Ədliyyə fəaliyyəti ilə bağlı əhalinin hüquqi biliklərinin artırılması məqsədilə Ədliyyə Nazirliyinin internet və sosial platforma səhifələrinin və media subyektlərinin imkanlarından geniş istifadə olunmaqla ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Xeberler.az -a verilən məlumata görə, yanvarın 18-də nazirliyin rəsmi feysbuk səhifəsində canlı yayımda “Notariat sahəsində aktual məsələlər” mövzusunda onlayn brifinq keçirilib.
Tədbirdə nazirliyin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin aidiyyəti məsul işçiləri – Notariat idarəsinin rəhbəri Mirağa Abbasov və böyük məsləhətçisi Seymur İsmayılov, baş idarənin Nəzarət-analitik iş üzrə qrup rəhbəri Leyla Bərxudarzadə və Azərbaycan Notariat Palatası idarə heyətinin sədri Hüseyn Məmmədov iştirak ediblər.
Brifinqdə ölkəmizin sosial-iqtisadi tərəqqisində və vətəndaşların mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həllində mühüm rol oynayan notariat institutunun inkişafı ilə bağlı görülən işlər, qanunvericilikdəki yeniliklər, bu sahədə tətbiq olunan rəqəmsal innovasiyalar barədə vətəndaşlara məlumat verilib.
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində notariusun öhdəliklərindən danışılaraq bununla bağlı ötən il qüvvəyə minmiş yeni Qanunun tələblərindən irəli gələrək müəyyən kateqoriya notariat əməliyyatlarının aparılması zamanı şəxsin gəlirinə dair məlumatın toplanması məsələsinə toxunulub. Bildirilib ki, notariat xidmətlərinin göstərilməsində məlumat toplanması funksiyası çoxillik təcrübəyə əsaslanır və yeni Qanunla müəyyənləşdirilmiş məlumatların informasiya resurslarından əldə edilməsi mümkün olduğu halda vətəndaşdan sorğulanmır. Hər hansı sənədin tələb olunması ilə bağlı notariat hərəkəti iştirakçılarının narahatlığına əsas yoxdur. Çoxşaxəli inteqrasiya imkanlarına malik “Elektron notariat” informasiya sistemi xidmətlərin operativliyinin qorunub saxlanılmasına imkan verir.
Canlı yayımda vərəsəlik hüququnun təminatı ilə bağlı Konstitusiya Məhkəməsinin 2023-cü il 26 dekabr tarixli qərarının icrasından irəli gələn məsələlər, o cümlədən vərəsəlik işlərinin rəsmiləşdirilməsində tətbiq ediləcək yeniliklərdən söz açılıb. Qeyd olunub ki, artıq vərəsəlik hüququ mirasın qəbul edilməsi müddətindən asılı olmadan təmin edilir, bu isə vərəsələrin öz konstitusion hüquqlarının təmin edilməsinə xidmət etməklə bu sahədə yarana bilən mübahisələrin qarşısının alınmasına xidmət edir.
Eyni zamanda, tikintisi başa çatmayan binaların tərkib hissələrinə münasibətdə hüquqların qeydiyyatında notariusun iştirakı barədə məlumat verilib. Qeyd olunub ki, tikinti ilə məşğul olan sahibkarlar tərəfindən təqdim olunan bölünmə planının və bu plan əsasında bağlanmış müqavilələrin notariat qaydasında rəsmiləşdirilməsi nəticəsində yeni mülkiyyətçinin xeyrinə təminat qeydinin aparılması tikintisi başa çatmamış əmlak obyektlərinin mülki dövriyyəsi üçün əlverişli şərait yaradır. Bununla bağlı sahibkarların notariuslara müraciət etmələri tövsiyə olunub.
Notariat xidmətlərinin elektronlaşdırılması ilə bağlı görülən tədbirlər, vətəndaş məmnunluğu doğuran “Mobil notariat”ın və “ƏN TEZ” xidmətin innovativ fəaliyyəti də qeyd edilib.
Diqqətə çatdırılıb ki, “Mobil notariat” tətbiqinin istifadəçiləri iki dəfə artaraq 900 minə çatıb və gündəlik 1000-1500 notariat əməliyyatları həyata keçirilir. Tətbiqin xidmət dairəsi daim genişləndirilərək ötən ildən “Mobil notariat” üzərindən artıq ikitərəfli müqavilələrin rəsmiləşdirilməsi imkanı yaradılıb və ilkin təcrübə kimi kirayə müqavilələri seçilib. Bu il digər ikitərəfli müqavilələrin də tətbiq üzərindən bağlanması imkanlarının yaradılması qarşıya qoyulan hədəflərdəndir.
Vətəndaşlar, həmçinin nazirliyin yeni innovativ məhsulu olan – əmək, maliyyə və digər resurslara qənaət etməklə istənilən yerdə virtual platforma əsasında vətəndaşlara nazirliyə videozəng vasitəsilə müraciət edərək məsafədən müxtəlif ədliyyə xidmətlərindən eyni vaxtda yararlanmaq imkanı verən “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) Xidmət barədə məlumatlandırılıb. Qeyd edilib ki, əhaliyə xidmət sahəsində ölkədə ilk dəfə bu platformada tətbiq edilən “süni intellekt” insan davranışını vizuallaşdıraraq vətəndaşla ünsiyyət qurur və sənədlərin yerindəcə əldə edilməsini təmin edir.
Yüz iyirmiyədək izləyicinin qoşulduğu canlı yayımda vətəndaşlar və media nümayəndələri ilə interaktiv formada sual-cavab sessiyası keçirilərək onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri