Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” mövzusunda I respublika konfransı keçirilib.
Xeberler.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq konfransın 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə təsadüf etdiyini qeyd etdi. Ölkədə informasiya cəmiyyəti quruculuğunda bilavasitə iştirak edən hər kəsi bu əlamətdar gün münasibəti ilə təbrik edib.
A.Əlizadə proqram mühəndisliyinin ölkəmizdə informasiya cəmiyyətinin inkişafı, biliklər iqtisadiyyatının formalaşması baxımından çox mühüm əhəmiyyət kəsb edən intellektual fəaliyyət sahəsi olduğunu deyib. O, bildirib ki, BMT tərəfindən minilliyin ideologiyası kimi bəyan olunan informasiya cəmiyyətinin əsasında İKT və biliklər iqtisadiyyatı dayanır. Bu sahənin ən mühüm sektorlarından biri də məhz proqram mühəndisliyidir.
Alim qeyd edib ki, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonalarının yaradılması, informasiya və biliklərə əsaslanan iqtisadiyyatın inkişaf etdirilməsi, İKT sahəsində bilik və bacarıqların artırılması məsələləri öz əksini tapıb.
A.Əlizadə biliklər iqtisadiyyatının bir seqmenti kimi formalaşmaqda olan proqram sənayesinin əsasında “elm-təhsil-innovasiya” üçbucağının dayandığını vurğulayıb:
“Azərbaycan gənclərinin bu sahəyə marağının artırılması üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Proqramlaşdırma sahəsində elmi kadrlara və yüksək ixtisaslı mütəxəssislərə artan tələbatın ödənilməsi məqsədi ilə zəruri işlər görməli, ölkənin ali təhsil müəssisələri ilə əməkdaşlığı dərinləşdirməliyik”.
Alim bu istiqamətdə Elmlər Akademiyası ilə Təhsil Nazirliyi arasında işgüzar münasibətlərin mövcud olduğunu da nəzərə çatdırıb.
AMEA rəhbəri nitqinin sonunda proqram mühəndisliyinin ən müxtəlif aspektləri ilə bağlı 80-dən çox məruzənin təqdim olunacağı konfransın işinə uğurlar arzulayıb.
Sonra AR təhsil nazirinin müavini Firudin Qurbanov proqram mühəndisliyi sahəsində dünya təcrübəsinin öyrənilməsi və təhsil sistemində buna uyğun kompleks islahatların aparılmasının zəruriliyini vurğulayıb. O, İnformasiya Texnologiyaları İnstitutunda təşkil olunmuş bu kofransın Azərbaycanda proqram mühəndisliyinin gələcək inkişafına mühüm töhfələr verəcəyinə əminliyindən danışıb.
AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Proqram mühəndisliyinin formalaşmasının bəzi aktual problemləri və perspektivləri” mövzusunda çıxış edib.
R.Əliquliyev Azərbaycanda proqram mühəndisliyinin inkişafına dair bir sıra təklif və tövsiyyələrini də səsləndirib. Ölkənin müvafiq ali təhsil müəssisələrində “Proqram mühəndisliyi” ixtisası üzrə kadrların hazırlanması və onların riyazi biliklərinin artırılması, proqram mühəndisliyi sahəsində mövcud olan beynəlxalq standartların milliləşdirilməsi, onların tətbiqi və tədrisinin həyata keçirilməsi, müvafiq qurumlar tərəfindən proqram mühəndisliyi sahəsində aparılan elmi araşdırmalara və irəli sürüləcək təşəbbüslərə dəstək verilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsinin zəruriliyini önə çəkib.
Tədbirdə, həmçinin Bakı Dövlət Universiteti, f.-r.f.d., dosent Ramin Mahmudzadə “Ölkəmizdə proqramlaşdırmanın tədrisi haqqında” və Microsoft şirkətinin MDB ölkələri üzrə strateji həllər eksperti Qaçay Mirzəyev “Proqram mühəndisliyi sahəsində Microsoft şirkətinin prioritetləri” adlı məruzələrlə çıxış edib.
Sonra konfrans öz işini “Proqram mühəndisliyinin elmi-nəzəri problemləri”, “Proqram mühəndisliyinin tədrisi problemləri” və “Proqram mühəndisliyinin tətbiqi problemləri” mövzusunda təşkil olunmuş seksiya iclasları ilə davam etdirib.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri