“Turizmin əsasları”nın elektron variantı təqdim edilib

25-08-2015 / 16:15

Avqustun 25-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Vətəndaş Təşəbbüsləri Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən “Turizm təhsilinin inkişafı məqsədi ilə “Turizmin əsasları” dərsliyinin nəşri və elektron variantının hazırlanması” layihəsinin yekunlarına həsr olunan tədbir keçirilib.

Universitetdən Xeberler.az-a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin, ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələrinin, qeyri-hökumət təşkilatları və digər müvafiq qurumların təmsilçilərinin iştirak etdikləri tədbirdə ATMU-nun rektoru, professor Cəfər Cəfərov layihənin başa çatması münasibətilə iştirakçıları təbrik edib, tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, 528 səhifədən ibarət “Turizmin əsasları” dərsliyi ali məktəblərin bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Əlamətdar haldır ki, dərsliyin çap və elektron variantı ATMU və Bakı Dövlət Universitetinin 15 müəllimindən ibarət müəllif kollektivinin iştirakı ilə, Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş proqram əsasında hazırlanıb.

Layihənin məqsəd və vəzifələrindən söz açan layihənin əlaqələndiricisi Çingiz Gülalıyev bildirib ki, məqsədimiz ilk dəfə olaraq turizm ixtisası üzrə təhsil alan ali məktəb tələbələri üçün müasir kurikulum əsasında Azərbaycan dilində “Turizmin əsasları” dərsliyinin kitab və elektron variantlarının hazırlanması olub. Artıq hər iki variant ictimaiyyətə təqdim edilir.

Sonra layihənin tədqiqatçısı, ATMU-nun turizm biznesi kafedrasının müdiri, dosent Bahadur Bilalovun “Turizm təhsilinin inkişafında dərsliyin rolu”, turizm və qonaqpərvərlik fakültəsinin dekanı, dosent Rəhman Səfərovun “Turizm əmək bazarının ehtiyaclarına uyğun keyfiyyətli təhsilin təşkili” mövzusunda məruzələri dinlənilib. Məruzəçilər təhsildə dərsliyin rolundan danışıb, gələcəkdə də tələbələrin ehtiyacının ödənilməsi istiqamətində belə layihələrin reallaşdırılmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, müasir turizm əmək bazarında savadlı kadrların yetişdirilməsində dərsliklərin rolu əvəzsizdir. Müəyyən mənbə olmadığından turizmin əsaslarına yiyələnmək üçün neçə-neçə kitabların, məqalələrin, internet materiallarının axtarılmasına vaxt sərf olunurdu. Artıq hazırlanan bu dərslik, nəinki tələbələrin, hətta bu sahəyə marağı olan hər kəsin işini asanlaşdıracaq.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə