Elektron ticarət (e-kommersiya) malların sərhədlərarası mübadiləsini asanlaşdırmaq, mövcud məhsul çeşidini artırmaq və sadələşdirilmiş nəqliyyat prosedurları ilə daha sürətli çatdırılma təmin etməklə həm istehsalçılara, həm də istehlakçılara vaxta qənaət etməyə və xərcləri azaltmağa imkan verir.
Avropa İttifaqı artıq e-ticarət üçün qayda və prosesləri müəyyən edib, lakin Şərq Tərəfdaşlığı ölkələri Aİ regionundakı imkanlardan faydalanmaq istədikləri təqdirdə elektron ticarətə uyğunlaşmaq üçün daha çox iş görməlidirlər.
Bu məqsədlə, yaxın zamanda Avropa İttifaqının EU4Digital təşəbbüsü tərəfindən elektron ticarət həllərini tətbiq etmək üçün üç Şərq Tərəfdaşlığı ölkəsində - Azərbaycan, Gürcüstan və Ermənistanda Aİ və Şərq Tərəfdaşlığı regionu arasında e-kommersiyanı inkişaf etdirmək üçün pilot layihəyə start verilib.
Layihə çərçivəsində bu üç ölkədən Almaniyaya məhsul ixrac edilib. Pilot layihə pərakəndə satıcılar, bazarlar, çatdırılma operatorları və gömrük orqanları arasında sərhədlərarası məlumatların avtomatik və elektron şəkildə mübadiləsi üçün iştirakçı ölkələrin hər birində satıcıların öz məhsulları haqqında əsas məlumatları saxlaya biləcəyi “virtual anbarlar”ı sınaqdan keçirməyi hədəfləyir. Bu sistem pərakəndə satıcılar, bazarlar, çatdırılma operatorları və gömrük orqanlarını xaricdə satılacaq məhsulları yerləşdirmək və maneəsiz sərhədlərarası çatdırılmanı tamamlamaq üçün dəstəkləyir.
Virtual anbarlar gömrük, idxal rüsumları, nəqliyyat və qida təhlükəsizliyi sənədləşmələri üçün lazımı məlumatları real vaxt rejimində avtomatik olaraq yaradır və alıcılar aldığı məhsulu onlayn şəkildə izləmək imkanı əldə edirlər.
Layihənin əhatə dairəsinə virtual anbarlarda məhsul yerləşdirilməsi üçün Aİ standartları da daxil olduğundan, EU4Digital vurğulayır ki, layihə tamamlandıqdan sonra bu həll digər Aİ üzvləri və Şərq Tərəfdaşlığı ölkələri, həmçinin eyni standartlardan istifadə edən 192 Universal Poçt Birliyi ölkələri ilə sərhədlərarası e-ticarət üçün də adaptasiya edilə bilər.
Azərbaycan üçün virtual anbar olaraq pilot layihəyə cəlb edilmiş milli portal “Azexport.az”ın rəhbəri Ayxan Qadaşov prosesi belə izah edir:
“Almaniyadakı “eBay” portalı vasitəsilə sifariş edilmiş mallar haqqında məlumatların poçt və gömrük oqranlarına avtomatik şəkildə təqdim olunması praktiki olaraq sınaqdan keçirilib. Pilot layihə ərzində Azərbaycanın “ISAR Group” şirkəti tərəfindən hazırlanan əl işi taxta əşya Almaniyaya çatdırılıb”.
“EU4Digital tərəfindən icra edilən virtual anbar layihəsi B2C seqmentindən olan salıcı və satıcıları dəstəkləməyi hədəfləyir,” - deyən Qadaşov əlavə edib ki, Azərbaycanda bu seqmentdən olan çox sayda kiçik və orta biznes var: “Azərbaycan əhalisi yaradıcıdır. Qida, sənaye və kənd təsərrüfatı ilə yanaşı ölkəmizdə mədəni və yaradıcı sənayelər də inkişaf etməkdədir. Bu sənayelərin e-ticarət sahəsindəki payını, həmçinin ölkənin bu sahədəki potensialını nəzərə alaraq, hiss edirik ki, mədəni və yaradıcı sənayelər ölkə üçün böyük iqtisadi imkanlar vəd edir”.
Məhsulları virtual anbar vasitəsilə Almaniyaya ixrac edilən “ISAR Group”un marketinq meneceri Kərəməli Heybətov “Azexport.az” vasitəsilə pilot layihəyə necə qoşulduqları barədə danışıb:
“Layihə bizdə böyük maraq oyatmışdı. Məhsullarımızı ilk dəfə beynəlxalq bazara çıxarmaq mümkün oldu. Bununla da beynəlxalq bazarlara çıxış şərtləri ilə də tanış olduq”.
K. Heybətov şirkətin bu layihədən xeyli faydalandığını qeyd edib:
“Azexport.az”dan bizimlə əlaqə saxladılar və layihəyə qoşulmağa qərar verdik. İlk öncə hansı məhsulun satılacağını seçdik. Sonra onlar bizə beynəlxalq e-ticarət platformalarında satılması nəzərdə tutulan məhsullar üçün beynəlxalq barkodlar əldə etməyə kömək etdilər. Məhsulları hazırladıq, “Azexport.az” və virtual anbarın köməyilə onları xarici bazarlarda təqdim etdik”.
Layihə vasitəsilə xarici bazarlara çıxış çox müsbət bir hadisə idi deyə o əlavə edib:
“İndi məhsullarımızı dünyanın istənilən ölkəsinə ixrac edə bilirik. Bu bizim üçün bir üstünlükdür. Gələcəkdə də oxşar layihələrdə iştirak etməkdə maraqlıyıq”.
Regional İnnovativ Texnologiyalar Akademiyasının direktoru Tofiq Babayevin fikrincə, e-ticarətin Azərbaycanda ləng inkişaf etməsinin əsas səbəbləri e-kommersiya platformalarının çatışmazlığı və onların beynəlxalq standartlara uyğunsuzluğu, həmçinin “PayPal” kimi beynəlxalq ödəniş sistemlərindən məhdud istifadədir:
“İnnovativ e-ticarət həllərini tətbiq etməklə müvafiq ekosistemin, qanunvericiliyin və standartların uyğunlaşdırılması vasitəsi ilə “sərhəd” anlayışını əhəmiyyətli dərəcədə azaltmaq olar. Pilot layihənin nəticələri bunun üçün lazımi tövsiyələrlə təmin edib”.
O qeyd edib ki, layihə B2C ticarəti istiqamətində innovativ bir addım idi:
“Pilot həllin köməyilə şirkətlər öz məhsullarını “e-Bay” və “Amazon” kimi, həmçinin Almaniyadakı digər ticarət platformalarında bir neçə klikə sata və Aİ alıcıları üçün məhsul çeşidini artıra bilirlər”.
Layihə sayəsində məlumatın “virtual anbara” avtomatik yerləşdirilməsi və elektron informasiya mübadiləsi logistika prosesini sürətləndirib, məhsul müştəriyə uğurla və tez çatıb.
“Bu layihə Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən kiçik və orta biznesin öz məhsullarını Avropa bazarlarında tanıtması üçün yeni bir alətə çevriləcək”,- deyə Babayev əlavə edib.
Qeyd edilən məqsədlərə çatmaq üçün, Aİ və Şərq Tərəfdaşlığı ölkələri arasında sərhədlərarası ticarət zamanı e-kommersiya qaydaları tətbiq olunmalıdır. Əks halda müxtəlif qaydalar elektron ticarət əməliyyatlarını çətinləşdirən maneələr yaradır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və rəqəmsal inkişaf
şöbəsinin rəhbəri Rəşad Əzizovun sözlərinə görə, ölkədə e-ticarətin inkişafı üçün il sonunadək yeni imkanlar yaradılacaq, hansı ki, nəticədə e-kommersiya və elektron logistika vasitəsilə ixrac prosedurları sadələşəcək, sərhəd gecikmələri azalacaq, əməliyyatların şəffaflığı və təhlükəsizliyi artacaq, saxtakarlıqdan qaynaqlanan inzibati xərclər və itkilər azalacaq, həmçinin rəqəmsal iqtisadiyyatda daha təkmil rəqabətlilik yaranacaq:
“Azərbaycan Avropa ittifaqının EU4Digital təşəbbüsündə fəal iştirak edir. Bu təşəbbüsün məqsədi Aİ-nin Vahid Rəqəmsal Bazarını Şərq Tərəfdaşlığı ölkələrinə doğru genişləndirmək və iqtisadiyyatı inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, insanların həyatını yaxşılaşdırmaq və biznesi dəstəkləmək üçün rəqəmsal iqtisadiyyatın və cəmiyyətin potensialını artırmaqdır. Hazırda geniş miqyasda virtual anbar həllinin icrası üçün tövsiyələr hazırlanmaqdadır”.
Aİ hazırda elektron ticarət üçün yeni qaydaları (e-ticarətdə ƏDV paketləri - 2021) təqdim etməkdədir. Pilot layihənin bir digər məqsədi məhz Şərq Tərəfdaşlığı ölkələrindəki e-kommersiya iştirakçılarını bu yeni qaydalara və gələcəkdəki paralel dəyişikliklərə hazırlamaqdır.
“Artıq Aİ-də elektron kommersiya üzrə ƏDV paketinin tətbiqinə başlanılıb. Yeni qaydalar Aİ ölkələri ilə ticarətə təsir edir. Bunun kimi layihələrin icrası Şərq Tərəfdaşlığı ölkələrində yeni sərhədlərarası qaydaların, həmçinin e-kommersiya standartlarının təqdimatına gətirib çıxaracaq. Beləliklə, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında sərhədlərarası ticarət artacaq”, - deyə, Əzizov qeyd edib.
EU4Digital təşəbbüsünün e-kommersiya mütəxəssisi Ruta Salvit-Tamosiuniene bildirir ki, məqsəd elektron ticarətin hazırda Avropada yaratdığı mövcud imkanları Şərq Tərəfdaşlığı ölkələrində də genişləndirməkdir:
“Layihə elektron ticarət həllərinin Şərq Tərəfdaşlığı ölkələrində necə təqdim oluna biləcəyini, Aİ və Şərq Tərəfdaşlığı ölkələri arasında uğurlu elektron ticarətə necə başlana biləcəyini qiymətləndirir. Elektron ticarət biznes, istehlakçılar və pərakəndə satıcılar üçün yeni imkanlar təklif edir. Məqsəd Şərq Tərəfdaşlığı ölkələrində elektron ticarəti Avropa standartları və beynəlxalq standartlar əsasında inkişaf etdirə bilmək üçün nəyə ehtiyac olduğunu öyrənməkdir”.
O əlavə edib ki, Ai və Şərq Tərəfdaşlığı ölkələri arasında elektron ticarəti daha da inkişaf etdirmək üçün ciddi planlar var. Bunun üçün Şərq Tərəfdaşlığı ölkələrinin Aİ ilə sərhədlərarası elektron kommersiyanın 50 faizə qədər artırılması üçün e-ticarətin normativ-hüququ bazası ilə uyğunlaşma da daxil olmaqla, Aİ özünün 2020-ci il sonrası Şərq Tərəfdaşlığı prioritetləri üçün hədəf müəyyən edib. Avropa Komissiyasının strateji sənədlərində qeyd olunduğu kimi iki region arasında onlayn ticarətin 50 faiz artacağı gözlənilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri