Böhran kommunikasiyası təlimləri başa çatıb

13-12-2023 / 20:24

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) mütəxəssisləri üçün ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində təşkil olunan Böhran kommunikasiyası təlimləri başa çatıb. Dekabrın 12-də təlim proqramının Məzun günü keçirilib.

Xeberler.az xəbər verir ki, 2 ay davam edən təlimlərdə nazirlik və tabeli qurumların 62 nümayəndəsi iştirak edib. İştirakçılara böhran zamanı vacib mesajların sürətlə hazırlanması, media ilə işin təşkili, ictimaiyyətə məlumatın operativ ötürülməsi və digər mövzular tədris olunub.

ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə proqramı uğurla başa vuran mütəxəssisləri təbrik edib. Bildirib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə 2 ildir davam edən əməkdaşlıq çərçivəsində işçilər üçün mütəmadi olaraq müxtəlif mövzularda kurslar, təlimlər təşkil edilir.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov nazirliyin öz əməkdaşlarının inkişafına, onların bilik və bacarıqlarının artırılmasına önəm verdiyini bildirib. Qeyd edib ki, böhran kommunikasiyası təlimlərinin təşkili də bu məqsədə xidmət edir.

İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma proqramlarının rəhbəri Nərgiz İsmayılzadə bildirib ki, nazirlik əməkdaşlarına böhran kommunikasiyasına dair nəzəriyyə və praktika balanslı şəkildə təqdim olunub. 4 qrupa 4 istiqamət üzrə ümumilikdə 24 saat təlim keçilib.

Təlimçi, ADA Universitetinin Kommunikasiya və rəqəmsal media proqramının direktoru Şəfəq Mehrəliyeva proqram çərçivəsində əldə olunan bilik və təcrübənin fəaliyyətdə tətbiqinin vacibliyini vurğulayıb.

Təlimçi, “Nobel Energy” şirkətinin İctimaiyyətlə əlaqələr və kommunikasiyalar şöbəsinin rəhbəri Turxan Əhmədov təlimlərin maraqlı təcrübə və ideya mübadiləsi formasında keçdiyini diqqətə çatdırıb.

Tədbirin sonunda təlim proqramının iştirakçılarına sertifikatlar təqdim olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə