Ölkədən çıxışa qoyulan qadağanı necə öyrənmək olar ?

29-07-2019 / 15:11

Bəzən olur ki kimsə xaricə getmək üçün Hava Limanına və ya hansısa sərhəd buraxılış məntəqəsinə yaxınlaşanda məlum olur ki onun ölkədən çıxışına stop qoyulub. İndiki halda bunu elektron formada qabaqcadan öyrənmək mümkündürmü ?

Xeberler.az bildirir ki, Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz məsələyə münasibət bildirib. Onun sözlərinə görə, hələlik yalnız iki qurumdan və yalnız ödənilməyən borclarla bağlı vətəndaşa ölkədən çıxışa qoyulan qadağanı qabaqcadan onlayn formada öyrənmək olar.

Borcla bağlı stop qoyulmasını öncədən Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin elektron xidmətləri vasitəsilə öyrənmək olar. Digər hallarda tətbiq edilən stop qadağası haqqında məlumatı qabaqcadan elektron formada əldə etmək , indiki halda mümkün deyil.

Ekspert qeyd edib ki, bununla bağlı myGov platforması vətəndaşlara stopla bağlı belə xidmət, məlumatlandırma təqdim edə bilər. Artıq bəzi dövlət xidmətləri ilə bağlı bu tip oxşar məlumatlandırma myGov tərəfindən təqdim edilir. Hazırda isə qanunvericiliyə görə aşağıdakı qurumlar stop qadağası ("Sərhədkeçməyə məhdudiyyət siyahısı") tətbiq edə bilər :

1.Ədliyyə Nazirliyi 
2.Daxili İşlər Nazirliyi
3.Fövqaladə Hallar Nazirliyi
4.Vergilər Nazirliyi
5.Baş Prokurorluq
6.Dövlət Sərhəd Xidməti
7.Dövlət Təhlükəsizlik Xidməti
8.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
9.Dövlət Gömrük Komitəsi
10. Müdafiə Nazirliyi
11. Xarici Kəşfiyyat Xidməti

Dövlət Sərhəd Xidmətinin özəl informasiya sistemi olmadığından stop qadağası DİN-nin tabeliyində olan “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) vasitəsilə həyata keçirilir. 
Yəni, çıxışına qadağa qoyulan şəxsin ad və soyadı buradakı stop siyahısına əlavə olunur. Dövlət Sərhəd Xidməti əməkdaşı sərhədi keçmək istəyənin ad və soyadını Daxili İşlər Nazirliyinin bu sisteminə daxil etdikdə stop qoyulan vətəndaşla bağlı məlumat görsənir.

Ekspert düşünür ki, Elektron Hökumətin İnkişafı Mərkəzi adı çəkilən qurumla birgə myGov üzərindən bu xidməti təqdim edə bilər. Əgər STOP-la bağlı məlumat “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində qabaqcadan varsa onun öncədən də myGov-da qeydiyyatdan keçən vətəndaşın telefonuna göndərilməsi, problem olmamalıdır. Lazım gələrsə bu sistemin Əsasnaməsində də bununla bağlı hansısa dəyişiklik etmək mümkündür.

Osman Gündüz son olaraq qeyd edib ki, myGov-da qeydiyyatdan keçən vətəndaşlara hazırda bir sıra xidmətlər, etibarnamələrin, pasportun və ya sürücülük vəsiqəsinin vaxtının bitməsi haqqında məlumatlandırma və s xidmətlər təqdim edilir. Eyni qayda ilə müvafiq informasiya sistemləri arasında inteqrasiyanı təmin etməklə myGov üzərindən STOP-la bağlı məlumatlandırmanı da vətəndaşa təqdim etmək olar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə