Məktəblilər arasında “VIII İnformatika layihə olimpiadası”nın final mərhələsi keçirildi

12-05-2015 / 20:09

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , AMEA-nınİdarəetmə Sistemləri və İnformasiya Texnologiyaları institutları, Qafqaz Universiteti və “İstək” liseyinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “VIII İnformatika layihə olimpiadası”nın (İLO) final mərhələsi keçirildi.

Xəbərlər-ə verilən məlumata əsasən, 2008-ci ildən etibarən müntəzəm olaraq təşkil olunan olimpiada orta məktəb şagirdlərinin İKT sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəldilmiş yarışdır. Olimpiadaya “Proqramlaşdırma”, “Veb səhifə”, “Qısa film”, “Animasiya” və “Robot” kateqoriyaları üzrə ümumilikdə 70 layihə təqdim edilmişdir ki, onlardan 40-ı final mərhələsinə vəsiqə qazanmışdır.

Qeyd edək ki, yarışmada Bakı məktəbliləri ilə yanaşı, Gəncə, Lənkəran, Quba və digər bölgələrdən olan şagirdlər  də iştirak edirdi.

Qafqaz Universitetində keçirilən olimpiadanın açılış mərasimində çıxış edən universitetin rektoru Ahmet Saniç bildirdi ki: “Bu il 8-ci dəfədir keçirilən İLO-nun məqsədi orta məktəb şagirdlərinin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə marağını artırmaq, bu sahədə malik olduqları nəzəri bilikləri praktikada tətbiq etmələrini təmin edərək təcrübə qazanmalarına təkan vermək və ölkəmizdə İKT sahəsi üzrə peşəkar kadrların yetişməsinə şərait yaratmaqdır”.

Bu gün ölkəmizdə İKT sahəsində yeni layihələrin işlənib hazırlanmasına böyük önəm verildiyini dilə gətirən AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev bu istiqamətdə innovativ təfəkkürə malik gənclərin rolundan danışdı. Onun sözlərinə görə, olimpiadada təqdim olunan yüksək səviyyəli layihələr ölkəmizdə böyük elmi potensiala malik istedadlı gənclərin yetişməsinin göstəricisidir.

Ölkəmizdə İKT sahəsinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədri- İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova qeyd etdi: “Rəqabətədavamlı innovativ İKT sənayesinin inkişaf etdirilməsi məqsədilə görülən işlərin səmərəliliyinin daha da artırılması üçün İKT üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi olduqca vacibdir. Şagirdlərdə kiçik yaşlarından etibarən İKT-yə marağın yaradılması baxımından bu kimi olimpiadaların keçirilməsi böyük əhəmiyyətə malikdir”. RYTN-nin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin aparıcı məsləhətçisi Vüqar Həsənov gənclərin inkişafına dəstək verən bu kimi olimpiadaların keçirilməsinin vacibliyini qeyd edərək şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Sonra şagirdlər hazırladıqları layihələri olimpiadanın Münsiflər Heyətinin qarşısında nümayiş etdirdilər. AMEA İTİ-də layihənin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova “Proqramlaşdırma”, “Elm TV”sektorunun müdiri Xatirə Cabbarzadə “Qısa film”, proqramçı Yusif Sadıyev isə “Veb səhifə” kateqoriyası üzrə yaradılmış Münsiflər Heyətinin tərkibində iştirak edirdilər.

Təqdim olunmuş layihələr hər bir kateqoriya üzrə ayrı-ayrılıqda müəyyən olunmuş kriteriyalar üzrə qiymətləndirildi və qaliblər müəyyən olundu. Sonda qaliblərə qiymətli hədiyyələr, medallar və sertifikatlar təqdim olundu.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə