Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

25-12-2018 / 14:17

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 mart 2016-cı il tarixli “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanının icrası olaraq respublika ərazisində Torpaqların Elektron Kadastr Uçotu işləri müvəffəqiyyətlə davam edir. Artıq respublikanın 30 rayonunun bələdiyyə hüdudları daxilindəki kənd təsərrüfatı təyinatlı torpaqlarda kadastr uçotu işləri yekunlaşıb.

Xeberler.az  bildirir ki, növbəti ünvan Masallı rayonu olub. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Masallı rayonunda İctimai təqdimat keçirilib. Həmin rayonda artıq torpaqların real vəziyyətini əks etdirən uçot sisteminin istifadəsinə start verilib. Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Müəssisə, idarə, təşkilat və media nümayəndələrinin də maraq göstərdiyi ictimai təqdimatda bu layihənin nəticələri, praktiki əhəmiyyəti, torpaq idarəçiliyində rolu müzakirə olunub.

Uçot işlərinin praktiki istifadə qaydaları barədə məlumatlandırmaq, bu işlərin rayonda torpaqların səmərəli idarəsi və istifadəsinə, iqtisadi, aqrar münasibətlərə göstərəcəyi müsbət təsirlərin izahı təqdimatın əsas məqsədidir. Həmçinin tədbir çərçivəsində uçot işinin nəticəsi olaraq hazırlanmış Masallı rayonunun bələdiyyə, həmçinin torpaqların bonitirovka və iqtisadi qiymətləndirmə xəritələri nümayiş etdirilib.

Uçot işləri nəticəsində Masallı rayonunun bələdiyyə hüdudları daxilində 51,3 min hektar torpaq sahəsinin mövcudluğu müəyyən olunub. Bəlli olub ki, bu ərazidən 5,7 min hektarı dövlət, 21,0 min hektarı bələdiyyə, 24,6 min hektarı xüsusi mülkiyyətdə olan torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 32,5 min hektara yaxını (63,3 %-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 27,1 min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahəsinin cəmi 26,7 min hektar olduğu halda, elektron uçotu nəticəsində müxtəlif uqodiyaların hesabına onun həcminin artaraq 27,1 min hektara çatdığı müəyyən edilib. Uçot işləri zamanı həmçinin müəyyən edilib ki, torpaq payı almış ailələrdən 32,2 minə yaxının torpaq ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır. Həmçinin torpaqların uçotu zamanı kənd təsərrüfatına yararlı sahələrdə yerləşən özbaşına salınmış tikili və qurğular barədə də müfəssəl məlumatlar əldə edilib.

Belə ki, həmin ərazilərdə 4552 tikili və qurğuların (bundan 250-si dövlət mülkiyyətində, 2105-i bələdiyyə mülkiyyətində, 2197–u xüsusi mülkiyyətdə) olduğu aşkar olunub. Elektron kadastr uçotu işləri özündə həmçinin torpaqların kəmiyyət göstəriciləri ilə bərabər, keyfiyyət göstəricilərinin də müəyyənləşdirilməsini ehtiva edir. Torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumat bazasının yaradılması, otlaqların geobotaniki, torpaqların eroziya xəritələrinin tərtibi kənd təsərrüfatına yararlı torpaqlardan elmi əsaslarla istifadəyə şərait yaradacaqdır.

Torpaq uçotu nəticəsində həmçinin vətəndaşların mülkiyyətinə verilmiş pay torpaqlarına dair hüquqmüəyyənedici sənədlərdəki texniki göstəricilərlə həmin sahəyə dair faktiki kadastr göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması üçün baza hazırlanıb. Uçot məlumatlarına istinad etməklə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr qeyri-qanuni tikililərin nizama salınması məqsədi ilə tədbirlərin görülməsi imkanına malik olacaqlar. Bütövlükdə, respublika üzrə torpaqların elektron kadastr uçotu işi nəticəsində ölkəmizdə torpaqların kəmiyyət və keyfiyyəti barəsində dəqiq məlumatları, reallığı əks etdirən rəqəmsal kadastr xəritələrinin mövcudluğunu təmin edəcəkdir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.