Kibertəhlükəsizlik sahəsində fərqlənən tələbələr mükafatlandırılıb

07-07-2025 / 20:37

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) 2024-2025-ci tədris ilinin yaz semestrində Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura tələbələrinin kibertəhlükəsizlik sahəsində biliklərinin qiymətləndirilməsi məqsədilə növbəti müsabiqə təşkil edib.

Xeberler.az məlumat verir ki, müsabiqənin nəticələrinə əsasən AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin informasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs bakalavriat tələbələri Tural Səlimov və Orxan Eminbəyli, habelə universitetin nəzdində Yüksək Təhsil İnstitutunun dövlət informasiya sistemlərinin təhlükəsizliyi ixtisaslaşmasının 2-ci kurs magistratura tələbələri Rəna Sadıqova və Aytac Ağayeva xüsusi fərqlənərək qalib elan olunublar.

Mükafatlandırma mərasimində XRİTDX-nin rəis müavini general-mayor Allahverən İsmayılov, AzTU-nun rektoru professor Vilayət Vəliyev və digər nümayəndələr iştirak ediblər. Tədbir zamanı çıxışlarda dövlət qurumları ilə tədris müəssisələri arasında qurulmuş əməkdaşlığın əhəmiyyəti vurğulanaraq, kibertəhlükəsizlik sahəsində gənc mütəxəssislərin hazırlanmasının strateji prioritetlərdən biri olduğu bildirilib.

Qeyd olunub ki, XRİTDX ilə AzTU arasında imzalanmış memorandumun icrası çərçivəsində həyata keçirilən tədbirlər tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlara çevrilməsi və ölkədə kibertəhlükəsizlik sahəsinin insan resursları potensialının gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Memorandum çərçivəsində XRİTDX tərəfindən AzTU-nun informasiya təhlükəsizliyi üzrə bakalavriat pilləsində təhsil alan tələbələrə praktiki-təcrübə proqramı çərçivəsində tədbirlərdə iştirak etmələri üçün şərait yaradılıb.

Daha sonra XRİTDX-nin nümayəndələri universitetin müasir tədris infrastrukturu, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində Dövlət Xidməti ilə birgə yaradılmış laboratoriyaları, eləcə də rabitə və telekommunikasiya üzrə mövcud müasir tipli tədris otaqları, innovativ təlim metodları üzrə tətbiq olunan qabaqcıl texnologiyalar və sahə üzrə toplanmış təcrübə ilə yaxından tanış olublar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə