Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” qəbul edilib.
Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz şərh edib.
Ekspert bildirib ki, uzun müddət müzakirə edilən və nəhayət qəbul olunan Rəqəmsal İqtisadiyyat Strategiyası konkret icra mexanizmləri olan iqtisadi yol xəritəsidir:
"Strategiyada təxminən 52 tədbir, o cümlədən 8 əsas tədbir nəzərdə tutulub ki, bunların böyük hissəsi proqramların qəbulu, yeni mərkəzlərin yaradılması, platforma və mexanizmlərin formalaşdırılması kimi real, ölçülə bilən, konkret rəqəmlər qeyd olunan tədbirlərdən ibarətdir.
Startapların, startap ekosistemin inkişafına xeyli yer ayrılıb, konkret tədbirlər nəzərdə tutulub".
Osman Gündüz qeyd edib ki, Sənəddə Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı, Yeni Nəsil Texnologiyalar, Mərkəzinin yaradılması, startaplar üçün sandbox mexanizmləri, data əsaslı qərarvermə sistemləri, rəqəmsal bacarıqlar və KOB-ların transformasiyası üzrə konkret addımlar yer alır:
"Bu yanaşma göstərir ki, rəqəmsallaşma artıq ayrı-ayrı İT layihələri deyil, birbaşa məhsuldarlıq, ixrac və əlavə dəyər yaradan iqtisadi proses kimi nəzərdən keçirilir.
Bu strategiyanın əsas üstünlüklərindən biri də odur ki, dövlət burada yalnız tənzimləyici rolunda çıxış etmir, özəl sektor, startaplar və real iqtisadiyyat üçün bazar formalaşdıran aktora çevrilir. Rəqəmsal həllərin tətbiqi biznes üçün real stimullarla – maliyyə, platforma və infrastruktur dəstəyi ilə müşayiət olunur.
Burada vacib fərqi də qeyd etmək lazımdır. Bir müddət öncə təsdiqlənən, əslində çox dar çərçivədə hazırlanan Süni İntellekt Strategiyası əsasən texnologiyanın özü, data, modellər, etik və institusional çərçivə üzərində qurulub və istiqamətverici xarakter daşıyırdısa, daha geniş və əhatəli olan Rəqəmsal İqtisadiyyat Strategiyası süni intellekti məqsəd yox, vasitə kimi qəbul edib.
Hansı ki bunları da yuxarıda qeyd etdiyim 52 tədbir çərçivəsində iqtisadiyyatın real sektorlarına tətbiq etməyi hədəfləyir".
Ekspertin sözlərinə görə, bu strategiyada əsas yük və cavabdehlik İqtisadiyyat Nazirliyinin üzərindədir – 52 təşəbbüsün böyük hissəsi və 8 əsas təşəbbüs birbaşa bu qurumun icrasına bağlıdır. Digər əsas icraçılar isə RİNN və ETN-dir. Eyni zamanda təxminən 15 mərkəzi icra qurumu da bu prosesdə iştirak edəcək:
"Əsas məsələ indi bu 52 tədbirin və 8 əsas təşəbbüsün formal yox, real icra olunmasıdır.
Qənaətim bu oldu ki, sənəddə nəzərdə tutulanlar maraqlı tərəfləri cəlb etməklə düzgün icra edilərsə, normal kordinasiya olarsa, hesabatlılıq və şəffaflıq təmin olunarsa rəqəmsallaşma ölkə iqtisadiyyatında xeyli dərəcədə hiss olunan nəticələr verə biləcək".