“Freedom House-un Azərbaycan interneti ilə bağlı dedikləri gülüncdür”

20-09-2016 / 22:32

“Freedom House Azərbaycanın azad olmadığını, internetin qismən azad olduğunu, son 10 ildə bütün Avrasiyada demokratik idarəetmədə ən çox geridə Azərbaycanın qaldığını hesab edir. Təsəvvür edirsiniz? Bu, tamamilə gülüncdür və yəqin ki, şərh etməyə dəyməz".

Xeberler.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 20-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşündə deyib.

Dövlət başçısı Freedom House təşkilatının ermənipərəst mövqe tutduğunu bildirib: “Freedom House ermənipərəst mövqe tutduğuna və Azərbaycana davamlı hücumlar etdiyinə görə ölkəmizin onunla heç bir əlaqəsi olmayan təşkilatdır. Uzun illər Freedom House-un rəhbəri müxtəlif səbəblər üzündən Dövlət Departamentindən qovulmuş və Azərbaycanın ən fəal tənqidçilərindən birinə çevrilmiş Kramer olub.

Deyim ki, Freedom House-un hesabatlarının bizim üçün heç bir əsası yoxdur və bu təşkilatın Avropa Parlamentinin qətnaməsində qeyd olunması məndə təəccüb doğurur. Bu, qeyri-hökumət təşkilatıdır, yüzlərlə belə təşkilat müxtəlif hesabatlar dərc edir. Avrasiyada ən böyük geriləmənin Azərbaycanda olduğunu deməsi bu təşkilatın və Avropa Parlamentinin Azərbaycana münasibətini nümayiş etdirir".

Görüşdə korrupsiya halları ilə mübarizənin önəmi qeyd edilib, avropalı qonaqlar bu sahədə Azərbaycanda həyata keçirilən tədbirlərə, o cümlədən ASAN xidmət-in fəaliyyətinə böyük maraq göstərdiklərini deyiblər.

İlham Əliyev ölkədə korrupsiya ilə mübarizə istiqamətində qətiyyətli addımların atıldığını, gömrük, vergi və digər sahələrdə səmərəli islahatların artıq öz bəhrəsini verdiyini deyib, bu sahədə ASAN xidmət-in fəaliyyətinin səmərəli olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Xeberler.az

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə