Ekspert struktur islahatlarının yeni mərhələsi prosesini şərh etdi

19-01-2019 / 10:22

Yanvarın 17-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmanla Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi ləğv edilir və onun funksiyaları Nazirliyin Aparatına verilir. Eyni zamanda Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin əsasında Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi yaradılır. Həmçinin Maliyyə Nazirliyinin Qiymətli Metallar və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti ləğv edilir.

Bundan başqa, Gənclər və İdman Nazirliyinin tabeliyində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi ləğv edilir.

Sənədə görə, Prezident Administrasiyası hüquq mühafizə və hərbi sahələrdə fəaliyyət göstərən dövlət orqanlarının və qurumlarının fəaliyyətinin daha səmərəli və düzgün təşkili, idarəçiliyinin təkmilləşdirilməsi, eyni və ya oxşar səlahiyyətlərin daha optimal həcmdə resurs sərf edilməklə həyata keçirilməsi məqsədilə həmin dövlət orqanlarının və qurumlarının sayının, saxlanma xərclərinin və işçilərinin say həddinin optimallaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, mərkəzi icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılmasını və müvafiq təkliflərin Prezidentə təqdim edilməsini altı ay müddətində təmin etməlidir.

Nazirlər Kabineti bir ay müddətindəTəhsil Nazirliyinin tabeliyində olan Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, Təhsil İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi və Respublika Elmi-Pedaqoji Kitabxanasını vahid qurumda birləşdirmək, Respublika Bədən Tərbiyəsi Mərkəzi və “Təhsil” Respublika İdman Mərkəzini vahid qurumda birləşdirmək istiqamətində tədbirlər görməlidir.

Fərmanda həmçinin struktur islahatları zamanı iş yerlərini itirən şəxslərin işlə təminatı məsələsinə də diqqət yetirilib. Qeyd olunub ki, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Milli Arxiv İdarəsi və Dövlət İmtahan Mərkəzi ləğv olunan dövlət orqanlarında işləyən dövlət qulluqçularına münasibətdə “Dövlət qulluğu haqqında” qanunun 21.1.6-cı (dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük) maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi uyğun olaraq tədbirlər görməlidirlər.

Bundan əlavə, Gənclər və İdman Nazirliyinə, Təhsil Nazirliyinə, Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Vergilər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, Dövlət Miqrasiya Xidmətinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ləğv olunan dövlət qurumlarında (struktur bölmələrində) işləyən işçilərin tabeliklərində olan digər qurumlarda və ya struktur bölmələrində müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görmək və nəticəsi barədə Prezidentə məlumat vermək tapşırığı verilib.

Qeyd edək ki, fərmanla NRYTN-ə mərkəzi icra hakimiyyəti orqanlarının informasiya sistemlərinin inventarizasiyasını və ekspertizasını həyata keçirmək, bu sahədə idarəetmənin təkmilləşdirilməsi və xərclərin optimallaşdırılması, o cümlədən mərkəzi icra hakimiyyəti orqanlarının elektron informasiya sistemlərinin fəaliyyətinin mərkəzləşdirilmiş qaydada Nazirliyin DATA mərkəzi vasitəsilə həyata keçirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılır.

Xeberler.az  bildirir ki, bu məqamı “Yeni Müsavat”a şərh edən "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, son vaxtlar elektron hökumətlə bağlı proseslər ciddi şəkildə sürətləndirilib, elektron hökumət quruculuğu istiqamətində mühüm addımlar atılır: “Elektron hökumətlə bağlı səlahiyyətlərin ASAN-a verilməsindən sonra artıq inteqrasiya ilə bağlı məsələlər gündəmə gəlir. Hazırda situasiya belədir ki, sizinlə bağlı hansısa “X” dövlət qurumunda informasiya olsa da, siz “Y” dövlət qurumuna həmin informasiyanı yenidən təqdim etmək məcburiyyətində qalırsınız. Çünki bunu sizdən istəyirlər. Halbuki elektron hökumət prinsiplərinə əsasən belə olmalı deyil: sizinlə bağlı bir qurumda olan informasiya bazasına digər qurumun da çıxışı olmalıdır. İndi belə inteqrasiya yoxdur: hər dövlət qurumunda bir baza var, digərlərinin isə ondan istifadə imkanı yoxdur. Prezidentin fərmanından belə görünür ki, dövlət qurumları üçün informasiya altyapısı hazırlanacaq. Yəni vətəndaşların dövlət qurumlarına əlavə kağız-sənəd təqdim etməsinə ehtiyac qalmayacaq. Təxminən belə olacaq ki, siz Elektron hökumət portalına girib bir parolu yazdıqda, özünüzlə bağlı bütün informasiyanı orada görə biləcəksiniz: təhsliniz, diplomunuz, iş yeriniz, iş stajınız, alacağınız pensiya, xəstəlik tarixçəniz və sair. Proseslər məhz belə bir bazanın yaradılmasına doğru gedir və bu, çox müsbət bir haldır”.

Fərmana əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin(NRYTN) saxlanılması üçün hər il üçün dövlət büdcəsindən ayrılan vəsaitin (dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) istisna olmaqla) yuxarı həddi Nazirliyin tabeliyindəki qurumların (“AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti istisna olmaqla) dövlət büdcəsinə ödədiyi dividendin cəmi məbləğinin yuxarı həddi ilə məhdudlaşır.

O.Gündüz deyir ki, bu nazirliyin tabeliyində bir sıra qurumlar var ki, gəlir əldə edir, dövlət büdcəsinə vergi ödəyir: “Fərmanda nəzərdə tutulan tədbir nazirliyi vadar edəcək ki, təsərrüfat hesablı bu qurumların daha səmərəli işləməsini təmin etsin. Onlar nə qədər çox gəlir əldə edib, nə qədər çox dvidend ödəyəcəklərsə, nazirlik də büdcədən bir o qədər çox vəsait ala biləcək. Bir növ, nazirlik kommersiya ilə məşğul olan qurumlarının hesabına maliyyələşəcək. Düşünürəm ki, bu qayda kommersiya ilə məşğul olan qurumları olan bütün nazirlik və komitələrə tətbiq olunmalıdır”.

Ümumiyyətlə, ekspert hesab edir ki, növbəti mərhələdə dövlət qurumlarının funksiyaları sırasından kommersiya-təsərrüfat fəaliyyəti çıxarılmalıdır: “Məsələn, bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, istənilən digər nazirliyin 3 funksiyası var: tənzimləmə, kommersiya və dövlət idarəetməsi. Bu funksiyalardan kommersiya-təsərrüfat fəaliyyəti nazirlikdən bütünlüklə alınmalıdır. Bu, bütün dövlət qurumlarında baş verməlidir. Strateji yol xəritəsində də nəzərdə tutulur ki, bu il NRYTN-in kommersiya səlahiyyətləri əlindən alınmalı, bur qurum sırf tənzimləyici orqana çevrilməlidir. Düşünürəm ki, proseslərin gedişi məhz buna aparır”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə