“Azərkosmos” ASC-nin yaradılması istiqamətində intensiv işlər görülür

18-05-2010 / 15:30

“Azərkosmos” ASC-nin yaradılması istiqamətində intensiv işlər görülür
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Sərəncam imzalamışdır.

Sərəncama əsasən, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədi ilə səhmləri dövlətə məxsus olan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis ediləcək.

Sərəncamın icrası ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində iclas keçirilib.

İclasda “Azərkosmos” ASC üçün müvafiq domen adlarının qeydiyyatı məsələsi, digər dövlət strukturlarının rəyləri nəzərə alınaraq ASC-nin nizamnamə layihəsinin yenidən işlənməsi, müəssisənin dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlərin görülməsi, ASC-nin strukturuna dair təkliflərin hazırlanması, ASC-nin saxlanma xərclərinin, telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması, mərkəzin beynəlxalq tələblərə uyğun tikintisinin dövlət büdcəsindən maliyyələşdirilməsi üçün aidiyyatı üzrə müraciətin hazırlanmasına dair qərar qəbul olunub.

Eyni zamanda əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yerinin seçilməsinə dair müvafiq tapşırıqlar verilib.

Bundan başqa, iclasda mayın ikinci ongünlüyünün sonuna qədər ölkədə kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək, sahənin inkişafı üzrə təkliflər hazırlamaq məqsədi ilə yaradılacaq Şuraya dair təkliflərin hazırlanması barədə qərar qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyevin “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında sərəncamı olduqca böyük əhəmiyyət daşıyır.

Jurnalistlərə açıqlama verən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, “Azərkosmos” ASC-nin yaradılması haqqında sərəncam iki strateji məqsəd daşıyır - Azərbaycanda kosmik sənayenin inkişafı və nəticə olaraq peykin kommersiya məqsədləri ilə istifadə olunması. “Bunun sayəsində Azərbaycan beynəlxalq kosmik bazara çıxa biləcək”, - deyə Ə. Abbasov bildirib


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə