“Azercell Telekom”dakı dövlət payı özəlləşdirildi.

26-04-2008 / 15:33

“Azercell Telekom”dakı dövlət payı özəlləşdirildi.

Bakı, 12 fevral 2008

Azərbaycanın ən iri mobil operatoru olan “Azercell Telekom” Birgə Müəssisəsindəki dövlətə məxsus pay özəlləşdirilib. Şirkətin nizamnamə kapitalındakı 35,7 faizlik dövlət payı 180 milyon ABŞ dollarına “Azertell Telekommunikasyon Yatırım Dış Ticaret A.Ş.” şirkəti tərəfindən özəlləşdirilib. Bu haqda bu il fevralın 11-də həmin şirkətlə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsi imzalanıb.

Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan bir sıra təşkilatlar, həmçinin onların iştirakı ilə yaradılmış müştərək müəssisələr hələ 2001-ci ildən özəlləşdirməyə açıq elan edilib. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi də “Azercell Telekom” BM-nin nizamnamə kapitalındakı dövlət payının yenidən qiymətləndirilməsi üçün komissiya yaradıb. Komissiya ilə yanaşı, özəlləşdirmə prosedurlarının aparılması və müvafiq əqdlərin bağlanmasında məsləhətçi xidmətlərinin göstərilməsi məqsədilə “Ernst and Young” beynəlxalq məsləhətçi şirkəti də bu işə cəlb olunub. Bu şirkət dövlət payının beynəlxalq norma və standartlara uyğun qiymətləndirilməsini apararaq hesabat hazırlayıb. Məhz həmin hesabata əsasən, “Azercell Telekom” BM-dəki dövlətə məxsus 35,7 faizlik payın qiyməti 180 (yüz səksən) milyon ABŞ dolları həcmində müəyyənləşdirilib.

Mövcud qanunvericiliyə əsasən, dövlətə məxsus pay ilk növbədə müştərək müəssisənin digər təsisçisinə - “Azertell Telekommunikasyon Yatırım Dış Ticaret A.Ş.” şirkətinə təklif edilib. Bu şirkət də həmin payın alınmasına razılıq verib. Aparılan danışıq və müzakirələrdən sonra dövlət payının alqı-satqısı üzrə müqavilə hazırlanıb. Tərəflər 11 fevral 2008-ci il tarixində alqı-satqı müqaviləsini imzalayıblar. Sənədə “Azertell”in İdarə Heyətinin sədri Terro Kivisaari, İdarə Heyətinin üzvü Pietari Kivikko və “Azercell Telekom”un Baş Müdiri A. Halim Ateş, hökumət nümayəndələrindən isə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov və rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov imza atıblar.

Bu gün “Azercell Telekom” 3 milyon abonenti ilə ölkənin ən iri və ən keyfiyyətli rabitə təklif edən mobil operatorudur. 1996-cı ildə yaradılan və elə həmin ildən də fəaliyyətə başlayan şirkət indiyə kimi Azərbaycana 700 milyon dollara yaxın sərmayə qoyub. Özəlləşdirməyə qədər “Azercell Telekom” Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (35,7 faiz) və Fintur Holdings BV (64,3 faiz) şirkətinə məxsus idi. Qeyd edak ki, Fintur Holdings BV-nin 58 faizi Skandinaviyanın ən nüfuzlu operatoru olan “TeliaSonera” şirkətinin, 42 faizi isə Türkiyənin “Turkcell” operatorunun nəzarəti altındadır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə