Bakıda “Kiberdə qadınlar” konfransı keçiriləcək

05-09-2025 / 11:17

Avropa İttifaqı tərəfindən icra olunması nəzərdə tutulan bu layihə çərçivəsində üç məqsəd var; birincisi, hər bir Şərq Tərəfdaşlığı ölkəsində, xüsusilə Azərbaycan və Moldovada idarəetməni gücləndirmək, ikincisi, kritik infrastrukturun mühafizəsi üzrə çərçivələrin inkişafına töhfə vermək, üçüncüsü isə əməliyyat imkanlarını və dayanıqlığı artırmaqdır.

Xeberler.az məlumat verir ki, bu barədə Elektron İdarəçilik Akademiyası Fondunun kibertəhlükəsizlik üzrə baş mütəxəssisi, “Şərq Tərəfdaşlığı ölkələrinə kiberdavamlılığın gücləndirilməsi” layihəsinin qrup rəhbəri Elza Neeme “Dövlət Qurumları İnformasiya Təhlükəsizliyi Rəhbərlərinin 6-cı Zirvə toplantısı”nda çıxışı zamanı deyib.

“Kibertəhlükəsizliyin mənzərəsi getdikcə daha mürəkkəb və qarşılıqlı əlaqəli olduqca, ortaq missiyamız aydın olur – dayanıqlığı gücləndirmək, etimadı möhkəmləndirmək və milli səviyyədə, eləcə də sərhədlərdən kənarda ortaya çıxan çağırışlara səmərəli cavab verə biləcək ekspert icmaları yaratmaq. Bunlar sadəcə texniki nəticələr deyil. Azərbaycanda bizim niyyətimiz bu kimi tədbirlərə, böyük CISO forumlarına töhfə verməkdir. İkincisi, qeyd olunduğu kimi, biz 2025-ci ildə keçiriləcək kritik infrastrukturun müdafiəsi üzrə çağırışa və kibermüharibə simulyasiya təlimlərinə töhfə vermək üçün oktyabr ayında geri dönəcəyimizə görə çox qürurluyuq. Üçüncüsü, biz eyni zamanda, qadınlar kimi həssas hədəf qruplarına da diqqət yetiririk. Bu baxımdan, burada da məmnuniyyətlə vurğulamaq istəyirəm ki, oktyabrın 11-də “Kiberdə qadınlar” konfransı keçiriləcək. Dördüncü, böyük işlər tələb edən istiqamət mütləq ki, risklərin qiymətləndirilməsi, insidentlərin idarə olunması, kibertəhlükəsizlik, kibertəhlükəsizlik çərçivəsi, praktiki tətbiqlər, milli və sektoral CSIRT-lərin (Computer Security Incident Response Team) prosedurları üzrə müxtəlif təlimlərə töhfə verməkdir. Əlbəttə ki, sektoral CSIRT imkanlarının inkişafına da dəstək vermək niyyətindəyik. Uşaqların maarifləndirilməsi ilə bağlı istənilən təşəbbüslərə töhfə verməyə də qətiyyətlə hazırıq”, - deyə Elza Neeme vurğulayıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov isə tədbirin keçirilməsində Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələrində kiberdavamlılığın gücləndirilməsi layihəsi əsasında göstərdiyi dəstəyə görə Estoniyanın Elektron İdarəçilik Akademiyası Fonduna təşəkkür edib: “Qeyd etmək istəyirəm ki, sözügedən fondla əməkdaşlıq nəticəsində sahə üzrə təcrübə mübadiləsi, qabaqcıl yanaşmaların tətbiqi və kibertəhlükəsizlik sahəsində institusional potensialın artırılması istiqamətində birgə işlər davam etdiriləcək. Qarşıda bizi böyük işlər gözləyir. Təhlükələrin xarakteri dəyişir, hədəflər genişlənir, amma məqsəd eynidir – dövlət informasiya ehtiyatlarımızın etibarlı müdafiəsi”.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə