Fariz Cəfərov: “4SIM Azerbaijan” süni intellektin böyük dil modellərinin tətbiqi üzərində işləyir

10-09-2024 / 15:41

Hazırda “4SIM Azerbaijan” ölkəmizdə süni intellektin (AI) böyük dil modellərinin tətbiqi üzərində işləyir.

Xeberler.az məlumat verir ki, bunu “Chain Reaction 2024” forumu çərçivəsində “Başlanğıcdan innovasiyaya. Kriptovalyuta bazarlarının yolu” adlı paneldə çıxışı zamanı “4SIM Azərbaycan” şirkətinin icraçı direktoru Fariz Cəfərov deyib.

O əlavə edib: “Biz keçən il Azərbaycan üçün rəqəmsal iqtisadiyyat strategiyasını hazırlamağa başladıq. Artıq iş prosesi başa çatıb və 2030-cu ilə qədər həyata keçiriləcək 51 əsas təşəbbüsü müəyyən etmişik. Bu təşəbbüslər “Sənaye 4.0” konsepsiyası çərçivəsində insanların bacarıqlarının artırılmasına, infrastrukturun modernləşdirilməsinə və biznesin rəqəmsallaşdırılmasına yönəlib. Biz, həmçinin Azərbaycanda iri AI dil modellərini təqdim etməyə hazırlaşırıq. İqtisadiyyatda baş verənləri və hansı dəyərlərin yaradıldığını daha yaxşı başa düşmək üçün ölkənin rəqəmsal əkizinin layihəsini yaratmağı planlaşdırırıq”.

F.Cəfərovun sözlərinə görə, böyük investisiyalar vətəndaşların davamlı təliminə yönəldiləcək – bu proqram rəqəmsal transformasiya prosesindən keçəcək və “Sənaye 4.0” layihələrində iştirak edəcək 650 müxtəlif şirkəti əhatə edəcək.

İcraçı direktor vurğulayıb: “Biz onlarda boşluqları aşkarlamaq və gələcəyə baxışı müəyyən etmək üçün diaqnostika aparacağıq, sonra transformasiya proqramları hazırlayacağıq. Eyni zamanda, hökumət ölkədə tez bir zamanda ixtisaslı kadrların hazırlanması məqsədilə vətəndaşların beynəlxalq sertifikatlarını maliyyələşdirməyə, onların xərclərini qarşılamağa hazırdır. Biz, həmçinin universitetlərlə əməkdaşlıq edirik və Azərbaycanda yeni nəsil texnologiyalar üçün əsas mərkəz yaratmağı planlaşdırırıq ki, burada bizneslər praktikada rəqəmsal olmaq üçün nələrin lazım olduğunu görə bilsinlər. “Google” ilə əməkdaşlığımız çərçivəsində GIS proqramlarını, “Apple” ilə isə tələbələrin hazırlanması üçün universitetlərlə əməkdaşlıq şəraitində dörd sertifikat mərkəzinin yaradılması layihəsini hazırlayırıq”.

O, Azərbaycanın Dördüncü Sənaye İnqilabı Mərkəzinin (C4İR) açıldığı 22 ölkədən biri olduğunu qeyd edərək, bunun ölkəmizin Dünya İqtisadi Forumunun işində fəal iştirakını təsdiq etdiyini vurğulayıb. “Bu fəaliyyət çərçivəsində biz enerji sektorunda və hətta idmanda süni intellektlə bağlı layihələr, məsələn, güləşdə süni intellektlə bağlı proqramlar həyata keçiririk. Məqsədimiz bazar sektorlarında dəyişikliklər üçün katalizator olmaq, hökumətə, biznesə və cəmiyyətin rəqəmsal dünyaya uyğunlaşmasına kömək etmək, müzakirələr və təcrübə mübadiləsi üzrə beynəlxalq ekspertləri cəlb etməkdir. Bununla yanaşı, kriptovalyutalar, blokçeyn, Web3 və “Metaverse” sahəsində təşəbbüsləri aktiv şəkildə dəstəkləyirik və onların gələcəyin rəqəmsal iqtisadiyyatında mühüm rolunu dərk edirik. “Binance” ilə əməkdaşlıq kriptovalyutalar və blokçeyn haqqında məlumatlılığın artırılmasına, həmçinin Web3 ilə bağlı universitet layihələrinin hazırlanmasına yönəlib”, - deyə F.Cəfərov əlavə edib. (AZƏRTAC)


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə