Azərbaycan bu il dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir. 1991-ci il oktyabrın 18-də qəbul edilən Konstitusiya Aktı ilə ölkə özünü 1918-ci il Xalq Cümhuriyyətinin varisi elan edib. Müstəqilliyin ilk illəri siyasi böhran, iqtisadi tənəzzül və Ermənistanın təcavüzü ilə müşayiət olunub.
Xeberler.az bildirir ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı sabitliyin bərpasına, nizami ordunun qurulmasına və 1994-cü ilin mayında atəşkəsin əldə olunmasına gətirib. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”, 1995-ci il noyabrın 12-də qəbul edilən ilk Konstitusiya, Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi layihələr dövlətin iqtisadi və hüquqi əsaslarını möhkəmləndirib. Azərbaycan 1992-ci ildə BMT-yə, 2001-ci ildə Avropa Şurasına üzv olub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyat şaxələndirilib, ordu gücləndirilib. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyü və suverenlik tam bərpa olunub. Azad edilmiş ərazilərdə quruculuq işləri və Böyük Qayıdış Proqramı davam edir.
2021-ci ildə qəbul edilən qanuna əsasən, 28 May “Müstəqillik Günü”, 18 Oktyabr isə “Müstəqilliyin Bərpası Günü” kimi təsbit olunub.



















