BMT “Ekoloji cəhətdən təmiz İKT bazasında proqram təminatı” müsabiqəsini elan edib

25-04-2011 / 19:01

BMT-nin İKT sahəsində aparıcı təşkilatı olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) iqlim dəyişikliyi problemlərinin həllinə istiqamətlənmiş proqram məhsullarına dair ən yaxşı innovativ ideyanın seçilməsi məqsədlərinə xidmət edən “Ekoloji cəhətdən təmiz İKT bazasında proqram təminatı” müsabiqəsini elan edib. 

Müsabiqə iştirakçılarından əhatəli konseptual sənədin təqdim edilməsi tələb olunur ki, burada onlar irəli sürdükləri ideyanın iqlim dəyişikliyi ilə mübarizəyə nə cür kömək edəcəyini və ekoloji problemlərin həllini nə dərəcədə təmin edəcəyini əsaslandırmalıdırlar. 

Müsabiqədə “ağıllı” bina və evlər, intellektual nəqliyyat sistemi və s. kimi sektorlarda enerji effektivliyinin artırılması vasitəsilə iqlim dəyişikliyinə təsirin zəifləməsi, iqlim dəyişikliyinin monitorinqinin aparılması, parnik qazı tullantılarının ölçülməsi və s. kimi məsələlərə xüsusi diqqət yetiriləcək. 

İnnovativ konsepsiyanın müəllifinə müsabiqənin sponsorları – “Research in Motion” və “Telefonica” şirkətləri tərəfindən 10 000 ABŞ dolları məbləğində mükafat veriləcək. Qalibə pul mükafatından əlavə öz konsepsiyasını BTİ-nin sentyabr ayında İtaliyada “Yaşıl” standartlar Həftəsi çərçivəsində keçiriləcək tədbirin nüfuzlu auditoriyasına təqdim etmək imkanı da veriləcək. 

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture bildirib: “Biz, ekoloji cəhətdən təmiz proqram məhsullarının nə dərəcədə faydalı ola biləcəyini yaxşı anlayırıq. Bu müsabiqə dünya miqyaslı problemləri həll etməyə qabil olan növbəti innovasiyalar dalğasının ”gəlişi”ni sürətləndirmək üçün bir üsuldur”. BTİ-nin Elektrorabitənin Standartlaşdırılması Bürosunun direktoru Malkolm Consonun sözlərinə görə, yarışın məqsədi müsabiqə iştirakçılarını yaradıcılıq nöqteyi-nəzərdən düşünməyə və ekoloji cəhətdən təmiz İKT sahəsinə əhəmiyyətli dərəcədə təsir göstərəcək İKT bazasında proqram təminatına (PT) aid konseptual sənədlər hazırlamasına sövq etməkdir. Müsabiqənin hər iki sponsoru veb-sayt və mobil qurğular üçün “yaşıl” proqram məhsullarının böyük potensiala malik olduğunu qeyd ediblər. 

www.unic.ru saytının məlumatına görə, müsabiqəyə işlər 17 iyun tarixinə kimi təqdim edilməlidir. Ətraflı məlumat əldə etmək istəyənlər www.itu.int/ITU-T/climatechange/greenict/index.html ünvanına müraciət edə bilərlər. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə