Formula 1 yarışlarında hansı texnologiyalardan istifadə edilib?

06-07-2016 / 12:10

Məlumat verdiyimiz kimi, iyunun 17-19-da Bakıda Formula-1 Avropa Gran-Pri yarışması keçirildi.

Xeberler.az olaraq beynəlxalq əhəmiyyətli yarışmanın texnoloji təminatının təşkli  ilə bağlı oxucularımıza mütəmadi məlumatlar təqdim etdik.

Qeyd etdiyimiz kimi,   Formula 1-də  rəqəmsal mühitin yaradılmasını və texnoloji imkanların tətbiqi Azərbaycanın ən qabaqcıl İT şirkəti Eurodesign-a tapşırılmşdı.

Şirkətlə bu barədə  yarışlardan öncə söhbət etmişdik.

İndi isə  Eurodesign yarışılar müddətində İKT-dən  istifadə ilə bağlı bəzi maraqları  məlumatı Xeberler.az-la paylaşıb.

Şirəktdən verilən məlumata  görə, İKT dünyada yüksək texnologiyalara ən çox söykənən idman növü olan Formula 1 üçün özəlliklə keçərlidir və  bu infrastrukturun qurulması, İT sistemlərinin idarəolunması və istismarının dəstəklənməsi Formula 1 Bakı mərhələsinin uğur qazanması üçün həlledici məqamlardan olub:

“Bakı Şəhər Halqası texnologiyalarının arxitekturası geniş spektrdə texniki və biznes tələbləri ilə fərqlənirdi.  İKT sistemi informasiya təhlükəsizliyi, maneəsiz giriş və aralıqsız müntəzəm işləmənin təmin olunması üzrə beynəlxalq standartlara cavab verməli idi. Bakıda Formula 1 Avropa Qran Prisinin effektiv və etibarlı İT infrastrukturasını quraşdırdıqda Eurodesign şirkətinin mütəxəssisləri Bakı 2015 Birinci Avropa Olimpiya Oyunlarının hazırlıq işlərində qazandıqları nəhəng təcrübədən bəhrələndilər. İdarəetmə həllərinin keyfiyyətinin artırılmasında, informasiya mənbələrinə fasiləsiz daxilolmanın təmin olunmasında, habelə aparat və proqram resurslarının cəmləşdirilərək virtuallaşdırılması hesabına İT infrastrukturadan istifadəetmə effektivliyinin artırılmasında müxtəlif tipli İT sistemlərinin inteqrasiyasının bütün aspektləri nəzərə alınmışdı”.

Bildirilib ki,  Cisco şirkətinin Azərbaycanda Premier partner statusuna malik olan Eurodesign öz texniki həllərində son Cisco texnologiyalarını tətbiq edib və Cisco həllərinin tətbiq olunması sayəsində Bakı Şəhər Halqası trassasında müasir intellektual infrastruktura qurulub:

“Trassanın hesablama şəbəkəsinin əsasını multimedia məzmununun ötürülməsi üçün vacib olan etibarlılıq və yüksək səmərəliliyi təmin edən Cisco Catalyst 3850 və ASR 1002-X təşkil edirdi. Cisco şirkətinin yüksək sıxlıqlı Wi-Fi şəbəkələri (High-Density Wi-Fi), o cümlədən, Cisco AP 2702 simsiz daxilolma nöqtələri, Cisco Wireless Controller 5520 simsiz şəbəkəni idarəetmə və nəzarət sistemi, habelə yüksək sıxlıqlı şəbəkələr üçün nəzərdə tutulmuş xüsusi antenalar aralıqsız simsiz rabitə təmin edirdi. Cisco Unified Communications Manager, habelə Cisco ISR 4431 səs şlüzlərindən istifadə olunaraq IP-telefoniya, kommunikasiya və birgə iş təmin olundu. Cisco-nun təqdim etdiyi son nəsil texnologiyalar, habelə yüksək səviyyəli servis Eurodesign şirkəti üçün yarışların effektiv və etibarlı virtual mühitini təmin etməyə zəmin yaratdı”.

Məsələ ilə bağlı  Cisco şirkətinin Azərbaycan nümayəndəliyinin başçısı Vladimir Orlov deyib ki, etibarlı və təhlükəsiz qoşulma sistemləri yaradaraq Cisco dünyanın dörd bir yanındakı şirkət və təşkilatlara gələcəyin rəqəmsal texnologiyalarından artıq bugün bəhrələnmək üçün şərait yaradır:

“Cisco-nun idman və əyləncə kompleksləri üçün nəzərdə tutduğu həllər yarışları inanılmaz dərəcədə cəlbedici hala gətirir, azarkeşlərə təsirini əsaslı şəkildə dərinləşdirir, idman industriyasını keyfiyyət baxımından daha üstün səviyyəyə qaldırır. Layihələrimiz artıq dünyanın 40-dan artıq ölkəsində yerləşən 350 stadionda tətbiq olunur. Bunun sayəsində dünyada yüzlərlə milyon azarkeşlə yanaşı Azərbaycanlı azarkeşlər də yarışlara yeni formatda tamaşa etməkdən həzz aldılar. Onu da deyim ki, Cisco həlləri 2015-ci ildə Azərbaycanda baş tutan və tarixdə ilk dəfə keçirilən Avropa Olimpiya Oyunlarının hazırlıq işlərində də tətbiq olunmuşdu. Həmin layihənin Eurodesign tərəfindən həyata keçirilməsi bizim tərəfdaşlıq əlaqələrimizin perspektivli olduğunu bir daha sübut edir”.

Onun sözlərinə görə, Formula 1 yarışları ərzində 12 terabayta yaxın verilən toplanır və əmin verilənlər təhlil edilir, nəticələr isə bolidin aerodinamikasının, əyləc sisteminin və s. təkmilləşdirilməsində istifadə olunur. Beləliklə, əldə edilən verilənlərdən ən səmərəli şəkildə bəhrələnən komanda qalib gəlir.

Qeyd edilib ki, trassada baş verənlərin şəffaflığının təmin edilməsi, bununla əlaqədar məlumatların toplanması üçün Bakı Şəhər Halqasında 39 ədəd yüksək çözümlülüklü IP kamera quraşdırılıb. Bu kameraların yaradıb ötürdüyü bütün məzmunlar yarışı idarəetmə binasında yerləşən vahid mərkəzdə cəmləşdirilib.

Yarış müdiriyyəti trassada bütün baş verən hadisələrə 18 ədəd 55 düymlük yüksək çözümlülüklü professional LED ekranlardan qurulmuş videodivarda nəzarət edib.. Videokameraların idarəolunması və kadrların təkrarlanması hər hansı kameranın ötürdüyü məzmunu və ya kadrların təkrarlanmasını videodivarın istənilən hissəsində əks etdirə bilən ən son proqram təminatı ilə həyata keçirilib.

Əsas diqqət çəkən məqamlardan biri də yarışı idarə edən komanda üçün rabitənin təşkil olunması olub. Belə ki,  Formula 1-də xüsusi marşal və yarışı idarəetmə rabitə sistemi tətbiq olunur. Bu sistem 10 qrup üzrə rabitə nəzərdə tutur, o cümlədən, flaq marşalları, trek marşalları, evakuasiya xidməti, xilasetmə xidməti, tibb və s.

Bu məqsədlə Bakıda keçirilən Formula 1 Qran Prisində TETRA standartlı rabitənin rəqəmsal trakinq şəbəkəsi qurulmuşdu. Həmin şəbəkəyə TETRA standartında işləyən 1500 radiostansiya daxil olub.

Məlumata görə, Bakı Formula 1 Avropa Qran Prisinin son asfalt təbəqəsinə asfaltın termeraturunu, induksiya düyünlərini qeydə alan xüsusi sensorlar, habelə tayminq sistemi qurmaq üçün imkan yaradan, eləcə də statistika aparmağa kömək edən sürətölçən avadanlıq yerləşdirilib.

 FOM (Formula One Management) tərəfindən təqdim olunan bütün bu atributika, o cümlədən, start işıqları və pit-leyn işıqforları sezon boyu yarışçılarla birlikdə səyahət edir. Eurodesign mütəxəssisləri tərəfindən eləcə də pit-leyn səsli siqnalizasiya sistemi və pit-stopa girən obyekt haqqında işıqlı siqnal verən sistem quraşdırılıb.

Yarış trassasındakı elektronika sadəcə komandalar və marşallar üçün deyil, eləcə də tamaşaçılar üçün nəzərdə tutulub. Bakı Şəhər Halqasında yerləşən hər tribunada səs sistemləri quraşdırılıb. Bu sistemlər sayəsində Avropa Qran Prisinin qonaqları yarış vaxtı şərhlərə qulaq asa, habelə trassada baş verənlər barədə xəbər alırdılar. Səs sistemləri sadəcə tribunalarda deyil, eləcə də media mərkəzində də quraşdırılıb. Dünyanın bir çox ölkəsindən 400-dən çox jurnalistin işlədiyi media mərkəzində FIA-nın rəsmi mətbuat konfransları keçirilib.

Tamaşaçıların Formula 1-i izləmələri  üçün tribunaların və Pit-Stopların qarşısında 15 ədəd yüksək çözümlülüklü, bəziləri 40-45 kvadrat metr olan nəhəng LED ekranlar quraşdırılıb.  Trassanın bütün obyektlərində Paddok klubunun qonaqları üçün, habelə FOM və FIA rəsmiləri, komandalar, media mənsubları və idman şərhçiləri üçün yarışın FOM tərəfindən təşkil olunmuş birbaşa translyasiyasını nümayiş etdirən televiziya sistemi quraşdırılıb. Translyasiya 350 ədəd 40 düymlük yüksək çözümlülüklü ekrandan nümayiş etdirilib.

Eurodesign şirkəti həmçinin Bakı Şəhər Halqasının www.bakucitycircuit.com rəsmi saytının yaradılması, dəstəklənməsi və onun mümkün kiberhücumlardan qorunmasını  təmin edib.  Yarış günlərində bu internet resursunda müsahibə, funksional interfeysi üzərindən istifadəçilərə aktual məlumat, son xəbərlər və yarış cədvəli təqdim olunub.

“Eurodesign şirkəti Formula 1 Avropa Qran Prisinin Bakı mərhələsində həyata keçirdiyi işlərə görə heç bir mənfi rəy almadan həm sifarişçilər, həm də trassanın İT infrastrukturasının sürətli və fasiləsiz işləməsini qeyd edən iştirakçılardan ən yüksək qiymət aldı. Belə bir dünya miqyaslı tədbirdə iştirak edən Eurodesign öz gələcək inkişafı yolunda mühüm bir addım atdı. Layihəni həyata keçirərkən şirkət maksimum səy göstərərək tədbirin səviyyəsinə layiq keyfiyyət təmin etdi. Biz ümidvarıq ki, Eurodesign-ın beynəlxalq səviyyəli İT xidmətləri səhəsində əldə etdiyi təcrübə bundan sonra Azərbaycanda artıq xoş ənənəyə çervilən dünya miqyaslı tədbirlərin keçirilməsinə öz töhfəsini verəcək”, - deyə,  Eurodesign şirkətinin texnologiyalar üzrə direktoru Rövşən Əhmədov qeyd edib.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə