“Beynəlxalq Astronavtika Federasiyasının “IAC Gənc Pioner” mükafatını qazanmaq mənim üçün çox qürürvericidir. Bu uğurun təməlində, söz yox ki, gərgin zəhmət, oxumaq və çalışqanlıq dayanır. “IAC Gənc Pioner” mükafatı bu il Azərbaycanda keçirilən Beynəlxalq Astronavtika Konqresi çərçivəsində adı dəyişdirilmiş “Luıgı G. Napolıtano Award” mükafatıdır. Mükafat hər il Beynəlxalq Astronavtika Federasiyası tərəfindən seçilmiş, aerokosmik sahədə töhfə vermiş 30 yaşınadək gənc alimə verilir. Bu il Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan 6 finalçı arasında regionda ilk dəfə mükafat məhz Azərbaycana, mənə verildi”.
Bu barədə müsahibəsində Beynəlxalq Astronavtika Federasiyasının “IAC Gənc Pioner” mükafatının sahibi, “Azərkosmos”un coğrafi informasiya sistemləri üzrə aparıcı təlimçisi Sona Quliyeva bildirib.
Sona Quliyeva deyib ki, öncə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ekologiya mühəndisliyi ixtisası üzrə təhsilə başlayıb. Daha sonra ətraf mühitə və yeni texnologiyalara marağı onu Milli Aviasiya Akademiyasına gətirib. Akademiyada aerokosmik sahədə daha geniş fəaliyyət göstərib, sonra nəzəri biliklərini praktiki olaraq “Azərkosmos”da inkişaf etdirib.
“Təhsilim tam olaraq Azərbaycanla bağlıdır. Artıq 5 ildir ki, Milli Aviasiya Akademiyasında Ətraf mühitin aerokosmik monitorinqi kafedrasında müəllim olaraq fəaliyyət göstərirəm. Bu ildən Azərbaycan-Fransız Universitetində çalışıram, eyni zamanda, əsas fəaliyyətimi “Azərkosmos”un Coğrafi İnformasiya Sistemləri Mərkəzində davam etdirirəm. Milli Aviasiya Akademiyasında doktorantura pilləsini başa vurmuşam, müdafiəm qalıb. Təhsilimi davam etdirmək üçün İtaliyanın Turin Politexnik Universitetində təqaüd proqramı qazanmışam. Belə top-reytinqli universitetdə bu təqaüdü qazanacağıma inanmırdım, artıq İtaliyaya getməyə hazırlaşıram. Noyabr ayından etibarən İtaliyanın Turin Politexnik Universitetində Phd tədqiqatçı kimi çalışmağa başlayacağam. Mövzum “Yeni geoməkan məlumatların istifadəsi” ilə bağlıdır. Bu, yeni “ağıllı şəhərlər” üçün vacib məsələlərdən biridir. Eyni zamanda, bu günlər daha çox gündəmə gələn rəqəmsal əkizlərlə bağlıdır”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, informasiya texnologiyaları sahəsində mühəndisliklə məşğul olanların təxminən 30 faizini qadınlar təşkil edir. Coğrafi informasiya sistemlərində isə qadınlar azdır: “Lakin bu sahəyə maraq getdikcə artır. Milli Aviasiya Akademiyasında bu sahədə keçirdiyimiz son təlimdə 10 nəfər iştirakçıdan 8-i qadın idi. Düşünürəm ki, burada artıq xanımların bu sahəyə marağı daha da artıb”.
“Kosmik fəaliyyət haqqında” Qanunun dövlət başçımız tərəfindən Azərbaycanda kosmos sahəsinə göstərilən xüsusi diqqət olduğunu vurğulayan Sona Quliyeva bildirib ki, eyni zamanda, bu, yeni çağırışlara növbəti addımdır. Gənclər üçün bir şansdır. Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində çoxsaylı gənclər, tələbələr iştirak ediblər. Bu, onlar üçün yeni imkanlar yaratdı. Həmçinin gənclərimiz müxtəlif elmi müzakirələrdə iştirak etmək şansı qazandılar. Konqresdə 6 minədək müxtəlif ölkələrdən iştirakçılar gəlmişdi, onların hamısının Bakıda toplanması bizim tələbələrimiz üçün dünyada aerokosmik sahədə baş verən müxtəlif mövzularda yeni texnologiyalar haqqında biliklərin əldə olunması ilə yanaşı, eyni zamanda, əlaqələrin də qurulması kimi bir imkan yaratdı. Eləcə də bu tədbir ölkəmizin beynəlxalq səviyyədə tanınması baxımından, həm də bizim gənclərin təcrübə mübadiləsi baxımından faydalı oldu.
Sona Quliyeva qeyd edib ki, hazırda “Azərkosmos”un planları hazırlanır və yaxın gələcəkdə hər kəs üçün açıq olacaq: “Bizim 3 peykimiz fəaliyyət göstərir, onlar telekommunikasiya və Yerin məsafədən müşahidəsi peykidir. Eləcə də Bakı Beynəlxalq Astronavtika Konqresi çərçivəsində də “Azersky 2” Yerin məsafədən müşahidəsi peyki barədə müqavilə imzalandı. Ümumiyyətlə, Bakı Konqresi çərçivəsində müxtəlif əməkdaşlıqlar qurulub, müqavilələr, memorandumlar imzalanıb. Yeni proqramlar elan olunacaq. “Azərkosmos” tərəfindən hazırda müxtəlif maarifləndirmə və təhsil proqramları həyata keçirilir. Bu proqramların sayı artırılacaq”.
Gənclərin və uşaqların kosmos sahəsinə marağının artırılması istiqamətində sualı cavablandıran Sona Quliyeva deyib: “Söhbət uşaqları kosmonavt kimi hazırlamaqdan getmir. Aerokosmik sahə çox böyük bir sahədir. Bakı Beynəlxalq Astronavtika Konqresi çərçivəsində təqdim etdiyim məqalə kosmik təhsillə bağlı idi. Məqalədə Azərbaycanda bu sahədə görülmüş işlərdən bəhs olunurdu. Məqalədə, həmçinin coğrafi informasiya sistemlərinin töhfəsi yer almışdı. Bu da aerokosmik sahənin bir hissəsidir. Burada da bizə mütəxəssislər lazımdır”. O bildirib ki, “Azərkosmos”un bütün əməkdaşları azərbaycanlı mütəxəssislədir. Artıq gənc əməkdaşlar, mühəndislər və digər mütəxəssislər də azərbyacanlıdır.
Kosmik texnologiyaların, xüsusilə peyk təsvirlərin və coğrafi informasiya sistemlərinin 44 günlük Vətən müharibəsində töhfələrindən danışan Sona Quliyeva vurğulayıb ki, Azərbaycanın “Azersky” peykindən alınan məlumatların emalı vasitəsilə müxtəlif məlumatlar təklif edirdik. Qərar qəbul edilməsinin asanlaşdırılması üçün bu, çox əhəmiyyətli idi.
“Hazırkı prosesdə, yəni işğaldan azad olunmuş ərazilərimizin inkişafı və xəritələnməsi prosesi daha geniş mövzudur. Mənim İtaliyaya yollanmaq səbəblərindən biri də budur ki, Avropada əldə edəcəyim bilikləri və təcrübəni yeni geoməkan məlumatların əldə olunması vasitəsilə daha yaxından mənimsəyib, gələcəkdə ölkəmizdə tətbiq edim. Yəni bu təcrübənin geoməkan məlumatların infrastruktur idarə edilməsində faydalı olacağını düşünürəm. Bu məlumatlarla biz daha asan yolla şəhəri rəqəmsallaşdıra, “ağıllı şəhərlər”də daha asan şəkildə qərarlar qəbul edə bilərik. Misal üçün, şəhərin bir istiqamətində hər hansı bir qəza baş verəndə, biz onu artıq kompüterdə modelləşdirilmiş sistemdə görüb qəzanın səbəblərini və hansı nəticələrə gətirib çıxaracağını öyrənirik. Belə hallarda yerindəcə qərarlar qəbul edərək bu qəzanın nəticələrini aradan qaldıra bilərik”, - deyə Sona Quliyeva fikrini yekunlaşdırıb. (Azərtac)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri