“Azercell” COP29-un telekommunikasiya tərəfdaşıdır

01-11-2024 / 09:18

Azərbaycanın aparıcı mobil operatoru “Azercell Telekom” MMC COP29-un telekommunikasiya tərəfdaşı seçilib.

Xeberler.az məlumat verir ki, bu, COP29 Azərbaycan Əməliyyat Şirkətinin rəqəmsal inklüzivliyə sadiqliyini vurğulamaqla yanaşı, şirkətin bütün əməliyyat sahələrində dayanıqlılığa üstünlük verdiyini bir daha sübut edir.

“Azercell” MMC telekommunikasiya sənayesində dayanıqlılıq və innovasiyalara sadiqliyi ilə seçilən əsas şirkətlərdən biridir. 2017-ci ildən etibarən “Azercell” ölkə ərazisində stasionar yaşıl baza stansiyaları quraşdırır. Belə ki, təkcə Qarabağ bölgəsində 35 baza stansiyası günəş enerjisi ilə işləyir və bu stansiyaların iş vaxtının 60%-ni bərpa olunan enerji mənbələri təmin edir. Bundan əlavə, BMT-nin Qlobal Sazişinə qoşulan “Azercell” şirkəti həm də GSMA Assosiasiyasının İqlim Fəaliyyəti üzrə İşçi Qrupunun üzvüdür. Bu isə onun Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) sadiqliyini, eləcə də telekommunikasiya sahəsində fəaliyyət göstərən digər maraqlı tərəfləri öz dayanıqlılıq səylərini sürətləndirməyə təşviq etməkdə şirkətin oynadığı rolu daha da gücləndirir.

“Azercell” şirkətinin “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” şüarlı missiyası və Azərbaycanın telekommunikasiya sektorunda lider olmaq məramı onun həm dayanıqlılıq, həm də ətraf mühit resurslarından rasional istifadə üzrə qəti əzmkarlığını əks etdirməklə yanaşı, çoxsaylı Dayanıqlı İnkişaf Məqsədləri ilə yaxından uzlaşır. Enerjiyə qənaət edən texnologiyaları tətbiq etmək, bərpa olunan enerjidən istifadəni artırmaq və rəqəmsal inklüzivliyə prioritet verməklə, “Azercell” şirkəti mobil rabitəni genişləndirməklə yanaşı, onun ekoloji təsirini də fəal şəkildə minimuma endirir. Bu il şirkət sözügedən sahələrdə şəffaflıq və irəliləyişi vurğulayan ilk ESG hesabatını dərc edib.

Bu il COP29-un tərəfdaşı seçilməklə “Azercell” şirkəti təsdiq edir ki, Azərbaycanın aparıcı mobil operatoru kimi onun üzərinə düşən vəzifə dayanıqlı inkişafı təşviq etmək və həm texnologiya, həm də rəqəmsal transformasiyanın aşağı karbonlu iqtisadiyyatı necə dəstəkləyə biləcəyinə dair daha geniş dialoqa töhfə verməkdir. Bu tərəfdaşlıq sayəsində şirkət dayanıqlı təcrübələrə sadiqliyini nümayiş etdirməklə yanaşı, digər innovativ texnologiya şirkətləri ilə əməkdaşlıq əlaqələri qura biləcək.

Tədbir çərçivəsində yaradılan imkandan istifadə etməklə, COP29 ilə tərəfdaşlıq edən şirkətlər qlobal iqlim siyasəti ilə bağlı fəaliyyətlərdə iştirak edəcək, dayanıqlılıq səylərini ön plana çıxaracaq və iqlim fəaliyyətini öz əsas biznes sahələrində də dəstəkləmiş olacaqlar. Bakıda keçiriləcək COP29 tədbirinin tərəfdaşı olmaqla, bu şirkətlər həm ekoloji siyasətlərin tətbiqində, həm də 1,50C hədəfi baxımından qlobal icmalara dəstək göstərilməsində oynadıqları mühüm və həlledici rolu bərabər şəkildə nümayiş etdirə biləcək.

COP29-un özəl sektor üçün xüsusi məkanı olan Yaşıl Zonada iqlim yönümlü həll variantlarını nümayiş etdirən bir sıra qlobal şirkətlər müxtəlif proqramlar, o cümlədən təqdimat, seminar və qarşılıqlı əlaqələrin qurulması vasitəsilə öz əlaqələrini və iqlim fəaliyyətlərini genişləndirəcək. Həmçinin, iştirakçı şirkətlər daha geniş tanınma, habelə əməkdaşlıq və qarşılıqlı əlaqələrin qurulması üçün teatral auditoriya formatlı konfrans zalları və müxtəlif iclas otaqlarından istifadə etməklə öz tədbirlərini təşkil edə biləcək.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova “Azercell Telekom” MMC-nin telekommunikasiya tərəfdaşı elan edilməsi ilə bağlı bunları bildirib: “Mən məmnuniyyətlə bildirirəm ki, “Azercell Telekom” MMC COP29-un telekommunikasiya tərəfdaşı seçilib. Azərbaycanın ən böyük mobil operatoru olan “Azercell” şirkəti telekommunikasiya məkanında nüfuzlu söz sahibi olan maraqlı tərəfdir. Texnologiya sahəsində mühüm danışıqlar aparan “Azercell” şirkəti bu tərəfdaşlıq sayəsində iqlim fəaliyyətlərini dəstəkləmək əzmkarlığını nümayiş etdirə biləcək.”

COP29 ilə tərəfdaşlığa toxunan “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova isə qeyd edib ki: “Azərbaycanın aparıcı mobil operatoru və ölkədə rəqəmsal mühitin formalaşmasında mühüm rol oynayan şirkət kimi, “Azercell” həm cəmiyyət, həm də ətraf mühit qarşısında məsuliyyət daşıdığını dərk edir. Biz ekoloji cəhətdən təmiz texnologiyalar və bərpa olunan enerji həllərini təkmilləşdirməyə sadiqik və fəal şəkildə ekoloji təsirlərimizi minimuma endirməyə çalışırıq. Qlobal iqlim təşəbbüslərini dəstəkləməklə, biz daha yaşıl gələcəyə töhfə verir və yeni korporativ liderlik standartını müəyyən edirik. Biz birlikdə daha dayanıqlı və davamlı gələcək qururuq!”

 

 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə