Delta Telecom mobil internet bazarında haqsız rəqabət yarada bilərmi?

14-10-2015 / 14:50

Xəbər verdiyimiz kimi, Delta Telecom şirkəti mobil rabitə xidmətləri göstərməyə hazırlaşır. Bu ilin sonuna kimi Delta Telecom şirkəti Bakıda 4G ( LTE Advanced )  texnologiyası üzərindən mobil rabitə xidmətləri göstərməyə başlayacaq.

Artıq ölkədə fəaliyyət göstərən mobil operatorların bəziləri IV mobil operatorun bazara daxil olmasından narahatlığını ifadə edib. Təbiidir ki, yeni mobil operator istifadəçilərə istər qiymət, keyfiyyət, istərsə də tarif siyasəti baxımından müəyyən təkliflər irəli sürə bilər. Nəzərə alsaq ki, Delta Telecom Azərbaycanı, təbii olaraq da digər mobil operatorları internetlə təmin edir, onlar arasında güclənən rəqabətin istifadəçilərin xeyrinə və cibinə təsir göstərəcəyi də hamıya məlumdur.

Bəs görəsən, IV mobil operatorun Azərbaycan bazarına gəlişi nələri dəyişəcək? Yeni mobil operatorun fəaliyyəti digər operatorların mobil internet bazarına təsir edəcəkmi?

Xeberler.az olaraq  məsələylə bağlı ekspertlərin fikirlərini öyrəndik.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Xeberler.az-a bildirib ki, IV mobil operatorun mobil bazara daxil olması ilk növbədə mobil telefon bazarındakı situasiyanı dəyişəcək: “Nəzərə alsaq ki, ölkəyə internet trafiki gətirən, digər operatorlara internet satan Delta Telecom-dur və həm də onun bütün ölkə boyu keyfiyyətli optik infrastrukturu var, bu baxımdan gözləmək olar ki, bu qurum mobil infrastrukturu yaradanda bütün ölkə boyu istifadəçiləri keyfiyyətli mobil internet ilə təmin edə biləcək. Azərbaycan mobil bazarı kiçik bazar olsa da, mobil sahədə, xüsusən mobil internet sahəsində gəlirlər götürmək olar”.

Osman Gündüz qeyd edib ki, Delta Telecom-un bazara daxil olması digər operatorların mobil internet bazarına təsir edəcək:

 “Baxmayaraq ki mobil operatorların son dövlərdə gəlirləri azalır, mobil internetlə bağlı situasiya fərqlidir. Azərbaycanda mobil internetin keyfiyyətilə bağlı problemlər hələ də qalmaqdadır. Yeni mobil operatorun isə bu baxımdan müəyyən üstünlükləri var və bazarda uğur qazana bilər. İlk növbədə Delta Telecom-un ölkə boyu inkişaf etmiş Fiber optik kommunikasiya infrastrukturu var. İkincisi, ölkəni internet xidməti ilə bu qurum təmin edir. Belə halda IV mobil operatorun bazara daxil olması istər-istəməz digər operatorların mobil internet bazarına təsir edəcək. Nəticədə bu cür hallar isə ümumi bazarda situasiyanı dəyişəcək. Ona görə də yaranan situasiya istənilən halda istifadəçilərin xeyrinə olacaq”.

Osman Gündüz Delta Telecom şirkətinin indiyədək pərakəndə satışla məşğul olmadığını da bildirib. “90 faiz internet bazarına nəzarət edən, Millli İnternet Operator statusuna malik Backbone provayderin həm də son istifadəçilərə xidmət göstərməyə başlaması bazarda haqsız rəqabət də yarada bilər. Bu baxımdan hesab edirəm ki, tənzimləyici qurum olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN)-də haqsız rəqabətə yol verilməməsi istiqamətində addımlar atmalıdır”.

Yeni mobil operator daha keyfiyyətli, sürətli internetlə istifadəçiləri təmin etsə, mobil operatorlar arasında rəqabət olacaq.

İT mütəxəssis Fərid Kazımov Xeberler.az-a bildirib ki, IV mobil operatorun bazara daxil olması Azərbaycanda rəqabəti gücləndirəcək:

 “Ölkədə fəaliyyət göstərən mobil operatorlar istifadəçilərə mobil internetdən istifadəyə görə müəyyən güzəştlər tətbiq edir. Belə vəziyyət əsasən internet paketlərdə müxtəlif güzəştlərin edilməsində, qiymətlərin aşağı salınmasında özünü göstərir. Yəqin ki, yeni mobil operator əsas bunlara üstünlük verəcək, istifadəçiləri keyfiyyətli internetlə təmin edəcək”.

Fərid Kazımov hazırki durumda mobil internetin qiymətindən də danışıb: “İstifadəçilər ay ərzində mobil rabitə xidmətlərinə görə müəyyən qədər vəsait ödəyir.  Araşdırma aparsaq görərik ki, bu vəsaitin çox hissəsi mobil internetə sərf olunur. Biz əvvəllər telefon danışığına, SMS-lərə pul ödəyirdik, hazırda isə ən çox vəsaiti mobil internetə xərcləyirik. Bu nöqteyi nəzərdən, istifadəçi  sərf etdiyi məbləğin qarşılığında keyfiyyətli mobil internet tələb edir. Düşünürəm ki, yeni mobil operator istifadəçiləri daha keyfiyyətli, sürətli internetlə təmin etsə, mobil operatorlar arasında rəqabət olacaq”.


AzeriCom MMC-nin baş direktoru Vüqar Əliyarov Xeberler.az-a bildirib ki, Delta Telecom-a IV operator demək hələ ki düzgün deyil:

“Bildiyimiz kimi ilk provayder olan Delta Telecom bazarda 4G (IV nəsil şəbəkə bazası) məlumatları  üzərindən xidmətə başlayacaq. Delta Telecom ilkin mərhələdə hazırki texniki baza üzərindən IV nəsil şəbəkə məlumatlarının ötürülməsi xidmətini işə salmağı düşünür. Hesab edirəm ki, bu baxımdan Delta Telecom-a hələ IV operator demək düzgün deyil. Bunu zaman göstərəcək”.

Delta Telecom-un bazara gəlişi ilə iş yerlərinin sayı artacaq

Vüqar Əliyarov qeyd edib ki, istənilən bazara əlavə şirkətin daxil olması, təbii ki, rəqabətə öz müsbət təsirini göstərir.

O vurğulayıb ki, iqtisadi böhranla əlaqədar dünyada mobil operatorların sayı azalsa da,  Azərbaycanda mobil operatorların sayı artır. 

Və Delta Telecom-un bazara gəlməsi qismən canlanmaya səbəb ola bilər:

“3 mobil operatorumuz var və onlar bazarda kifayət qədər təcrübəyə malikdir. Bazara kifayət qədər investisiya yatıran şirkətlərdir. Bunlarla rəqabətə girməyin özü də böyük bir cəsarət tələb edir. Bunun üçün də, təbii ki, investisiya lazımdır. Qiymət siyasəti, tariflərdə müəyyən güzəştlər şərtdir. Bunlar olsa bazarda canlanma olacaq. Amma hər şey şirkətin fəaliyyətindən asılıdr. IV mobil operatorun Azərbaycan mobil bazarına daxil olması ilə müəyyən sayda iş yerləri də açılacaq”.

Yeni mobil operator iddialı təkliflərlə çıxış edəcək

Xəzər Vençur (Khazar Ventures) şirkətinin təsisçisi  Məmməd Kərimov bildirib ki, mobil sahədə uğur qazanmaq üçün işə bütöv şəkildə, yəni rabitə ilə yanaşı  xidmətləri  və məzmunları rahat təmin etmək lazımdır.

“Mobil operatorların gəlirliyi hazırda aşağı düşməkdədir. Buna həm rəqabət, həm də göstərdikləri mövcud xidmətlərin pulsuz alternativlərinin meydana çıxması səbəb olur. Hazırda bütün operatorlar daha çox internet xidmətlərinin inkişafı ilə məşğuldurlar və təbii olaraq yeni gələn operatorun da bu istiqamətdə iddialı təkliflər edəcəyini düşünürəm. Sadəcə 4G texnologiyasını dəstəkləyən cihazların çoxluğu və ya onların çoxalması tendensiyasından asılı olaraq bazarın necə formalaşması barədə fikirlər bildirmək olar”.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə