Yeni şəxsiyyət vəsiqəsini nə zaman alacağıq ?

02-04-2015 / 10:36

 Prezident İlham Əliyev 28 noyabr 2014-cü il tarixində yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı sərəncam imzalayıb.
Yeni şəxsiyyət vəsiqələrində elektron daşıyıcı (çip) yerləşdiriləcək və o vətəndaşın elektron imza funksiyasını da yerinə yetirə biləcək. Belə ki, bu tip şəxsiyyət vəsiqəsi olan hər bir vətəndaş onunla həm öz şəxsiyyətini identifikasiya edə biləcək, həmçinin də elektron sənədi imzalaya biləcək.
Sərəncamın icrası ilə bağlı müvafiq strukturların yaradılması, təhlükəsizlik tədbirlərinin görülməsi və aidiyyatı dövlət qurumlarının informasiya sistemlərinə inteqrasiya məsələləri nəzərdə tutulur.
Sərəncamda yeni şəxsiyyət vəsiqələrinin hazırlanması ilə bağlı işlərin 1 dekabr 2015-ci il tarixinədək başa çatdırılması nəzərdə tutulub.

Yeni nəsil şəxsiyyət vəsiqələrinin ölkədə elektron hökumət quruculuğunda ciddi dönüş yaradacağı gözlənilir.
Adı çəkilən sərəncamda yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması ilə bağlı işlər bir sıra mərkəzi icra orqanlarına, o cümlədən də  Rabitə və Yüksək Texnologiyalar nazirliyinə tapşırılıb. Nazirlikdə bu işlərlə Elektron Hokumət Portalının və Milli Sertifikat Xidmətləri Mərkəzinin (Açıq Açar İnfrastrukturunun) Operatoru MHM məşğuldur.
 Artıq bu istiqamətdə verilən məlumatlardan aydın olur ki, Elektron Hökumət Portalının Operatoru bu istiqamətdə hazırlıq işlərinə başlayıb. 
Xəbərlər olaraq biz bir neçə dəfə bu istiqamətdə oxuculara məlumatlar təqdim etmişik. Lakin yeni şəxsiyyət vəsiqəsi ilə bağlı çoxsaylı suallar və kifayət qədər ictimai əhəmiyyət kəsb edən bir məsələ olduğundan bir daha diqqət ayırmağı məqsədəuyğun hesab etdik. 

Xəbərlər olaraq bu sahədə görülən işlər və mövcud vəziyyətlə bağlı Portalın Operatoruna suallarla müraciət etdik.
Operatorun mövqeyini əks etdirən cavabları Sizə təqdim edirik :
 

Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqini zəruri edən amillər nədir və bu vəsiqələr mövcud vəsiqələrdən nə ilə fərqlənəcək və hansı üstünlükləri olacaq?

Son illərdə informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində meydana gələn müxtəlif identikləşdirmə avadanlıq və proqram təminatlarının, informasiya daşıyıcıların inkişafı, elektron imza texnologiyalarının tətbiqi, elektron xidmətlərin yaranması və sürətli artımı  bu xidmətlərdən istifadəni kütləviləşdirən vahid vasitənin olmasını tələb edirdi.
 Etiraf etmək lazımdır ki, bu məqsədlə hər bir vətəndaşın sahib olduğu şəxsiyyət vəsiqəsindən daha əlverişli vasitə tapmaq çətindir. 1994-cü ildən istifadə etdiyimiz şəxsiyyət vəsiqələri müasir tələblərə cavab vermədiyindən, onların yeni nəsil şəxsiyyət vəsiqələri ilə əvəz olunması labüd idi.
Qeyd olunanlar nəzərə alınaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 15 fevral 2011-ci il tarixində “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin hazırlanması haqqında” Sərəncam və 8 fevral 2012-ci il tarixində "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Fərman imzalandı.

Bu sənədlərə əsasən hazırlanacaq yeni nəsil şəxsiyyət vəsiqələri bir çox parametrlərinə - müasir təhlükəsizlik elementlərinin və vətəndaş haqqında vacib zəruri məlumatların çoxluğuna, eyni zamanda, şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu, onun elektron imzası və identifikasiyası ilə bağlı sertifikatları birləşdirən elektron daşıyıcının (çipin) yerləşdirilməsinə görə mövcud istifadə etdiyimiz şəxsiyyət vəsiqələrindən üstün olacaq.

Yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron daşıyıcısına vəsiqə sahibinin elektron imzası və audentifikasiyası ilə bağlı sertifikatların daxil edilməsi vətəndaşa hansı imkanları verəcək?

Yuxarıda mövcud şəxsiyyət vəsiqələri ilə tətbiqinə başlanılacaq yeni nəsil şəxsiyyət vəsiqələrinin fərqləri haqqında danışdıq. Şəxsiyyət vəsiqəsinin əsas funksiyalarından biri şəxsi fiziki olaraq identikləşdirməkdir. İnformasiya texnologiyaları olan əsrimizdə fərdi virtual olaraq identikləşdirmək heç də fərdi fiziki identikləşdirməkdən az əhəmiyyətli deyil. Şəxsiyyət vəsiqəsinə daxil ediləcək sertifikatlar bu məsələni həll etməyə imkan verməklə yanaşı, vətəndaşın “E-hökumət” portalı üzərindən gündən-günə artan elektron xidmətlərdən yararlanmasına imkan verəcək.
Hazırda bu xidmətlərin sayı 413-dür. Digər tərəfdən, şəxsiyyət vəsiqəsindəki sertifikatların və fərdi identifikasiya nömrəsinin (FİN) köməyi ilə şəxsiyyət vəsiqəsi sahibi özü ilə çoxlu sayda elektron kartları (müxtəlif bank kartları, tibb, sosial sığorta, sürücülük vəsiqəsi və s. ) daşımaqdan xilas ola bilər.
“Elektron imza və elektron sənəd haqqında” Qanuna görə vətəndaşın dövlət orqanına elektron müraciəti gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. Bu o deməkdir ki, yeni nəsil şəxsiyyət vəsiqəsinə sahib olan vətəndaş öz elektron imzası ilə sənədi imzalayaraq internet üzərindən istənilən dövlət qurumuna elektron müraciət edə bilər. Bildirmək istəyirəm ki, qeyd olunanlar yeni nəsil şəxsiyyət vəsiqəsinin vətəndaşa verəcəyi imkanların tam siyahısı deyil. 

Yeni şəxsiyyət vəsiqələri ilə xarici ölkələrə səfər etmək mümkün olacaqmı ?

Yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması zamanı Beynəlxalq İCAO Təşkilatının Tövsiyyələrinin icrası nəzərdə tutulduğundan, dövlətlər arasında uyğun razılaşma olarsa, bu vəsiqələrlə xarici ölkələrə səfər etmək mümkün ola bilər.

 Dövlət başçısının verdiyi sərəncamda yeni sertifikat mərkəzlərinin, onun ehtiyat variantının  yaradılması nəzərdə tutulub. Hazırda bu istiqamətdə işlər nə yerdədir?

Yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi sahəsində aparılan işlərin sürətləndirilməsi və ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədilə Prezidenti İlham Əliyevin 28 noyabr 2014-cü il tarixli Sərəncamdan irəli gələn vəzifələri - yeni sertifikat xidmətləri mərkəzinin və onun ehtiyat mərkəzinin yaradılması və fəaliyyətininin təmin edilməsi qarşımızda duran ən vacib məsələlərdəndir.

 Bu istiqamətdə indiyədək kütləvi və elektron informasiya vasitələrində də dəfələrlə işıqlandırılan kifayət qədər işlər görülmüşdür:  layihə çərçivəsində görüləcək işlərin tədbirlər planı hazırlanmış, yeni nəsil şəxsiyyət vəsiqəsinə elektron imza sertifikatlarının daxil edilməsi  ilə əlaqədar keçiriləcək tender üçün texniki şərtlər sənədinin ilkin versiyası hazırlanaraq müzakirəyə çıxarılmış, elektron imza sertifikatlarının şəxsiyyət vəsiqəsinin çipinə daxil edilməsi prosesinin icra senarisi hazırlamış və bu senarisinin reallaşdırılması məqsədilə sınaq işlərinin aparılması üçün laboratoriya mühiti yaradılmışdır. Laboratoriyada elektron imza sertifikatlarının çipə daxil edilməsi üçün yazılan proqram təminatınının sınaq işləri keçirilmiş və müsbət nəticələr alınmışdır.
Hal-hazırda layihə çərçivəsində şəxsiyyət vəsiqələrinə daxil ediləcək elektron imza sertifikatlar üçün vacib olan sertifikat sorğusunun MSXM-in sınaq mühitində yaradılması təmin edilərək həmin sertifikatların Milli Sertifikat Xidmətləri Mərkəzində qurulacaq infrastruktura uyğunlaşdırılması və sertifikat profilinin müəyyənləşdirilməsi tamamlanmaq üzrədir.Yeni qurulacaq Mərkəzdə tətbiq ediləcək şifrləmə alqoritmin seçimi üzərində araşdırmalar nüfuzlu beynəlxalq strukturların apardıqları sertifikatlaşdırma sınaqları nəzərə alınmaqla davam etdirilir.

 Təbii ki bu cür nəhəng sistemin qurulması digər dövlət qurumlarının informasiya sistemlərinə də inteqrasiyanı nəzərdə tutur ? İnteqrasiya prosesləri başa çatdırılıbmı?

 Həqiqətən də, yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması və təyinatına əsasən istifadəsi uyğun dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyası olmadan mümkün deyil. 

Elə buna görə də  Prezident İlham Əliyevin 28 noyabr 2014-cü il tarixli Sərəncamında əlaqədar qurumlara - Ədliyyə, Səhiyyə və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Miqrasiya Xidməti şəxsiyyət vəsiqəsinin verilməsi (dəyişdirilməsi) haqqında vətəndaşın ərizə-anketindəki məlumatların real vaxt rejimində yoxlanılması və nəticələrinin İAMAS-a təqdim olunması məqsədi ilə müvafiq dövlət informasiya sistemlərinin inteqrasiyasını Daxili İşlər Nazirliyi ilə birlikdə təmin etmələri barədə göstəriş verilmişdir.
 İnteqrasiya işləri qeyd olunan nazirlik və komitələr tərəfindən intensiv olaraq aparılır və hesab edirəm ki, nəzərdə tutulan müddətdə başa çatdırılacaqdır.

 Tender elan olunubmu?  Yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması ilə bağlı zəruri olan işləri kim həyata keçirəcək? Həmin işləri həyata keçirəcək şirkət müəyyən edilibmi?

Yuxarıda qeyd edilən sərəncama əsasən yeni şəxsiyyət vəsiqələrinin hazırlanması və tətbiqi məqsədi ilə görülən tədbirlərin əlaqələndirilməsi və ümumilikdə layihənin idarə edilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılmışdır. 
Məncə, bu sualları İqtisadiyyat və Sənaye Nazirliyinə ünvanlasanız daha düzgün olardı. Dövlət tərəfindən yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması layihəsi çərçivəsində görüləcək işlərin icrası üçün bu sahədə beynəlxalq aləmdə böyük nüfuzu və təcrübəsi olan  İsveçrənin TRÜB  və yerli inteqrator kimi İDRAK şirkətləri müəyyən edilmişdir.
Bizə isə yeni sertifikat xidmətləri mərkəzinin və onun ehtiyat mərkəzinin yaradılmasını və şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı gücləndirilmiş elektron imza sertifikatlarının şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi mərkəzlərinə real vaxt rejimində ötürülməsi tapşırılmışdır. Burada qeyd etmək istəyirəm ki, artıq layihənin icrasına maraq göstərən beş şirkətdən təkliflər alınmışdır və layihənin böyük əhəmiyyət daşıdığını nəzərə aldığımız üçün təkliflərin  texniki şərtlərə uyğunluğu tələsmədən tərəfimizdən diqqətlə qiymətləndiriləcəkdir.   

Ümumiyyətlə, bu işləri həyata keçirəcək kadrları necə seçirsiniz? İşləmək istəyənlər sizə müraciət edə bilərlərmi?

 Yeni nəsil şəxsiyyət vəsiqəsi layihəsi çərçivəsinndə üzərimizə düşən işlərin reallaşdırılması üçün kifayət qədər yüksək ixtisaslı mütəxəssislərimiz olduğundan əlavə olaraq yeni kadrların seçiminə ehtiyac duymuruq. Didər tərəfdən isə, görüləcək başqa işlərimiz də çoxdur və informasiya texnologiyaları istiqamətində işləmək istəyən  biliyinə, savadına güvənən gənclərimizin müraciətlərini gözləyirik.

 Sərəncamda layihənin maliyyələşməsi ilə bağlı da konkret müddəa öz əksini tapıb. Son dövrlərdə bir sıra İT layihələrin büdcədən maliyyələşməsində müəyyən problemlər müşahidə olunur. Bu layihənin maliyyələşməsi ilə bağlı vəziyyət necədir ?

 Büdcədə nəzərdə tutulan maliyyənin alınması sifarişçi və icraçı arasında bağlanmış müqavilə əsasında aparılır. Buna qədər də müvafiq vəsaitin alınması üçün müəyyən prosedur və sənədləşmə işləri tələb olunur.

 Hal hazırda paralel olaraq bu işlər aparılır. Apardığımız araşdırmalardan məlumdur ki, tələb olunan sistemin qurulması üçün təxminən 6 ay tələb olunur. Qeyd edildiyi kimi, icraçı tam olaraq müəyyənləşməmişdir. Hal hazırda mərkəzlərin qurulması üçün konkret seçim olmadığından müvafiq müqavilə yoxdur və vəsaitin ayrılması üçün müraciət edilməmişdir.
Bütün zəruri prosedurlar tamamlandıqdan sonra vəsaitin ayrılması üçün müvafiq qurumlara  müraciət olunacaqdır.

 Xeberler.az

 

 

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə