“Aztelphone xidmətindən xarici ölkələrdə istifadə ödənişsizdir”

21-09-2015 / 10:45

Ötən həftə media məkanında ən çox diqqəti cəlb edən xəbərlərdən biri Aztelekom MMC-nin mütəxəssisləri tərəfindən yeni xidmətin istifadəyə verilməsi oldu. Aztelekom MMC istifadəçilər üçün ən sərfəli qiymətlərlə Aztelphone – “Sabit şəbəkə (mənzil və ya xidməti) telefon nömrələrinin daşınma xidməti”ni təklif etdi. Bildirildi ki, bu xidmət vasitəsilə Bakı şəhəri və regionlar üzrə abunəçilər stasionar telefon nömrələrini xaricə daşıya biləcəklər.

Xeberler.az Aztelphone xidmətinin  fəaliyyəti və təklif etdiyi özəlliklər barədə Aztelekom MMC-nin baş direktorunun birinci müavini, texniki direktor Zahir Vəliyevlə söhbət edib.

Müsahibəni təqdim edirik:

 - Zahir müəllim, Aztelphone xidmətinin yaradılmasındə əsas məqsəd nə olub?

-Aztelekom MMC abunəçilərinin yüksək keyfiyyətli rabitə ilə təmin olunmasını qarşıya məqsəd qoyub. Belə ki, Azərbaycan vətəndaşları xaricə gedərkən, beynəlxalq danışıq aparmaq üçün rouminq xidmətinə keçməyə məcburdurlar. Bu da abunəçilərə əlavə xərclər bahasına başa gəlir. Yeni yaradılan xidmətin əsas məqsədi xaricdə olarkən abunəçilərin az pulla çox danışmasını təmin etməkdir.

 

- Yeni Aztelphone xidmətinin özəlliyi  hansılardır?

-Aztelphone xidmətinin özəlliyi ondadır ki, istifadəçi xüsusi proqramla ev və ya xidməti telefon nömrəsini istənilən internet işlədiçisinə (smartfon mobil telefonuna, kompüterə, planşetə və s.) yükləməklə istər respublika daxilində, eləcə də  dünyanın internet şəbəkəsi olan istənilən nöqtəsində olduqda daşınan telefon nömrəsində “Zənglərin şərtsiz yönləndirməsi” servisini aktivləşdirib daxil olan zəngləri qəbul etmək və yaxud bu nömrədən istənilən istiqamətlərə zəng etmək imkanına malik olur.

-Daşınan nömrədən istifadə qaydaları və danışıq tarifləri necədir?

-Xidmətdən istifadə zamanı lokal şəbəkədəki mənzil və ya xidməti telefonlarında olduğu kimi, daşınan nömrədə də  istifadə qaydaları və danışıq tarifləri dəyişməz qalır. Məsələn, 346 xxxx nömrəsi Aztelphone xidmətində (xaricdə və yaxud da respublika daxilində) olarkən bu nömrədən Bakı şəhərinə yığımlar heç bir əlavə kod yığmadan birbaşa, rayonlara zona kodları üzərindən, beynəlxalq istiqamətlərə “00” üzərindən, mobil şəbəkələrə isə 050, 055 və ya 070(77) yığmaqla həyata keçirilir. Əks istiqamətdə 346 xxxx nömrəsinə olan zənglər də eyni qayda ilə Bakı şəhərindən birbaşa, mobil nömrələrdən və rayonlardan 012346xxxx kimi  təmin olunur. İstifadə tarifləri də eyni olaraq qalır.

- Aztelphone xidmətinə qoşulanlar üçün xarici ölkələrdə olarkən hər hansı Rouminq və ya müqavilələr bağlamağa ehtiyac varmı?

-Məlumdur ki, mobil operatorların Rouminq xidmətləri həmin ölkələrin rabitə operatorları ilə Rouminq  müqavilələri bağlandıqdan sonra istifadəçilər üçün aktiv olur. Bu da xarici ölkələrdə səfərdə olarkən istifadəçi tərəfindəm Rouminq rabitədən istifadə zamanı küllü miqdarda vəsaitinin xərclənməsi deməkdir. Lakin mobil operatorların Rouminq xidmətindən fərqli olaraq, Aztelphone xidmətindən xarici ölkələrdə istifadə zamanı hər hansı Rouminq və yaxud da bu xarakterli müqavilələrə ehtiyac yoxdur, yəni xidmət ödənişsizdir. Sadəcə daşınan (məsələn 346 xxxx nömrəsi) sabit şəbəkə nömrəsinin yerləşdiyi məkanda  internet şəbəkəsinin olması kifayət edir ki, xidmət aktivləşsin.

 -Bakı şəhər şəbəkəsinə aid daşınan nömrə ilə xarici ölkədən istənilən Bakı nömrəsinə zənglər ödənişsizdir?

-Təbii ki, mehmanxana və s. yerlərdə də internet xidməti pulsuz olduğundan  əlavə internet haqqının da ödənilməsinə ehtiyac qalmır. Beləliklə də, 346 xxxx Bakı daşınan nömrəsi vasitəsi ilə hər hansı bir xarici (məsələn ABŞ və s) ölkədən istənilən Bakı nömrəsinə zənglər tam pulsuzdur və s.

Abunəçi  xidmətə  qoşulmaq  üçün Bakı şəhərində Aztelekom MMC-nin müştəri  xidmətləri  mərkəzinə, digər şəhər və rayonlarda isə Telekommunikasiya Qovşaqlarının abunə şöbələrinə  müraciət  edə  bilər. Bu  halda qoşulma ilə bağlı bütün zəruri proseduralar müştəri xidmətləri  mərkəzinin işçiləri tərəfindən icra olunur. Xidmətdən 1 aylıq istifadə cəmi 20 AZN təşkil edir.  

 -Smartfondan  zənglərin  yığım  qaydası  necədir?

-İnternet işlədicisi (smartfon mobil telefonuna, kompüterə, planşetə və s.) vasitəsilə  abunəçi  həm  zəngləri  qəbul edə,  həm  də  istənilən  istiqamətə  zəng  edə  bilər. Zənglərin  yığım  qaydası  məftilli  şəbəkədə  olduğu  kimidir.  Abunəçi  nömrə  daşınma xidmətindən  istifadəni  dayandırmaq  üçün  daşınan şəhər telefon nömrəsində “zənglərin şərtsiz yönləndirməsi” servisini  deaktiv  edir. Bu halda abunəçinin  smartfonuna zəng  daxil  olmayacaq, Ancaq istifadə müddəti bittikdən sonra da istifadəçi xidməti davam etdirmək istəyirsə, o zaman növbəti ay üçün yenidən xidmət  haqqı  ödəməlidir.

Abunəçi  xidmətə  qoşulmaq  üçün  müştəri  xidmətləri  mərkəzinə  də  müraciət  edə  bilər. Bu  halda  yuxarıda  qeyd  olunan  prosedurlar   müştəri  xidmətləri  mərkəzinin  işçisi  tərəfindən  icra  olunur.

-Aztelphone rabitə xidmətində istifadə tarifləri necə  tətbiq olunur?

-Qeyd edək ki, sabit şəbəkə telefonlarından Aztelpone nömrə daşınma xidmətinə qoşulmaq üçün istifadəçi Aztelekom MMC-nin müştəri xidməti mərkəzinə müraciət edir. Xidmət haqqı 20 manatdır. Rominqdə olarkən danışıq haqları ev telefonlarında olduğu kimidir. Belə ki, daşınan sabit şəbəkə telefonlarından  Bakcell və Azərcell mobil nömrələrə zənglərin 1 dəqiqəsi üçün 28 qəpikdir. Azərfon şəbəkəsinə olan zənglərin 1 dəqiqəsi üçün 18 qəpikdir. Beynəlxalq istiqamətlərə olan zənglər 32 qəpikdir. Beləliklə, Aztelphone rabitə xidmətində ən ucuz istifadə tarifləri tətbiq olunur. Bu da əməkdaşlarını xidməti ezamiyyətə göndərən müəssisələr üçün olduqca səmərəli və əlverişlidir.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə