ixtisasların olmasına baxmayaraq oğlanlarla bərabər qızlar da bizdə təhsil almağa çox maraq göstərir. Faiz nisbəti ilə götürsək tələbələrimizin 70 faizi oğlanlar, 30 faizi isə qızlardır.

-Fakültənin texnologiyalarala, İnternetlə təminatı necədir ? İKT dən tədris prosesinin qurulmasında necə istifadə olunur ?

-Əvvəldən dediyimiz kimi fakültəmizdə 10 kompüter sinfində 100-dən artıq müasir tələblər səviyyəsində kompüterlər quraşdırılaraq tələbələrin istifadəsinə verilib. Eyni zamanda mühazirə zalları proyektorlar və elektron lövhələrlə təchiz olunub, bütün mühazirələrin elektron variantları hazırlanıb universitetin kitabxanasında yerləşdirilib və müəllimlərimiz bütün mühazirələri proektorun köməyi ilə elektron şəkildə tələbələrə çatdırır. Tələbələr elektron mühazirələri əldə edərək rahatlıqla öyrənə bilir. Universitetin bütün kafedralarında yüksək sürətli internetlə təchiz olunub və bütün mərtəbələrdə WiFi sisteminin qurulması işləri sürətlə davam edir. Universitet rəhbərliyi bu işləri yerinə yetirmək üçün lazım olan bütün avadanlıq və cihazları alaraq mərtəbələrdə qurulmasını təmin edir.

-Fakültə  öz fəaliyyət istiqamətlərinə uğun olan fənlər və ixtisaslar üzrə  üzrə metodiki vəsaitlərin hazırlanmasında iştirak edirmi ?

-Fakültəmizin ixtisas kafedralarının aparıcı professor və dosentləri tərəfindən tədris planlarına uyğun ixtisas fənlərindən dərslik, dərs vəsaitləri, metodik göstərişlər Təhsil Nazirliyinin qrifi əsasında çap olunur və hörmətli rektorumuz həmin dərsliklərin universitetin kitabxanasına tələb olunan sayda alınmasını təmin edir. Elə dərsliklər var ki, onlar digər universitetlərin professorları tərəfindən hazırlanır və həmin dərsliklər də universitetin kitabxanasına alınaraq fondda yerləşdirilir.

Rektorumuz prof. Gülçöhrə Məmmədova ixtisaslar üçün daha vacib olan dərsliklərin universitetin hesabına çap olunmasına da şərait yaradır.

 

Mirvari Nəcəf

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə