“Meta”, “TikTok” və “YouTube” gənclərdə asılılıq yaratmaqda ittiham olunur

26-01-2026 / 20:16

Gənclər arasında psixi sağlamlıq böhranını dərinləşdirdikləri ilə bağlı ittihamlarla əlaqədar “Meta Platforms”, “TikTok” və “YouTube” bu həftə məhkəmənin diqqət mərkəzində olacaqlar. Bununla da uşaqların ekran qarşısında keçirdiyi vaxtla bağlı ümummilli müzakirə yeni mərhələyə qədəm qoyur.

Xeberler.az bildirir ki, bu mühüm məhkəmə prosesi sosial şəbəkələrə sahib olan şirkətlərin öz platformalarını uşaqlarda asılılıq yaratmaq məqsədilə qəsdən hazırlayıb-hazırlamadıqlarını aydınlaşdırmağı qarşıya məqsəd qoyur.

Kaliforniya ştatının Los-Anceles dairəsi üzrə Ali Məhkəməsində baxılan konkret işin mərkəzində “KGM” ləqəbi ilə tanınan 19 yaşlı qadının hekayəsi dayanır. İddia olunur ki, o, bu şirkətlərin platformalarına cəlbedici dizayn səbəbindən aludə olub. O bildirir ki, tətbiqlər onun depressiyasını və intiharla bağlı düşüncələrini gücləndirib, bu səbəbdən şirkətlərin məsuliyyətə cəlb olunmasını tələb edir. Sosial Şəbəkə Qurbanlarının Hüquqlarının Müdafiəsi Mərkəzinin təsisçisi Metyu Berqmanın sözlərinə görə, ilk dəfədir ki, sosial şəbəkələrə sahib şirkətlər uşaqlara zərər vurmaqda ittiham edilərək məhkəmə qarşısına çıxarılacaqlar. Hazırda onun təşkilatı minlərlə oxşar işlə məşğuldur.

Məhkəmə şirkətlərin “KGM”in psixi sağlamlığına zərər vuran məhsullar təqdim etməklə səhlənkarlığa yol verib-vermədiklərini və tətbiqlərdən istifadənin onda depressiyanın yaranmasında əsas rol oynayıb-oynamadığını müəyyən etməlidir.

Məhkəmə prosesinin davam etdiyi bir vaxtda texnologiya şirkətləri məhsullarının yeniyetmələr üçün təhlükəsiz olduğunu tənqidçilərə sübut etmək üçün ölkə üzrə geniş kampaniyaya başlayıblar. Onlar valideynlərə uşaqlarının platformalardan necə istifadə etdiyinə daha çox nəzarət imkanı verən alətləri işə saldıqlarını bildirir və bu funksiyaların təşviqinə milyonlarla dollar xərcləyiblər.

2018-ci ildən “Meta” şirkəti ABŞ-ın onlarla orta məktəbində valideynlər üçün yeniyetmələrin internet təhlükəsizliyi mövzusunda seminarlara sponsorluq edir. “Screen Smart” adlanan seminarlardan biri 2024-cü ildə Los-Ancelesdə keçirilib.

“TikTok” da oxşar tədbirlərə sponsorluq edib. Şirkətin saytında verilən məlumata görə, yerli və regional valideyn komitələrinin rəhbərlik etdiyi və “Xeyirxahlıqla yarat” adlanan proqram valideynlər üçün “TikTok”un funksiyaları, o cümlədən gecə vaxtı ekran istifadəsinin məhdudlaşdırılması imkanı barədə maarifləndirici materialları əhatə edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə