Bakıda İKT-nin inkişafında gənclərin roluna həsr olunmuş konfrans öz işinə başlayıb

02-11-2009 / 18:04

Bu gün Bakıda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) təşkilatçılığı ilə “Rəqəmsal texnologiyalar dövrü və yeni nəsil: İKT sahəsində gənclərin biliklərinin artırılması” (“Digital Age and New Generation: Strengthening Capabilities and Capacities of Youth in ICT”) mövzusunda ikigünlük beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbirdə dövlət qurumları, İslam Konfransı Təşkilatı, Avropa ölkələrindən yüzə yaxın gənc ekspert, o cümlədən İKT sahəsində ixtisaslaşmış aparıcı şirkət, elmi institut və qeyri-hökumət təşkilatları nümayəndələri iştirak edir.

Giriş sözü ilə çıxış edən Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov iştirakçıları konfransın açılışı münasibətilə təbrik edib və tədbirin işində uğurlar arzulayıb.

E. İsgəndərovdan sonra çıxış edən Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bütün iştirakçıları salamlayıb və Qərbdə İKT sahəsində əldə edilmiş təcrübənin islam ölkələrinə ötürülməsi prosesinin təməlini qoyacaq bu cür konfransın keçirilməsinin vacibliyini vurğulayıb. Öz çıxışında nazir son zamanlar islamı Qərbdə bəziləri tərəfindən ekstremizm və terrorla eyniləşdirən səhv tezislərin səsləndiyini qeyd edib. Və İslam Konfransı Təşkilatının məqsədi islamın dəyərlərini digər ölkələrə çatdırmaq, bütün sivil və dünya birlikləri ilə inteqrasiya və əməkdaşlıq etməkdir. Dünya üzrə neft və faydalı qazıntıların 70%-dən çoxu müsəlman ölkələrinin payına düşür, eyni zamanda bu ölkələrin ümumdaxili məhsulda ümumi payları 6-7%-dən çox deyil. İKT-nin inkişafından danışan Əli Abbasov islam dünyasının getdikcə daha çox ölkələrinin yüksək texnologiyalara əsaslanan iqtisadiyyata keçməyə çalışdıqlarını bildirib.

Bu cür konfransın Azərbaycanda keçirilməsinin əhəmiyyəti məsələsinə toxunan nazir hökumətin ölkələr arasında əməkdaşlıq və əlaqələrin inkişafına əsaslanan siyasətini qeyd edib və Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə gördüyü işləri xüsusi vurğulayaraq bildirib ki, Azərbaycan dövlətinin başçısı hər zaman dünya ictimaiyyətini əməkdaşlıq və uzunmüddətli əlaqələrin möhkəmləndirilməsinə çağırıb. Əli Abbasov həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəniyyətlərarası dialoqun, ümumiyyətlə xalqlar arasında hər zaman möhkəm və isti münasibətlərin qurulmasına çalışan bütün proqressiv Azərbaycan cəmiyyətinin inkişafında rolunu vurğulayıb.  

Öz çıxışında RİTN başçısı artıq 15 ildir ki Azərbaycan prezidentinin himayəsi ilə keçirilən və regionun yüksək texnologiyalar sahəsində ən iri sərgisi olan noyabr ayının 4-də başlanacaq Bakutel sərgisi barədə də söz açıb.

Çıxışının sonunda nazir bir daha konfransın İKT-nin nəinki Azərbaycanda, həmçinin islam ölkələrində də inkişafı istiqamətində əhəmiyyətini qeyd edib və iştirakçılara uğurlar arzu edib.
Rabitə və informasiya texnologiyaları nazirindən sonra tədbirin plenar iclasının digər iştirakçıları da çıxış ediblər. Konfransın beynəlxalq tərəfdaşı olan Turk Telekom şirkətinin baş direktoru Pol Doani şirkətinin gələcəyin görünüşü barədə fikirləri ilə bölüşüb və qeyd edib ki, təhsil iqtisadiyyatın əsas təkanverici qüvvələrindən biridir. Bu gün ki təhsil isə informasiya texnologiyalarına, xüsusən də internetə çıxışa əsaslanır.

Azərbaycan gənclər və idman naziri Azad Rəhimov öz çıxışında İKT-nin ölkədə inkişafından danışaraq hakimiyyət tərəfindən İKT-nin neft sektorundan sonra ikinci prioritet sahə elan olunduğunu xatırladıb. İnformasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafında gənclərin rolundan danışan Azad Rəhimov onun rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən İKT-nin inkişafı ilə bağlı bir sıra layihələri qeyd edib.

Tədbir iştirakçılarını həmçinin BMT-nin İnkişaf Proqramının, eləcə də Qətərin Biznes və Ticarət Nazirliyinin nümayəndələri təbrik edib və onlara uğurlar arzulayıblar.

Plenar iclasın sonunda  Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası dialoq üzrə Baş kordinatoru Leyla Əliyeva çıxış edib. Nəinki ölkələr, həmçinin ayrı-ayrı regionlar arasında mövcud “rəqəmsal gerilikdən”  danışan Leyla Əliyeva bu problemin aradan qaldırılması üçün birgə tədbirlərin keçirilməsi zərurətini vurğulayıb və bu gün ki konfransı bu istiqamətdə atılan addımlardan biri kimi qiymətləndirib. İnformasiya texnologiyaların inkişafı məsələsinə toxunan Leyla Əliyeva qeyd edib ki, informasiya dünyasında məlumatı düzgün qəbul etməyi bacarmaq və informasiya texnologiyalarının imkanlarından mədəniyyətlərarası əlaqələrin qurulması istiqamətində istifadə etmək lazımdır.
Leyla Əliyeva öz çıxışında bildirib ki, konfrans çərçivəsində internetdə veb-televiziya portalının, İKT sahəsində fəaliyyət göstərən sahibkarlar şəbəkəsinin, eləcə də gənclərə təcrübə mübadiləsi imkanı verəcək istifadəçi səhifəsinin yaradılmasına dair təkliflər irəli sürüləcək.

Qloballaşma şəraitində müxtəlif ölkələrin gəncləri arasında İKT sahəsində təcrübə və bilik mübadiləsinin vacibliyini xüsusi vurğulayan Leyla Əliyeva cari tədbirin bu prosesdə olduqca əhəmiyyətli olduğunu bildirib.

Həmçinin öz çıxışı zamanı Leyla Əliyeva informasiya-kommunikasiya texnologiyalarının sosial-siyasi baxımdan rolunu qeyd edib və “Xocalıya ədalət” kampaniyası barədə də söz açıb. 
Plenar hissə başa çatandan sonra konfrans işini davam etdirib.

Konfrans çərçivəsində yeni texnologiyaların tətbiqi və gənclərin informasiya-kommunikasiya sektorunun inkişafında rolu müzakirə olunacaq. İştirakçılar tərəfindən əsasən gənc insanların informasiya-kommunikasiya sektorunun formalaşmasına dair yaradıcı yanaşmalarının müzakirə ediləcəyi, onlayn gənc sahibkarlıq və marketinq mövzusunda məruzələrin dinləniləcəyi nəzərdə tutulur. Bundan əlavə tədbir iştirakçıları İKT sahəsinin formalaşmasında dövlət və özəl sektorun, eləcə də universitetlərin fəaliyyəti barədə fikir mübadiləsi aparacaqlar.

Konfransın beynəlxalq kampaniyaların həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarının rolu ilə bağlı keçirilən plenar iclaslarının birində bu ilin fevral ayında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş kordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” kampaniyasının təqdimatı olacaq. Bu iclasda dünyanın 20-dən çox ölkəsindən gələcək kampaniya üzrə milli koordinatorların iştirakı gözlənilir.  

Həmçinin konfrans gənc iş adamlarına kompüter texnologiyaları sahəsində gələcəkdə birgə layihələrin həyata keçirilməsi üzrə tərəfdaş və investorların tapılması üçün imkanlar yaradacaq. İrəli sürülən layihələr 4 noyabrda keçiriləcək beynəlxalq illik Bakutel sərgisində təqdim olunacaq. Ekspertlərdən ibarət komissiya tərəfindən seçilən bəzi layihələr isə konfransın nəticələri kimi maliyyə dəstəyi alınması üçün investorlara təqdim olunacaq.

Bundan əlavə tədbirdə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Avropa və Yaxın Şərq ölkələri gəncləri arasında sivilizasiyaların dialoqu üzrə proqramını yayımlanmasını nəzərdə tutan “Körpü” internet-televiziyasının birgə təqdimatı keçiriləcək.

3 noyabrda tədbir iştirakçılarının qəbul edəcəyi “İKT sahəsində gəncliyin inkişafı” üzrə Bakı Proqramı gənclərin tövsiyə xarakterli sənəd kimi Qara Dəniz Hövzəsi Ölkələri və İslam Konfransı Təşkilatı ölkələri nazirlərinin iştirak edəcəyi konfransa göndəriləcək.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə