Martın 9-da Milli Məclisin iclasında Ombudsman Səbinə Əliyeva 2020-ci il üzrə illik məruzəsini təqdim edərkən dövlət orqanları tərəfindən vətəndaşların ölkədən çıxışına qadağa qoyulması praktikasından da danışıb. O təklif edib ki, vətəndaşın ölkədən çıxışına məhdudiyyət yalnız məhkəmə qərarı əsasında qoyulmalı və bu barədə həmin şəxsə bildiriş göndərilməlidir.
Qeyd edək ki, bu məsələ ölkədə narazılıq doğuran problemlərdən biridir. Müxtəlif dövlət qurumları vətəndaşları bilgiləndirmədən, məhkəmə qərarı olmadan onların ölkədən çıxışına məhdudiyyət tətbiq edir. Şikayətlərə isə bir qayda olaraq, əhəmiyyət verilmir.
Xeberler.az-ın məlumatına görə, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, problem bir neçə ildir mövcuddur və tənqidlərə rəğmən aradan qalıdırılmır:
“Ötən müddət ərzində bu istiqamətdə hər hansı irəliləyiş müşahidə olunmayıb. Hazırda “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na görə, 11 dövlət qurumu vətəndaşın ölkədən çıxışına qadağa – STOP tətbiq edə bilər. Yalnız borcu olanlarla bağlı tətbiq olunan qadağanı qabaqcadan öyrənmək mümkündür. Digərləri isə adətən sərhədi keçərkən, pasport yoxlaması zamanı qadağa ilə bağlı məlumat əldə edirlər”.
Osman Gündüz qeyd edib ki, Ombudsmanın təklifi aktualdır və faydalıdır: “Ümid edirəm, “e-Gov”a cavabdeh qurum və aidiyyəti qurumlar bildiriş sistemini tez bir zamanda hazırlaya biləcəklər”.
Jurnalist Pərviz Həşimli 2017-ci ildə Gəncədə baş verən hadisələrə görə məhkəmə qərarı olmadan onun ölkədən çıxışına qadağa qoyulduğunu söyləyir:
“Yalnız ölkədən çıxarkən, sərhəddə bu qadağadan xəbər tutdum. Prokurorluğa müraciət etdikdə məlum oldu ki, sözügedən olaylara görə şahid qismində istintaqa dəvət olunmuşam. Mən bu məsələni məhkəmə müstəvisinə daşıdım, yerli instansiyaların heç biri şikayətimi təmin etmədi. Avropa Məhkəməsinə müraciət etdikdən sonra hökumət təzminat və barışıq təklif etdi”.
Hüquq və İnkişaf Mərkəzinin rəhbəri Hafiz Həsənov isə “Press Klub”a bildirdi ki, ümumiyyətlə, şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulması hüquqi baxımdan əsassızdır:
“Belə bir məhdudiyyətin məhkəmə qərarı olmadan tətbiq edilməsi isə yolverilməzdir. Çünki bu məsələ insanın hərəkət azadlığı ilə bağlı məsələdir və onun məhdudlaşdırılması Konstitusiyanın 25-ci maddəsinin III hissəsinə və Azərbaycanın qoşulduğu müvafiq beynəlxalq konvensiyalara ziddir. Həmçinin, Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz”.
Ekspert qeyd edir ki, hüquq və azadlıqların məhdudlaşdırılması müstəsna hallarda tətbiq edilməli və dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır:
“İndiki halda nə belə müstəsnalıq, nə də belə mütənasiblik var. Hazırda icra hakimiyyəti strukturuna daxil olan 11 dövlət qurumunun insan hüquqları ilə bağlı belə məhdudiyyətlər müəyyən etmək səlahiyyətinin olması və bu məhdudiyyətlər siyahısının xeyli genişliyi isə yaxşı olmayan vəziyyəti bir qədər də pisləşdirir. Ona görə də hesab edirəm ki, bu cür məhdudiyyətlərə yenidən baxılmalı, məhdudiyyətlərin böyük əksəriyyəti ləğv olunmalı və tətbiq edilə biləcək məhdudiyyətin hər biri məhkəmə qaydasında edilməlidir”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri