Nazirlik elektrik şəbəkələrinə ASAN qoşulmanı müzakirəyə çıxardı

31-01-2019 / 10:14

Energetika Nazirliyində sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulmasının yeni qaydaları ilə bağlı bir sıra dövlət qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, məsləhətçi və hüquq şirkətlərinin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.

Xeberler.az  bildirir ki, tədbir “Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması üzrə aparılmış islahatlarla bağlı İcra və Kommunikasiya Planı”na uyğun olaraq təşkil edilib.
 
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupun rəhbəri, nazir müavini Samir Vəliyev son illər ölkədə bir çox sahələr kimi kommunal sektorda da həyata keçirilən islahatlardan danışıb. Biznes mühitinin yaxşılaşdırılması, sahibkarların elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi istiqamətində dövlət başçısı tərəfindən imzalanan fərmanın əhəmiyyətini qeyd edib. Bildirib ki, 2018-ci il 25 dekabr tarixində “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 2017-ci il tarixli Fərmana edilmiş dəyişikliklər sahibkarların fəaliyyətlərində bu sadələşməni hiss etməsinə imkan yaradıb. Sahibkarların proseduralarla tanışlığı məqsədilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində Texniki Şuralar yaradılıb, 1 saylı “ASAN Kommunal” mərkəzinə tanışlıq turları təşkil olunub.
 
“Azərişıq” ASC-nin nümayəndəsi Vüqar Həşimov “Elektrik enerjisinin əldə edilməsi göstəricisi üzrə “Doing Business 2020” reytinqinin yaxşılaşdırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən aparılmış islahatlar”a dair təqdimatla çıxış edib. Bildirib ki, “Doing Business 2019” hesabatında göstərilən nəticələrə əsasən, elektrik təchizatı şəbəkələrinə qoşulma prosedurlarının sayı 7-dən 2-yə, müddət isə 41 gündən 20 günə endirilib. İlk prosedur sahibkarlarla təmas yalnız enerji təchizatı şəbəkəsinə qoşulma ilə bağlı müraciətdən, razılaşdırma prosesindən ibarət olur. Sonrakı 10 gün ərzində isə elektrik quraşdırma işləri həyata keçirilir və texniki şərt, layihə və digər sənədlər sahibkara təqdim olunur. Əgər obyektə 400 metr yaxın məsafədə şəbəkənin balansında olan transformator varsa vahid tarifə uyğun olaraq ödəniş edildikdən sonra 20 gün müddətində şəbəkəyə qoşulma həyata keçirilir. 150 kilovatdan yuxarı və ya 400 metr məsafədə transformator olmayan obyektlər üçün də sahibkar “KOB evləri”, “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərinə yaxınlaşmalıdır. Bu prosesdə 10 gün müddətində sahibkara texniki şərt təqdim olunur. Texniki şərtin icrası sahibkarın seçiminə uyğun olaraq enerji təchizatı müəssisəsi, yaxud da ixtisaslaşmış müəssisələr tərəfindən həyata keçirilir.
 
Təqdimatda “Azərişıq” ASC-nin elektron xəritəsinin imkanlarından istifadə etməklə əraziyə getmədən məkanın seçilməsi, ölçmələrin aparılması, enerji təchizatı müəssisəsinə məxsus güc mərkəzinin texniki parametrlərinin təhlil edilməsi, sənədləşmə işinin tamamlanması proseslərinin üstünlükləri barədə məlumat verilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə