Osman Gündüz: “Milli maraqlarımız üçün təhdidlər daha da artıb”

31-07-2014 / 13:59

Bir müddət öncə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun media qurumlarında yer almış “Azərbaycan Respublikasında informasiya fəaliyyəti və təhlükəsizliyi siyasəti” məqaləsində Azərbaycanın milli informasiya təhlükəsizliyi ilə bağlı yeni bir konsepsiyanın hazırlaması məsələsinə toxunulub
Ölkənin informasiya təhlükəsizliyi və informasiya mühitinin mövcud durumu və yeni çağırışlarla bağlı Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüzlə söhbətləşdik.  

— Son dövrlər bir sıra rəsmilər, xüsusilə də Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov açıqlamalarında və bu mövzuda ayrıca geniş məqaləsində ölkənin informasiya təhlükəsizliyi sahəsində yeni bir konsepsiyanın hazırlanması zərurətini qeyd edib. Problem bu qədər ciddidir? 

- İinformasiya təhlükəsizliyi məsələsi həmişə aktual olub. Amma son illər informasiya təhlükəsizliyi, informasiya siyasətinin vəziyyəti hər bir ölkənin bütövlükdə təhlükəsizliyi və inkişafı məsələsində yetərincə ciddi əhəmiyyət kəsb edən problemə çevrilib. Bu problemin həlli, müharibə şəraitində olan, xüsusilə bəzi ölkələrdə baş verən xaos və çəkişmələr, regional münaqişə və müharibələrin getdiyi indiki məqamda Azərbaycan üçün də aktualdır.

Bir müddət öncə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun bir sıra media resurslarında yer almış “Azərbaycan Respublikasında informasiya fəaliyyəti və təhlükəsizliyi siyasəti” məqaləsindəki fikirlər kifayət qədər maraqlı idi və xeyli dərəcədə mənim də diqqətimi cəlb etdi. Hətta düşünürdüm, məqalədə yer alan fikirlərlə bağlı müzakirələr başlanacaq. 

Daha çox elmi-nəzəri, konseptual mahiyyət kəsb edən məqalə Azərbaycanda tam yeni bir informasiya təhlükəsizliyi konsepsiyasının hazırlanması məsələsini ortaya qoyub. Bu fikirlər ciddi arqumentlərlə əsaslandırılıb, kifayət qədər düzgün və zamanında irəli sürülmüş tezisdir. Düzünü desək, bir çox ekspertlərin zaman-zaman səsləndirdiyi fikirlər bu məqalədə tam konseptual və müasir zaman kontekstində siyasi-ideoloji cəhətdən daha da təkmil bir formada irəli sürülüb.

Mövcud qanunvericilikdə informasiya sahəsi milli təhlükəsizliyin bir neçə əsas istiqamətindən biri olaraq qəbul edilib. Amma milli informasiya təhlükəsizliyi mühitinin qurulması ilə bağlı mövcud qanunvericilikdəki müddəalarla indiki zamanda informasiya sahəsində mövcud olan beynəlxalq və regional təhdidlər müəyyən mənada uzlaşmır.

Belə ki, son illər ümumiyyətlə dünyada informasiya sahəsində təhdidlərin və təhlükələrin mahiyyəti, keyfiyyəti, xüsusiyyəti kifayət qədər dəyişib. Azərbaycanın tutduğu mövqe, regiondakı problemlər baxımından bu təhdidlər ölkəmiz üçün də yeni mahiyyət kəsb etməyə başlayıb. Amma təhdidlərin və onları doğuran səbəblərin aradan qaldırılması, normal informasiya mühitinin qorunması istiqamətdə mexanizmlər çox az dəyişilib.

Əslində, qonşu ölkələrdə bu istiqamətdə atılan addımlar və bizim əhatəmizdə olan ölkələrin bizə qarşı apardığı informasiya siyasətindən görmək olar ki, bu məsələdə bir qədər gecikmişik. Artıq inkişaf etmiş ölkələrin çoxu bu istiqamətdə öz siyasətlərini çoxdan müəyyən ediblər. Onlar mövcud təhlükələr və təhdidlər baxımından yeni informasiya təhlükəsizliyi modellərini yaradıblar.

— İnformasiya sahəsində mövcud qanunvericilik və infrastruktur sahəsindəki vəziyyətlə bir qədər ətraflı danışardınız. İnformasiya təhlükəsizliyi məsələləri, informasiya mühitinin formalaşması hazırda necə tənzimlənir? 

- Elə adı çəkilən məqalədə bu məsələlərə yetərincə yer ayrılıb. Hazırda ölkədə informasiya təhlükəsizliyi ilə bağlı konseptual məsələlər öz əksini “Milli təhlükəsizlik konsepsiyası”nda və “Milli təhlükəsizliklə bağlı” qanunda tapıb. Adı çəkilən sənədlərdə Milli Təhlükəsizlik Nazirliyi (MTN), Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) və digər qurumların üzərinə xeyli vəzifələr qoyulub və bu qurumların özlərinin də bu istiqamətdə qəbul etdikləri normativ aktlar mövcuddur.

Eyni zamanda cari ildə qəbul edilmiş “İKT-nin inkişafı üzrə Milli Strategiya”da da müəyyən müddəalar qeyd edilib. Son dövrlər qəbul edilən hökumətin qərarlarında və prezident fərmanlarında bu məsələlərlə bağlı bir sıra tənzimləyici müddəalar yer alıb. Elə «İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında» prezident fərmanını da qeyd etmək yerinə düsər. 

Bu fərmanla informasiya təhlükəsizliyi sahəsində 2 yeni struktur da formalaşdırılıb. Dövlət və qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyinə cavab verən, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən qurumlar – XDMX yanında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi və RYTN yanında Elektron Təhlükəsizlik Mərkəzi yaradılıb.

Dövlətə məxsus informasiya resurslarının və dövlət sirrinin qorunması ilə bağlı da bir sıra hüquqi aktlar qəbul edilib. İnformasiya mühitinin inkişafı istiqamətində “İnformasiya əldə edilməsi haqqında” qanun və dövlət informasiya resurslarının formalaşdırmasına aid olan bir sıra hüquqi sənədlərin də ciddi rol oynadığını demək olar.

Bu sahədə əlaqələndirilmiş və mərkəzləşdirilmiş fəaliyyətin təşkili, konkret səlahiyyətlərin müəyyən edilməsi baxımından çatışmazlıqlar qalmaqdadır. Ölkənin informasiya mühitinin formalaşmasına olan təhdidlərə yenidən baxılmasına ehtiyac yaranıb. 

Məqalədə qeyd olunduğu kimi, prioritetlər və əsas istiqamətlərin, əsas vəzifələrin müəyyən edilməsi, mövcud vəziyyətin təhlil olunması, çevik mexanizmlərin müəyyən edilməsi olduqca düzgün addım olardı. Bütün bunların isə əlbəttə təkmil bir milli informasiya təhlükəsizliyi konsepsiyasında öz əksini tapması daha doğru və faydalı olardı.

- Yeni informasiya təhlükəsizliyi modelini diktə edən əsas səbəblər hansılardır? Nə səbəbdən rəsmilər məsələyə bu qədər ciddi önəm verməyə başlayıblar? Hansı dəyişikliklərdən söhbət gedir? 

- Hər gün sürətlə inkişaf edən texnologiyalar dövründə, regional münaqişələrin, müharibələrin artdığı bir zamanda ölkədə informasiya təhlükəsizliyi istiqamətində tədbirlərin, adekvat addımların dərhal müəyyən edilməsi, təhdidləri yaradan səbəblərin aradan qaldırılması bütövlükdə milli təhlükəsizlik üçün xüsusi əhəmiyyət kəsb edən faktora çevrilib.

Son illərdə ölkəmizin informasiya mühitində ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri olub. Amma buna rəğmən informasiya təhlükəsizliyinin yenidən qurulması, mövcud təhlükələrə adekvat cavab verən çevik mexanizmlər, informasiya təhlükəsizliyinə vahid yanaşma prinsipləri yetərincə formalaşmayıb.

Ölkədə geniş əhatəyə malik milli informasiya infrastrukturu qurulub. Delta Telekom, Aztelekom, Azərtelekom, RYTN-ə məxsus nəhəng informasiya magistrallarımız var. Qlobal mahiyyət kəsb edən EPEG informasiya magistralımız işə salınıb, digər daha geniş radiuslu qlobal layihə olan TASİM üzərində ciddi işlər aparılır. Elektron hökumət quruculuğu prosesi gedir.

Artıq biz qonşu ölkələrə internet satırıq. Özəl peyk sistemimiz yaranıb, həm Azərbaycan, həm də müxtəlif dillərdə fəaliyyət göstərən milli internet resursları formalaşıb. DİN, gömrük, vergi sahəsində nəhəng milli informasiya sistemlərimiz yaradılıb. Azərbaycan həqiqətlərinin yayılması, milli maraqlara uyğun informasiya siyasətinin gerçəkləşməsi istiqamətində xeyli uğurlu yerli, regional və qlobal layihələrimiz reallaşıb. Eyni zamanda dünyada antiazərbaycan mahiyyətində informasiya siyasətinin də gücləndiyi müşahidə olunur. 

Bir sözlə, ölkədə milli informasiya mühitinin formalaşması istiqamətində atılan addımlar, müasir zaman baxımından informasiya siyasəti sahəsində milli informasiya təhlükəsizliyinin daha çevik və yenidən qurulmasını tələb etdiyi halda, bu istiqamətdə ləngimələr özünü göstərir.

- Yəni bu sahədə həyata keçirilən tədbirlər və yeni informasiya mühitinin tələbləri, mövcud mili informasiya təhlükəsizliyi sistemimiz uzlaşmır?

- Bəli, indiki halda bu, daha qabarıq hiss olunmağa başlayıb. Hələ də biz özümüzün informasiya məkanımıza yetərincə nəzarət edə bilmirik. Əksinə, informasiya siyasəti sahəsində milli maraqlarımız üçün təhdidlər daha da artıb, yeni keyfiyyət dəyişikliyinə uğrayıb. Hər gün həm efir məkanına, həm informasiya şəbəkələrinə, dövlətə məxsus, milli əhəmiyyət kəsb edən informasiya resursları və informasiya şəbəkələrinə təhdidlər, hücumlar olur, informasiya sistemlərinə qarşı DDOS hücumları artır və problemlər yaşanır. Adi vətəndaşların və ən yüksək səviyyəli dövlət məmurların informasiya təhlükəsizliyinin pozulması ilə bağlı situasiyalarla daha tez-tez rastlaşırıq.

Biz Ukrayna və Gürcüstanda gedən müharibələr zamanı informasiya müharibələrinin hazırlanması və aparılmasının nə qədər əhəmiyyətli olduğunun bir daha şahidi oluruq. Elə ətrafımızda, dünyada baş verənlər də milli informasiya təhlükəsizliyi üçün yeni situasiyanın yarandığını diktə edir.

Türkiyədəki telefon dinləmələri və Avropa rəhbərlərinin dinlənmə hadisələri, Snouden məsələsi, “konsalting xidməti” pərdəsi altında gizlənən müxtəlif şirkətlərin fəaliyyətləri də göstərdi ki, informasiya təhlükəsizliyi məsələsi indiki dövrdə nə dərəcədə aktualdır. Artıq həm cəmiyyətin və dövlətin, dövlət başçılarının, qərar qəbul edən şəxslərin və qurumların, həmçinin də cəmiyyətin hər bir fərdinin informasiya təhlükəsizliyinin təmin edilməsi müasir dövrün ən ciddi probleminə çevrilib.

- Son dövrlərdə yaradılan yeni qurumlar bu istiqamətdə hansısa addımlar ata biliblərmi? Hazırda bu qurumların fəaliyyəti ölkədə informasiya təhlükəsizliyinin qorunmasında, informasiya mühitinin formalaşmasında vəziyəti necə dəyişib?

- Əlbəttə, müvafiq qurumlar infrastrukturun formalaşması, vəzifələrinin həyata keçirilməsi istiqamətində bir sıra addımlar atıblar. Xeyli iş görülüb. 2-3 il bundan öncə baş verən xoşagəlməz hadisələrin, bir anda 40 dövlət informasiya resursunun dağıdıldığı dövrlər arxada qalıb.

Bizdə bir neçə qurum var ki, elə birbaşa informasiya mühitin formalaşması ilə məşğul olurlar. Elə MTN, DİN və digər qurumların üzərinə informasiya təhlükəsizliyi ilə bağlı xeyli vəzifələr qoyulub və onlar da bu istiqamətdə müvafiq addımlar atırlar. Amma informasiya siyasəti, informasiya təhlükəsizliyi ilə bağlı sfera çox geniş və çox şaxəlidir. Müxtəlif özəl və vətəndaş cəmiyyəti qurumları da bu istiqamətdə işlər görürlər. 

Məsələn, Delta Telekom-un milli informasiya resurslarının vahid bir milli hostinqdə yerləşdirməsi, QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici ölkələrdə Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində apardığı informasiya siyasəti, Heydər Əliyev Fondunun milli informasiya resurslarının yaradılması, Azərbaycanla bağlı regional və qlobal informasiya işlərinin görülməsi, Dövlət Gənclər Fondu və RYTN yanında İT-nin İnkişafı Fondunun milli informasiya resursların yaradılması istiqamətində atdığı addımlar, diplomatik təmsilçiliklər və diaspora qurumlarının apardığı informasiya tədbirləri, vətəndaş cəmiyyəti qurumlarının informasiya sahəsində gördüyü işlər, müxtəlif kinofilmlərin çəkilməsi də məhz Azərbaycanın informasiya mühitinin formalaşmasının, informasiya təhlükəsizliyi sisteminin tərkib hissəsi kimi qəbul edilməlidir. Bunlar vacibdir, faydalıdır və hər birisinin öz yeri var. 

Amma informasiya siyasəti və informasiya təhlükəsizliyi baxımından vahid konseptual baxışların olmaması, zəruri resursların çatışmazlığı ucbatından bu tip addımlardan gözləntilər həmişə uğurlu olmur. Fikrimcə, adı çəkilən məqalədə qeyd olunduğu kimi, vahid yanaşmanın olması, sadaladığım tədbirlərin informasiya sahəsində milli maraqların gerçəkləşməsinə daha çox təsiri ola bilərdi.

— Söhbət yəqin həm də maliyyə resurslarından gedir, eləmi? 

- Fikrimcə, vahid konseptual yanaşmadan sonra, təbii ki, əsaslandırılmış, əlaqələndirilmiş addımların atılması üçün kadrlar və maliyyə resursları da çox ciddi faktordur. Bu sahəyə ciddi maliyyə resursları cəlb edilməlidir. Bəzən biz bu sahəyə, müxtəlif İT layihələrin reallaşmasına, kadr hazırlığına olduqca cüzi maliyyə resurslarının ayrılmasını müşahidə edirik. Bəzən də, hətta, Maliyyə Nazirliyinin hansısa bir məmuru və ya qərarların qəbul edilməsinə təsir edən birisi bu istiqamətdə olan işlərin elə də ciddi əhəmiyyət kəsb etmədiyi bildirir. Bu çox yanlış düşüncədir. 

İndiki zamanda, məsələn, SOCAR-ın İsveçrənin hansısa dağlarında olan yanacaqdoldurma stansiyası, AZAL-ın və ya Xəzər Dəniz Gəmiçiliyinin hansısa nəqliyyat vasitələri ölkə üçün nə qədər əhəmiyyət kəsb edirsə, daxili və xarici informasiya siyasətinin, yüksək səviyyəli milli informasiya mühitinin qurulması istiqaməti üzrə atılan addımlar ondan qat-qat artıq əhəmiyyətlidir.

Məhz adı çəkilən məqalədə Azərbaycanın informasiya məkanına, milli informasiya təhlükəsizliyi sisteminə əlaqələndirilmiş, sistemləşdirilmiş formada baxılmasının vacibliyi, vahid idarəetmənin olması, daxili və xarici informasiya siyasətinin qurulması vurğulanıb. İindiki müasir dünyada bu çox vacibdir.

- İndiki durumda informasiya təhlükəsizliyi sisteminin qurulması sahəsində görülən işləri yetərli, qənaətbəxş hesab etmək olarmı? 

- Yetərli hesab etmək olmaz. Bu istiqamətdə xeyli işlər görülsə də, informasiya təhlükəsizliyi üçün təhdidləri yaradan səbəblərin aradan qaldırılması, profilaktik addımların atılması, dayanıqlı və çevik İT audit sisteminin qurulması, dövlət qurumları və dövlət məmurları arasında təhlükəsiz informasiya münasibətlərinin qurulması, beynəlxalq aləmdə Azərbaycanla bağlı həqiqətlərin çatdırılması, erməni lobbisinin bizə qarşı apardığı informasiya müharibəsinə adekvat addımların atılması sahəsində problemlər qalmaqdadır.

Özəl informasiya təhlükəsizliyi sistemimizin yetkin olmaması ucbatından bəzən birmənalı qarşılanmayan təhlükəsizlik addımları atılır. Hansısa telefon və planşeti məmurlara, deputatlara, jurnalistlərə qadağan etməklə təhlükəsizlik problemini həll etmək olmaz. Vacibdir ki, özəl informasiya sistemləri qurulsun, informasiyalar ciddi qorunsun, qərar qəbul edən şəxslərin, qurumların və məkanların təhlükəsizliyi daha effektiv üsullarla qorunsun. Dövlət məmurları və dövlət qurumları arasında təhlükəsiz informasiya mübadiləsi sistemi qurulsun və sair.

Prezident Administrasiyasının cavabdeh və XDMX-nin hazırlanmalı olduğu “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi” uzun müddətdir qurula bilmir.

Elə dövlət məmurları var, hələ də mail.ru və ya bk.ru kimi etibarsız elektron poçt sistemlərindən istifadə edirlər. Bunlar yolverilməzdir.

Kibercinayətkarlığın profilaktikası, adi kibercinayətlərin qarşısının alınması, sosial mediada olan saxtakarlıqların qarşısının alınması, milli təhlükəsizlik mahiyyəti kəsb etməyən kibercinayətlərlə bağlı səlahiyyətlərin MTN, DİN və digər qurumlar arasında yenidən müəyyən edilməsi doğru olardı.

Ölkədə dayanıqlı, çevik və alternativlər üzərində olan informasiya infrastrukturu qurulmalıdır. Adı çəkilən məqalədə də çox düzgün qeyd edildiyi kimi, həm ideoloji, həm də texniki-texnoloji istiqamətdə ciddi addımlar atılmalıdır.
Ötən illərdə Azərbaycanda keçirilən Avroviziya tədbirləri zamanı, səsvermənin getdiyi bir zamanda informasiya yayımında Rusiya üzərindən keçən kanallarda hələ də açıqlanmayan səbəblər ucbatından problem yaşandı. Bu zaman qabaqcadan nəzərdə tutulan alternativ xətlər köməyə çatdı. İndi siz təsəvvür edin ki, mərkəzdə Azərbaycan olmaqla beynəlxalq informasiya münasibətlərinin qurulduğu bu tip tədbirlər zamanı, elə qarşıdan gələn Avropa oyunları zamanı informasiya ötürülməsində bu cür hadisələr nələrə səbəb olar və kimlər bundan necə istifadə edə bilər.

- İnformasiya sahəsində milli maraqlar üçün təhlükə və təhdidlər artıb. Bu təhdidlər hansıdır və onların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

- İnformasiya təhlükəsizliyi məsələsinin xüsusi önəm kəsb etməsi, təkcə dövlət məmurlarının deyil, elə dövlət başçısının da çıxışlarından sezilir.

Son dövrlərdə ölkə başçısının da çıxışlarında informasiya təhlükəsizliyinin aktuallığı diqqət cəlb edir. Prezident İlham Əliyev müasir dördə ölkənin informasiya təhlükəsizliyi məsələsində ölkəmizə qarşı sistemli formada aparılan informasiya müharibəsini milli maraqlarımız üçün əsas təhdidlər sırasına daxil edib.

Söhbət Azərbaycana qarşı sistemli formada informasiya müharibəsi aparan qüvvələrin mövcudluğundan gedir. Adı çəkilən məqalədə də bu təhdidlərə xüsusi diqqət yetirilib. Bu gün erməni lobbisinin apardığı sistemli informasiya siyasətinin, erməni lobbisinin təsiri altında olan müxtəlif təşkilatlar və tanınmış şəxslərin, Azərbaycanın müstəqilliyini qəbul etmək istəməyən qüvvələrin apardığı antiazərbaycan siyasətinin Azərbaycanın informasiya təhlükəsizliyi üçün daha ciddi təhdidlərə çevrildiyini ölkə başçısı qeyd edib.

Artıq mən beynəlxalq və regional zəmində informasiya maraqlarımız üçün təhdidlər barədə qeyd etdim. Elə yerli səviyyədə də elə addımlar atıla bilir ki, bunlar da informasiya siyasətimizin, informasiya təhlükəsizliyi sistemimizin formalaşması üçün normal qəbul edilə bilməz.

Müasir dönəmdə, məsələn sosial media vasitəsilə ictimai rəyin bilərəkdən yanlış istiqamətdə formalaşdırılması, ölkə daxilində informasiya azadlığının məhdudlaşdırılmasına yönələn hərəkətlər, qlobal şəbəkəyə çıxışın əngəllənməsi, bunlar hamısı da informasiya sahəsində milli maraqlarımız üçün təhdidlərdir.

Məsələn, AzTelekom düşünə və kimisə də inandıra bilər ki, regionlara — kəndlərə geniş zolaqlı internet – fiberoptik xətt çəkmək işi yalnız ona məxsusdur. Və başqa heç kim bura daxil ola bilməz. Amma bu, informasiya siyasəti, alternativ sistemlərin vacibliyi baxımından vətəndaşların qlobal şəbəkəyə çıxışını əngəlləmək, mövcud qanunvericiliyə görə informasiya sahəsində milli maraqlarımız üçün təhdiddir.

İnformasiya sistemləri, informasiyaya giriş üzərində inhisarçılıq cəhdləri də bu sahədə milli maraqlarımız üçün təhdiddir. Kimsə, deputatın və ya məmurun əlindən telefonu, interneti – kompüteri alır və bununla informasiya təhlükəsizliyini qoruduğunu düşünür. Amma digər tərəfdən vətəndaşların, jurnalistin informasiya əldə etmək hüququ – informasiya azadlığı məhdudlaşdırır. Bu da milli maraqlar üçün təhdiddir.

Yeni medianı, internet mediasını dəstəkləmək əvəzinə hansısa 5-10 nəfər oxucusu olan, ictimai əhəmiyyət kəsb etməyən, ölkənin indiki informasiya maraqlarına cavab verməyən, mənasız bir qəzetə büdcədən 10 minlərlə vəsaitin ayrılması da, informasiya sahəsində milli maraqlar üçün təhdid hesab oluna bilər. Bu mənada, elə KİVDF–nin də fəaliyyət istiqamətlərinə yenidən baxılması düzgün olardı.

- Deməli informasiya təhlükəsizliyi ilə bağlı yeni bir model hazırlanmalıdır. Bəs bunu kim hazırlamalıdır? İndiki halda hansı addımların atılmasını vacib hesab edirsiniz? 

-  Vaxt itirmədən bu istiqamətdə müzakirələr təşkil edilməsi, hökumət səviyyəsində bir işçi qrup formalaşdırılması faydalı və doğru addım olardı. Dövlət, özəl və vətəndaş cəmiyyəti qurumları, media və İT ekspertləri bu prosesə cəlb edilməlidir. 

Yuxarıda adını çəkdiyim qurumlar, XDMX-ın İnformasiya təhlükəsizliyi və Xüsusi Rabitə üzrə Dövlət Agentliyi, RYTN yanında ETM, AMEA yanında CERT və digər əlaqəli qurumlar da bu sahədə daha təşəbbüskar və daha aktiv ola bilərlər.

Adı çəkilən məqalədə informasiya təhlükəsizliyinin təmin edilməsi milli təhlükəsizliyin qorunmasında məhz əsas vəzifə olaraq irəli sürülür. Bu yanaşma tam olaraq yeni mühitə uyğundur və yeni konseptual baxışların hazırlanmasını diktə edir. Yəni həqiqətən də hazırlanacaq sənədin ana xətti məhz bu əsas vəzifənin gerçəkləşməsinə yönəldilməlidir. 

Elə ölkələr var onlara informasiya müharibəsi aparmaq heç vacib də deyil. Amma bizim taleyimiz elə gətirib ki, buna məhkumuq.

Odur ki, dayanıqlı, çevik, əlaqələndirilmiş texniki infrastrukturun qurulması ilə yanaşı, müasir dünyada beynəlxalq ictimai rəyə təsir imkanlarına malik olan sistemlər hazırlamalıyıq. Kosmik resursların bölüşdürülməsi prosesində iştirakımız kimi uğurlu addımdan daha çox faydalanmaq üzərində düşünmək lazımdır. Əgər 20-30 il bundan öncə radio şəbəkələri ilə, qısa dalğalarda “informasiyanı” qəbul edən “VEF” və ya “Okean” radioqəbuledicisi ilə nəsə etmək mümkün idisə, müasir dövrdə situasiya dəyişilib. Sirr deyil ki, yeni texnologiyalardan, yeni media və informasiya texnologiyalarından istifadə etməklə informasiya müharibələri vasitəsilə konkret bir ölkə daxilində prosesləri idarə etmək mümkündür.

Hökumətin növbəti mexanizmləri informasiya təhlükəsizliyinin əsas vəzifə olaraq qəbul edilməsi baxımından hazırlaması daha düzgün olardı

PressForum.az,
2014.07.31


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.