Yarandığı gündən etibarən özünə xeyli istifadəçi auditoriyası toplayan Facebook bu aktuallığını hələ də davam etdirir.
Facebook sosial şəbəkəsi 2004-cı il fevralın 4 də Harvard universitetinin tələbəsi Mark Zukerberq tərəfindən tanışlıq və bilgi məqsədiylə yaradılıb. İlk vaxtlar Harvardın tələbələri üçün nəzərdə tutulan bu sosial şəbəkə sonradan bostonda yerləşən məktəbləri də özünə cəlb etməyə başladı. Daha sonra isə regiondakı bütün təhsil müəssisələri Facebook-la tanış oldular. Şagirdlər sosial şəbəkəyə daxil olmaq üçün oxuduqları məktəbin elektron poçtundan istifadə edirdilər. 2006 -cı ildən etibarən isə Facebook-da yaş həddi tətbiq olundu.
Bu gün Facebook dünyanın ən çox istifadə edilən sosial şəbəkələrindən biridir.
Bu günə kimi Facebook-da bir sıra dəyişikliklər edilib. Şəbəkənin dizaynı dəyişdirilib, yeni funksiyalar və imkanlar əlavə olunub. Hətta elə dəyişikliklər olub ki, onların bəziləri istifadəçilərin narazılığına da səbəb olub. Son illərdə Facebook-a videozəng funksiyası da əlavə olunub.
Bəs görəsən bunlarla yanaşı istifadəçilər dünyanın məşhur sosial şəbəkəsində hansı funksiyaların olmağını və olmamağını istəyirlər?
Aktiv Facebook istifadəçisi, jurnalist Natiq Cavadlı hesab edir ki, Facebook-da arxiv olsaydı daha yaxşı olardı: “Arxiv funksiyasının olmasını istərdim. Məsələn bir neçə ilin statuslarını tapa bilərdin orada”.
Ölkə.az saytının müxbiri Fatimə İbrahimova isə görənlər siyahısından danışır: “Hamıya bəllidir ki, paylaşdıqlarımızı görüb, amma müəyyən səbəblərə görə, "like" etmədən ötüb keçənlər olur. İstəyərdim ki, statusumu, həmçinin şəklimi görənləri "facebook"-da görə bilim. Yəni aşağıda bir paneldə sadəcə görənlərin (reaksiya vermədən keçənlərin ) də siyahısı olsa əla olardı.
Tələbə Aysel Əlihüseyn Facebook-da like funksiyası ilə yanaşı dislike ( xoşlamamaq ) funksiyasının da olmasının tərəfdarıdır: “Bir paylaşıma yalnız müsbət və ya neytral münasibət bildirmək olur. Mənfi də olmalıdır”.
Aktiv Facebook istifadəçisi, gənc fəal Ramin Hacılı Facebook-dakı qruplardan narazı görünür: “İçib status, şərh yazanların postlarını redaktə etmək imkanı verilsə yaxşı olardı. Onun əvəzində isə qruplara kim istəsə başqasını icazəsiz daxil etmə funksiyasını ləğv etsinlər”.
İstifadəçi, fotomüxbir Rasim Həmidi hesab edir ki, Facebook-da "əlvida" düyməsi olmalıdır ki. Fikrini isə belə izah edir: “Həmin düyməyə klikləyəndən sonra bir də istifadə etdiyin IP ilə ora daxil ola bilməyəsən”.
Bakı Dövlət Universitetinin tələbəsi Səbinə Xankişiyeva isə qeyd edir ki, ümumiyyətlə Facebook olmamalıdır.
Başqa bir tələbə Gülgün İsmayılova isə Facebook-un bütün funksiyalarından razıdır: “Hazırda olanlar yaxşıdır, əlavə heçnə olmasın. Sadəcə mesaj göndərəndən sonra görüldü və ya görülmədi funksiyası olmasa daha yaxşı olar”.
Tələbə Elvin Mahmudov deyir ki, Facebook-u kim yaradıbsa, yeni funksiyaları da o tapsın: “Ümumiyyətlə Facebook hər dəfə yeniləndikcə bu bizə ziyana işləyir. Belə xüsusi olaraq istədiyim bir funksiya yoxdur, bu onların işidir, əziyyət çəkib funksiyanı da onlar tapsın. Onu da mı biz deyək?!”.
Jurnalist Lalə Hafiz Facebook səhifəsinə baxanları bilmək istəyir: “İstərdim ki, telefonla Facebook-a daxil olan zaman profilimə baxanlar bilinsin, yəni profilə kimsə daxil olan zaman mənə bildiriş gəlsin”.
İT sahəsində çalışan Ellada Mustafayeva hesab edir ki, fərdi funksionallıq artsa daha yaxşı olar: “Yəni maraqlara görə paylaşımlar üçün Facebook avtomatik olaraq auditoriyanı müəyyənləşdirə bilsin .
İT mütəxəssis Elxan Elmanoğlu isə Facebook-da bu funksiyaların olmasını lazım olduğunu vurğulayır: “Səslə post paylaşılmağını və şəbəkənin adına uyğun kitabxana bölməsi yaradılaraq pdf formatında kitabların yerləşdirilməsini istəyərdim. Həmçinin hər kitabın ya başlanğıcında ya sağında ya da solunda oxuduqdan sonra suallar olsun. Bir növ Test kimi. Verilən cavablar ya xal, ya bal, hər hansı qiymətləndirilmə ilə istifadəçinin profilində qeyd edilsin. Gözə çarpacaq yerdə və ölçüdə profilimizdə, filan kitabdan filan xal . Sualları elə biz istifadəçilər də tərtib etsək olar, rəhbərlik tərəfindən təsdiqlənəndən sonra sualların arasına düşsün. Elə pdf kitabları da biz yükləyə bilək . Məsələn mən bir azərbaycanlı kimi azərbaycanca tapdığım pdf kitabı yükləyim, suallar tərtib edim, rəhbərlik təsdiq etsin, hərə necə gəldi tərtib edib yükləməsin”.
Jurnalist Məltəm Talıbzadə deyir ki, Facebook-da mesajların oxunma vaxtının görünməsi ləğv olunsa yaxşı olar: “Bəzən mesajları görürük, amma həmin an cavab yaza bilmirik. Dostlar da əksər vaxt anlayışlı yanaşmırlar. Bundan incəyən və küsənlər də olur”.
Nəcəf Nəcəfli
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri