Ekspert: Hava limanında “Bakı Taksi Xidməti”nin hökmranlığı prosesi başa çatıb

18-09-2025 / 17:23
"Artıq Hava limanında dövlətə məxsus taksi şirkətinin – “Bakı Taksi Xidməti”-nin hökmranlığı prosesi uğurla başa çatıb".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, digər taksilər, özəl sektora məxsus olanlar Aeroport ərazisindən şəhərə sərnişin apara bilməyəcəklər:
 
"Dövlət taksiləri üçün tarifləri də təsdiqləyiblər. Əvvəlki 10-15 manatlıq gediş haqqı indi dövlət taksilərilə şəhər ərazisinədək məsafədən asılı olaraq 25-30 manat müəyyən edilib.
 
Azərbaycan Hava Yolları öz açıqlamasında bu addımı, müvafiq təlim keçməyən taksi sürücülərinin olmasının, hava limanı ərazisində nizamsız və vahid sistemə uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsinin onun işgüzar nüfuzuna mənfi təsir göstərməsilə izah edib".
 
Osman Gündüz düşünür ki, rəqabətə tab gətirməyən bir dövlət şirkətinə süni vasitələrlə üstün hüquqlar, hökmran mövqe verilməsi yolverilməzdir:
 
"Taksi bazarında vətəndaşların qanuni mənafelərinin və hüquqlarının pozulmasına gətirib çıxaran və rəqabərsiz mühitin formalaşmasına səbəb olan hərəkətlər Rəqabət Məcəlləsinin tələblərinə ziddir.
 
Həm Azərbaycan Hava Yolları, həm də “Bakı Taksi Xidməti” şirkəti AZCON Holdinq tərkibinə daxildir.
 
Biz AZCON Holdinqdən gözləyirdik ki, Aztelecom-a təsir edərək minimal internet qiymətlərini dəyişdirəcək və heç olmasa regionlar üçün seçim imkanları yaradcaq.
 
Amma bu gözləntinin əvəzinə AZCON özünün bir qurumu vasitəsilə digər qurumuna – “Bakı Taksi Xidməti”nə biznes üçün üstün şərait yaradıb və ona bazarda hökmran mövqe qazandırıb".
 
Ekspertin sözlərinə görə, AZCON öz tərkibində olan dövlət şirkətlərinin bazarda üstün, hökmran mövqe tutmasında maraqlıdır:
 
"Aeroport rəhbərliyi digər özəl taksi şirkətlərindən istifadə üçün, onlara sifariş vermək üçün Aeroport ərazisində heç bir xüsusi yer müəyyən etməyib.
Ümid edirəm Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də baş verənlərin fərqindədir".

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə