Dövlət Komitəsi “Roblox” ilə bağlı valideynlərə tövsiyələr verib

06-02-2026 / 12:29

Azərbaycan Respublikasında dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən biri də uşaqların zərərli informasiyalardan qorunmasıdır. Bu istiqamət, həmçinin uşaqların internet məkanında yayılan rəqəmsal təhlükələrdən müdafiəsini özündə ehtiva edir.

Xeberler.az bildirir ki, bu barədə Azərtaca Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Cari ilin yanvar ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə “Roblox” oyun platformasında uşaqlar üçün zərərli informasiyaların mövcudluğuna dair vətəndaş müraciətləri daxil olub.

Məsələ ilə bağlı Dövlət Komitəsi yanında yaradılmış, müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurası”nın 2026-cı il 21 yanvar tarixli qərarına əsasən “Roblox” Korporasiyasına rəsmi müraciət ünvanlanıb.

Belə ki, uşaqların zərərli informasiyadan qorunması məqsədilə, Korporasiyadan Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tədbirlər görülməsi və nəticəsinin Dövlət Komitəsinə bildirilməsi xahiş edilib. Tövsiyələr nəzərə alınmadığı təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Dövlət Komitəsi, həmçinin “Roblox” platforması ilə bağlı valideynlərə bir neçə tövsiyə də verib.

- Platformadakı “Parental Controls” (valideyn nəzarəti) funksiyalarının aktivləşdirilməsi, uşağın hesabına giriş və oyun davranışına dair məhdudiyyətlərin tətbiqi.

- Digər istifadəçilərlə ünsiyyət imkanlarının (chat, friend request və s.) məhdudlaşdırılması və ya tam deaktiv edilməsi.

- Oyun daxilində ödəniş və satınalmaların yalnız valideyn icazəsi ilə aparılması, kart məlumatlarının uşağa əlçatan olmaması.

- Uşağın oynadığı məzmunun dövri olaraq yoxlanılması və yaşına uyğunluğunun qiymətləndirilməsi.

- Şəxsi məlumatların (ad, ünvan, telefon, şəkil və s.) paylaşılmaması barədə uşağa aydın izah verilməsi və maarifləndirilməsi.

- Uşağın oyun vaxtının balanslaşdırılması, uzunmüddətli istifadə nəticəsində yarana biləcək psixoloji və sosial təsirlərin qarşısının alınması.

- Şübhəli istifadəçi, link və ya davranış müşahidə olunduğu halda dərhal valideynə məlumat verilməsi barədə uşağın maarifləndirilməsi.

Əlavə məlumat üçün bildiririk ki, ölkəmizdə 30 oktyabr 2018-ci il tarixində “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, 2020-ci il yanvarın 1-dən qüvvəyə minib. Qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Bu Qanunun icrasına nəzarət həm dövlət və həm də ictimai nəzarət formasında həyata keçirilir. Belə ki, uşaqları zərərli informasiyadan qorumaq məqsədilə müvafiq dövlət qurumları ilə yanaşı qeyri-dövlət qurumları, böyükdən-kiçiyə bütün vətəndaşlar, xüsusən də valideynlər, müəllimlər, yetkinlik yaşına çatmayanlarla birbaşa çalışan şəxslər öz dəstəyini əsirgəməməli, bu prosesin iştirakçısına çevrilməlidirlər.

Qeyd edək ki, dünyada milyonlarla istifadəçisi olan “Roblox” platforması son illərdə bir neçə ölkədə tamamilə və ya qismən qadağan edilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə