Dövlət Xidmətinin nümayəndələri “CyCon 2025”də iştirak edir

30-05-2025 / 19:52

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti mayın 27-dən 30-dək Estoniyanın paytaxtı Tallində keçirilən kibermünaqişələr üzrə 17-ci beynəlxalq konfransda (CyCon 2025) iştirak edir.

Xeberler.az məlumat verir ki, tədbir NATO-nun Birgə Kibermüdafiə Mükəmməllik Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. “CyCon 2025” tədbirində “Kibermüharibə”, “Kiberhücumlardan müdafiə üzrə yanıltma taktikaları”, “Kiberməkanda beynəlxalq qaydaların tətbiqi”, “Transsərhəd kontekstdə kiberinsidentlərə cavab”, “Müasir kibermünaqişələrdən müdafiənin təmin olunmasında “OSINT” (açıq mənbə kəşfiyyatı) texnologiyasından istifadə”, “Silahlı münaqişələrdə süni intellektdən istifadə”, “Qlobal həllərin verdiyi imkanlardan sui-istifadə” mövzularında texniki sessiyalar, panel müzakirələri və interaktiv seminarlar təşkil olunub. Tədbirdə 55 ölkədən 650-dən artıq nümayəndə, o cümlədən dövlət rəsmiləri, ekspertlər, akademik dairələr və elmi-tədqiqat institutlarının nümayəndələri və nüfuzlu brendlər iştirak ediblər.

XRİTDX-nin nümayəndə heyəti tədbir çərçivəsində NATO-nun Birgə Kibermüdafiə Mükəmməllik Mərkəzi tərəfindən rəhbər şəxslər üçün təşkil olunmuş “Strateji kibermüharibə simulyasiyaları” təlimində iştirak edib. Həmçinin XRİTDX-nin əməkdaşları ilə NATO-nun Birgə Kibermüdafiə Mükəmməllik Mərkəzinin bir sıra nümayəndələri və yerli kibertəhlükəsizlik şirkətləri arasında görüşlər keçirilib. Görüşlərdə bu il oktyabrın 9-10-da ölkəmizdə keçiriləcək “CIDC-2025” tədbiri, habelə kiberdiplomatiya, kibertəhlükəsizlik sahəsində təlimlərin təşkili və digər məsələlər üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə