Hazırda ölkəmizdə İT sahəsində peşəkar kadrlara , o cümlədən də texnologiyaları mənimsəyən və öz sahəsində tətbiq etməyi bacaran kadrlara ciddi ehtiyac duyulur. Bu cür kadrların hazırlanması mühüm əhəmiyyət kəsb edən məsələdir. İKT sahəsində kadrların hazırlanması istiqamətində son illərdə bir sıra addımlar atılıb. Bu sahə üzrə kadrlar hazırlayan universitetlər yaranıb, ali təhsil müəssisələrinin imkanları genişləndirilib və mövcud ixtisasların seçimi genişlənib.
İKT sahəsində kadr hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrindən biri də Azərbaycan Texniki Universitetidir.
Xeberler.az olaraq Universitetin “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının müdiri Zəfər Cəfərov ilə bu ali təhsil müəssisəsində kadrların hazırlanması istiqamətində görülən işlərlə maraqlandıq.
Onunla müsahibəni təqdim edirik.
-Zəfər müəllim, kafedra nə zamandan fəaliyyət göstərir? Hazırda əsas fəaliyyət istiqamətləri hansılardır?
-Kafedra Elektron Hesablama Maşınları ixtisası üzrə ötən əsrin 70-ci illərində yaradılıb. Hesablama texnikasının element bazası, informasiya və proqramlaşdırma texnologiyalarının inkişafı ilə əlaqədar müxtəlif illərdə “Elektron Hesablama Maşınları”, “EHM və sistemləri”, “EHM, sistem və şəbəkələri”, “İnformatika və kompüter texnikası” adı ilə fəaliyyət göstərib. Son olaraq 2006-cı ildə “İnformatika və proqram texnologiyaları”kafedrasının bazasında “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrası təşkil olunub.
Kafedranın əsas fəaliyyət istiqaməti “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə bakalavr və magistrların hazırlanmasıdır. Təqdirə layiq haldır ki, bu ixtisas üzrə SABAH qruplarının tələbələri Azərbaycan Respublikasının ali təhsil müəssisələri arasında məhz Azərbaycan Texniki Universitetində təhsil alırlar.
- “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə tələbələr əsasən hansı bilik və bacarıqları qazanırlar ?
“İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr informasiya texnologiyalarının aktual sahələri üzrə nəzəri biliklər və peşə bacarıqları əldə edir. Tədrisdə əsas diqqət alqoritmik və obyekt-yönlü proqram dilləri, əməliyyat sistemləri və proqramlaşdırma vasitələri və texnologiyaları, informasiya və verilənlər bazası sistemləri, biliklərə əsaslanan sistemlərin qurulması, informasiya təhlükəsizliyi, mühafizəsi və elektron imza vasitələri və texnologiyaları, kompüter sistemləri və şəbəkələrinin öyrənilməsi və onlarla işləmək üçün proqram sistemlərinin yaradılması, İnternet və WEB-texnologiyaları, vizual modelləşdirmə, qrafiki sistemlər və multimedia texnologiyalarına verilir.
-İxtisas seçimində tələbə sərbəstdirmi? Sizin kafedrada ixtisaslaşma nə zamandan, neçənci kursdan başlayır? Bu proses haqqında Xeberler.az-a ətraflı məlumat verərdiniz
-Ali təhsildə Boloniya prosesinin geniş tətbiqi üçün 2014-2015-ci tədris ilindən Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu yenidən hazırlanıb və təsdiq edilib. Həmin standartlara uyğun olararaq bakalavr pilləsində ixtisaslaşmalar ləğv edilib. Beləliklə, 7 semestrlik təhsil müddətini əhatə edən seçmə fənlərin kataloqları yaradılıb. Tələbənin fənn seçimində müstəqilliyi öz ərizəsi ilə təmin edilir. Gələcəkdə bu müstəqillik müəllim seçimində də təmin olunacaq. Mövcud qaydalara görə, ixtisaslaşma TQDK tərəfindən magistratura pilləsinə qəbul zamanı uyğun proqramlar üzrə bakalavrın elektron ərizəsi ilə seçilir.
-Buraxılış işlərinin, kurs işlərinin mövzuları necə müəyyən olunur ?
-Buraxılış işinin yerinə yetirilməsi nəticəsində bakalavrın təhsil müddətində qazandığı bütün bilik, bacarıqlar və formalaşmış ümummədəni və peşə kompetensiyaları biruzə verilməlidir. Ona görə də buraxılış işi bakalavrın ixtisas fənləri, istehsalat təcrübələri üzrə əldə edilmiş nəzəri biliklər, praktiki bacarıqlar və səriştələrə əsaslanaraq sonuncu tədris ilində yerinə yetirilir, nəzəri və təcrübi biliklərin sistemləşdirilməsi, möhkəmlənməsi və genişləndirilməsi məqsədi daşıyır.
Buraxılış işlərinin mövzuları bakalavrın istehsalatla bağlı standart məsələləri, elm və texnikanın müasir tələbləri baxımından təhlil edə bilməsinə, magistratura pilləsindəki uyğun ixtisaslaşmaya hazır olmasına yönəlir, ali təhsil proqramına uyğun tədqiqat istiqamətləri, müəssisələrin sifarişləri və mütəxəssislərin rəyləri nəzərə alınmaqla kadefra tərəfindən müəyyən edilir.
Buraxılış işinin mövzusunun seçimində ixtisas sahəsinin bu və ya digər aktual problemləri, inkişafı və tələbatları üzrə bakalavrın maraqları və yönümü nəzərə alınır.
-Tələbələrin seçimi necə olur ? Müdafiə prosesi necə təşkil olunur ?
-Tələbəyə öz mövzusunu təklif etmək hüququ verilir. Tələbəyə elmi-metodik köməklik göstərmək, bütövlükdə işin hazırlığı haqqında rəy vermək üçün buraxılış işinin rəhbəri təyin edilir. Rəhbər kafedranın professor-müəllim heyətinin üzvü və ya müvafiq təşkilat və müəssisələrin mütəxəssisi təyin edilir. Tələbə hesab etməməlidir ki, bütün nəzəri, metodiki və stil nöqsanlarını rəhbər aradan qaldıracaqdır. Rəhbərin irad və təkliflərinə tələbə ciddi yanaşmalı, onların nəzərə alınması və imtina edilməsi üzrə müstəqil qərar qəbul etməlidir. Mövzu və rəhbər bakalavrın şəxsi ərizəsi ilə təyin olunur, buraxılış işinin yerinə yetirilməsinin başlama tarixinə qədər rektorun əmri ilə təsdiqlənir.
Buraxılış işlərinin müdafiəsi “Azərbaycan Respublikası ali təhsil müəssisələri tələbələrinin bakalavr pilləsində dövlət attestasiyası haqqında” Əsasnaməyə uyğun yaradılmış komissiya (DAK) tərəfindən təşkil edilir. Müdafiə prosedurunu DAK sədri komissiya üzvləri ilə razılaşdırmaqla müəyyən edir. Buraxılış işi DAK tərəfindən işin ümumi xarakteristikaları, bakalavrın məruzəsi, təqdimatı və cavabları əsasında qiymətləndirilir.
-Tələbələriniz hansısa tədbirlərdə, konfraslarda, sərgilərdə , olimpiadalarda iştirak edirlərmi? Tələbələrinizin uğurları Xeberler.az-ın oxucularına maraqlı olardı
Kafedramızda Tələbə Elmi Cəmiyyəti yenidən formalaşıb və bu quruma təcrübəli dosent rəhbər təyin edilib. Hər il Tələbə Elmi Cəmiyyətinin cari iş planı hazırlanır. Bakalavriat və magistratura səviyyələrində tədris planını müvəffəqiyyətlə yerinə yetirən tələbələr TEC-in üzvü seçilirlər. Onlar Universitetin və Təhsil Nazirliyi tərəfindən keçirilən Ali məktəb tələbələrinin Respublika elmi konfranslarında iştirak edirlər.
TEC-in “Proqramçılar” dərnəyinin üzvləri kafedranın gənc müəllimi Vüqar Hüseynlinin rəhbərliyi ilə Ali məktəblər arasında İnformatika və Proqramlaşdırma üzrə keçirilən Ümumrespublika və Beynəlxalq Olimpiadalarda uğurla çıxış edib, yüksək nəticələr əldə edirlər. Son dəfə onlar Heydər Əliyev Fondu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nda 16 ali təhsil müəssisəsindən 55 komanda arasında 2-ci yerə layiq görüldülər. Onlara mükafatlar Rabitə və Yüksək Texnologiyalar Naziri, akademik Ə.Abbasov tərəfindən təqdim olunub.
-Hazırda Kafedranın qarşısında duran əsas vəzifəni qısa olaraq necə təsvir edə bilərsiniz?
-Əsas vəzifə, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” üzrə Ali təhsil ixtisasının hazırlığında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə təsdiq edilmiş 2014-2020-ci illər üçün “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiya”nın əsas prinsiplərinə və strateji istiqamətlərinə uyğun yüksək səviyyəli elmi və ixtisaslı kadrların hazırlanması üçün səriştəyə əsaslanan şəxsiyyət yönlü təhsil məzmununun yaradılması, innovativ təlim metodları və yüksək texnologiyalar vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsil verənlərin formalaşdırılmasıdır. Qısa olaraq məqsəd, fənnyönlü təhsili fəaliyyətyönlü təhsil ilə əvəz etməkdir.
-Kafedranın işlərinə kənardan da ekspertlər, İT şirkətlərin rəhbərlərini cəlb edirsinizmi ?
-Tələbələr tədris prosesinə cəlb olunmuş Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi, professor İqbal Babayev, Milli Elmlər Akademiyasının "İdarəetmə Sistemləri" İnstitutunun elmi işlər üzrə direktor müavini professor Oqtay Nüsrətov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru professor Elçin Zeynalov, Müdafiə Sənayesi Nazirliyinin "Peyk" zavodunun direktoru, dosent Siyavuş Əliyev, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru, dosent Nail Mərdanov, "Delta Telekom LTD" milli telekommunikasiya operatoru data mərkəzinin baş mühəndisi Rüfət Talıbovun elmi və praktiki potensialından yararlanırlar.
-Kafedrada hansısa elmi tədqiqatlar aparılırmı ? Elmi tədqiqatlara biznes sektoru da cəlb olunurmu ?
-Kafedrada elmi-tədqiqat laboratoriyası da fəaliyyət göstərir. Bu mütəxəssislər seminarlar, kurs və buraxılış, magistr dissertasiya işlərinin hazırlanmasına, yüksək ixtisaslı kadrlar yetişdirilməsinə yaxından iştirak edirlər. Kafedra elmi ixtisas profilinə uyğun olaraq təhsil prosesinin daim təkmilləşdirilməsini təmin etməklə bərabər dövlət sifarişlərinin, qrantlar əsasında proqramların, layihələrin yerinə yetirilməsində fəal iştirak edir. Bu sahədə ən uğurlu nümunə KOICA-nın (Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi) "Azərbaycan Texniki Universitetinin Təhsil İnformasiya Sisteminin Yaradılması" üzrə qrant layihəsidir. Razılaşmaya görə Koreya Respublikası hökuməti tərəfindən KOICA bu layihənin həyata keçirilməsi üçün 2 milyon ABŞ dolları həcmində büdcə ayrılıb.
Elmi tədqiqatlara biznes sektorunun da cəlb olunması problemi epizodik deyil, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda göstərildiyi kimi dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması, təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması ilə sistemli həll olunmalıdır.
-Kafedra tərkibində hansısa laboratoriyalar, kompüter mərkəzləri yaradılıbmı ?
-Kafedranın maddi-texniki bazasını təşkil edən 5 laboratoriya fəaliyyət göstərir. Bunlar İnformasiya Texnologiyaları, Proqramlaşdırma, İnformasiya sistemləri İnformasiya təhlükəsizliyi və Elektron İmza laboratoriyalarıdır. Multimediyalı mühazirə zalı və məşğələ auditoriyası vardır.
-Tələbələrin təcrübə keçməsini necə təşkil edirsiniz?
-“İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə təkcə nəzəri biliklərə əmək fəaliyyəti göstərilməz. Təcrübə həm də tələbəni iş yerinə aparan əsas yollardan biridir. Tələbələrin təcrübə keçmə mərhələləri mövcud Əsasnamə üzrə təşkil edilir. Əvvəllər təcrübələr tədris ili başa çatdıqdan sonra yay aylarında keçirilirdi. Yeni standarta görə tələbələr öz təcrübələrini tədris prosesi planlaşdırılmayan VIII semestrdə keçəcək və buraxılış işlərini yerinə yetirəcəklər. Bu isə təcrübələrin daha səmərəli olacağı deməkdir.
-Sizin kafedranın məzunlarının iş tapması asandırmı? Məzunların iş tapması üçün hansısa qarantiyalar varmı? Şirkətlərlə müqavilələr bağlanıbmı? Sizin məzunlarınız əsasən haralarda iş tapa bilirlər?
-“İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” dünyada və respublikamızda ən çox ehtiyac duyulan ixtisasdır. Təhsili başa vuran məzunlar yüksək texnologiya parklarının rezident şirkətlərində, hökumət və kommersiya müəssisələrinin İT şöbələrində əmək fəaliyyəti göstərə bilərlər. Bu gün müəssisələrdə əsas problem İT üzrə yüksək ixtisaslı mütəxəssislərin çatışmamazlığıdır. Buna görə də, yalnız bilik və praktiki bacarıq mühəndisə iş yeri üçün zəmanət verə bilər. Abituriyenlər üçün bukletimizdə də İT bu gün maraqlı problemlər, hər zövqün texnologiyası, layiqli əmək haqqı, investisiya olmadan layihə yaratmaq imkanı, mütəxəssislərə yüksək ehtiyac, uğurlu gələcəkdir və s. göstərmişik.
-Kafedranın gələcək inkişaf perspektivləri necədir ?
Kafedranın əsas fəaliyyət istiqaməti “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə bakalavr və magistrlərin hazırlanmasıdır. Bu isə o deməkdir ki, kafedranın inkişaf perspektivləri Respublikada İnformasiya-Kommunikasiya texnologiyalarının perspektivləri ilə ahəngdarlıq təşkil etməlidir.
-Bu ixtisas üzrə təhsil alanların içərisində kimlər çoxluq təşkil edir , qızlar yoxsa oğlanlar ?
-Əvvəllər oğlanlar çoxluq təşkil edirdisə də, ildən ilə bu fərq nəzərə çarpan dərəcədə azalır.
-Kafedranın texnologiyalarla, İnternetlə təminatı necədir ? İKT-dən tədris prosesinin qurulmasında necə istifadə olunur ?
-Kafedra dairəvi optik rabitə xətti ilə birləşərək İnternetə 100 mb/san sürətlə çıxışa malikdir. Kafedranın bütün əməkdaşları və tələbələri (500-dən artıq istifadəçi) İnternet şəbəkəsinə sərbəst və məhdudiyyətsiz çıxışa malikdirlər. Kafedranın İntranet şəbəkəsi qurulub. Müasir dərsin təşkil və keyfiyyətinin yüksəldilməsi üçün hər cür texniki şərait yaradılır.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri